Accessibility links

Masallıda baş həkim, Salyanda gigiyena mərkəzinin direktoru saxlanılıb


Qandal
Qandal

Yanvarın 22-də Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərov və baş mühasibi Sətulla Məmmədov, Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru İntiqam Abışov Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Məlumatda saxlanmanın detalları barədə məlumat verilmir. Həmçinin saxlanılan şəxslərin ailə üzvləri və vəkilləri hələ şərh verməyib.

"Respublika" qəzeti 2020-ci il iyunun 20-də yazır ki, Cəlil Nəzərov respublikanın "Əməkdar həkimi" fəxri adına layiq görülüb. O, 2003-cü ilin aprel ayında Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsinə təyin edilib.

“Nəzərov 17 il ərzində əhalinin sayına görə respublikamızın iri rayonlarından olan Masallıda insanların sağlamlığı keşiyində dayanıb. Əməyi dəfələrlə Səhiyyə Nazirliyi və Masallı Rayon İcra Hakimiyyəti tərəfindən Fəxri fərmanlara layiq görülüb,” hökumət qəzeti "Respublika" yazıb.

Tənqidi nəşr sayılan "Salyanın Səsi" internet nəşri isə 2020-ci ilin aprelində yazıb ki, Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru “İntiqam Abışov haqqında yüzlərlə şikayət gəlib, hazırlaş!”

Xatırladaq ki, son illər ölkədə beşdən çox rayon icra hakimiyyəti başçısı, nazir müavinləri, onlarla digər vəzifəli şəxs korrupsiya, rüşvət, dövlət əmlakını mənimsəmə ittihamları ilə həbs edilib. Buna baxmayaraq ölkə yenə də korrupsiya indeksində yüksək olaraq qalır. Belə ki, 2019-cu il üzrə Azərbaycan Korrupsiya Qavrama İndeksində 30 balla 180 ölkə arasında 126-cı sırada yer alıb. 2018-ci ildə isə 25 balla 180 ölkə arasında 152-ci yerdə qərarlaşıb.

XS
SM
MD
LG