Accessibility links

ABŞ-da vətəndaş hüquqları hərəkatının lideri Martin Lüter Kinqin xatirə günüdür


ABŞ-da vətəndaş hüquqları hərəkatının lideri Martin Lüter Kinqin xatirə günüdür
ABŞ-da vətəndaş hüquqları hərəkatının lideri Martin Lüter Kinqin xatirə günüdür

Amerikalılar qətlə yetirilmiş vətəndaş hüquqları müdafiəçisi Matin Lüter Kinqin anadan olduğu günü qeyd edir. 50 il bundan əvvəl Kinqin Amerika Birləşmiş Ştatlarının hər yerində təşkil etdiyi dinc nümayişlər Afrika mənşəli amerikalıların bərabər hüquqlar əldə etməsinə gətirib çıxarmışdır.

Martin Lüter Kinq: “Bu gün mən Amerika xalqına və dünya xalqlarına demək istəyirəm ki, biz hərəkata başlamışıq və heç bir irqçilik dalğası qarşımızı ala bilməyəcək.”

Martin Lüter Kinq vətəndaş hüquqları uğrunda mübarizədə lider səviyyəsinə 1955-ci ildə Alabama ştatının Montqomeri şəhərində ictimai avtobuslarda irqi ayrı-seçkiliyə son qoymaq üçün hərakata başçılıq etdiyi vaxt yüksəlmişdir. “Biz, Montqomerinin zənci vətəndaşları illər uzunu avtobuslarda gördüyümüz ədalətsizliklərə qarşı qeyri-zorakı yolla mübarizə aparırıq.”

1963-cü ildə avqust ayında din xadimi olan Kinqin bərabər hüquqlar uğrunda mübarizəsi ölkə miqyasında hərəkata çevrildi. O vaxt Vaşinqtonda keçirilən mitinqdə 250 min nəfər iştirak edirdi. Kinqin başçılıq etdiyi mitinqin məqsədi qanunvericilərə irqi ayrı-seçkiliyə son qoyacaq vətəndaş hüquqlarına dair qanun layihəsini qəbul etdirmək üçün təzyiq göstərmək idi. Keçmiş vətəndaş hüquqları müdafiəçisi Rocer Vilkins Linkoln abidəsi qarşısında keçirilən mitinqdə iştirak edib. “İnsanların sanki yeni başlanğıca inandığı gözəl bir yay günü idi. Elə bil bütün ölkə bir araya gəlmişdi. Bu, həqiqətən də hiss edilirdi, həyatımda ilk dəfə Amerikada ictimai şüurun gücünü hiss etdim.”

Martin Lüter Kinq: “Mənim arzum budur ki, bir gün mənim dörd övladım dərilərinin rənginə görə deyil, onlara insani xüsusiyyətlərinə görə dəyər veriləcək bir ölkədə yaşasınlar.”

Onun qeyri-zorakı etiraz aksaiyaları və nitqləri vətəndaş hüquqları hərəkatını irəliyə apardı və bərabərlik məsələsini bütün ölkənin diqqət mərkəzində saxladı.

Kinq 1964-cü ildə Nobel Sülh mükafatına layiq görüldü. Həmin il prezident Lindon Conson Vətəndaş Hüquqları Aktına, bundan sonrakı il isə Səsvermə Hüquqları Aktına imza atdı. Bu sənədlər ictimai yerlərdə irqi ayrı-seçkiliyi qadağan etdi və qaradərililərin səsvermə hüququndan məhrum edilməsi təcrübəsinə son qoydu.

“Mən bir yerdə oxumuşdum ki, Amerikanın böyüklüyü onun hüquqlar naminə etiraz etmək hüququnu təmin etməsindədir.”

Martin Lüter Kinq sonuncu dəfə 1968-ci ildə mart və aprel aylarında Tennessi ştatının Memfis şəhərində kampaniya aparmışdı. Lakin etiraz nümayişləri gənc fəalların mağazaları talan etməyə başlaması ilə zorakı xarakter aldı. Kinq dinc nümayiş keçirmək üçün yenidən Memfisə qayıtmağa söz verdi. Lakin aprelin 4-ü o, qətlə yetirildi. “Mən arzular diyarını görürəm. Ola bilsin sizinlə oraya gedə bilmədim, amma bilin ki, bir gün gələcək, xalqımız oraya gedəcək.”

Hadisələrdən 40 il keçdikdən sonra Barak Obamanın ölkənin ilk qaradərili prezidenti seçilməsi də daxil olmaqla Marin Lüter Kinqin bir çox aruzusu gerçəkləşmişdir.

XS
SM
MD
LG