Accessibility links

Mark Behrendt: Azərbaycan rəsmilərinin opponentlərini xaricdə təqib etməsi narahatlıq doğurur [Video-Müsahibə]


Mark Behrendtlə müsahibə
please wait

No media source currently available

0:00 0:07:12 0:00

Vaşinqtonda yerləşən Freedom House beynəlxalq hüquq müdafiə təşkilatı ənənəvi "Dünyada azadlıq indeksi - 2018" hesabatını açıqlayıb. Sənəddə qeyd edilir ki, demokratiya qlobal miqyasda hücumlara məruz qalır və bütün dünyada geri çəkilir. Dünyada 196 ölkə və ərazidən 88-i azad, 58-i qismən azad, qalanları isə azad olmayan ölkə və ərazi kateqoriyasına daxil edilib. Bu il Azərbaycan "azad olmayan" 49 ölkə arasındadır. Freedom House təşkilatının Avropa və Avrasiya regionu üzrə təmsilçisi Mark Behrendt Amerikanın Səsinin Amerika icmalı proqramında hesabatda əsas tapıntılar, Azərbaycanda demokratiya və azadlıqların durumu və ABŞ-ın demokratiyanın müdafiəçisi kimi rolunun azalmasından danışıb.

Amerikanın Səsi: Hesabata əsasən, dünyanın hər bir regionunda azadlıqların kəskin şəkildə azaldığı müşahidə edilir. Dünya boyu azadlıqlar üçün əsas təhlükələr nədən ibarətdir?

Mark Behrendt: Həm avtoritar ölkələr, həm də həqiqi demokratik ölkələrdə azadlıqların azaldığı müşahidə edilir. Həqiqi demokratiyalarda azadlıqların azalması dünyada böyük təhlükədir. Başqa ölkələrin onlara nümunə kimi baxması ideyası zəifləyib. Bu da çox mühümdür. Çünki azadlıq ideyasının özü çox mühümdür. Və bu ideya zəifləyəndə, proses tez gedir və dərinləşir. Bir çox sahələrdə müxtəlif geri çəkilmələr müşahidə edilib, xüsusilə də media ilə, “saxta xəbərlər”dən geniş istifadə edilməsi ilə, ya da “saxta xəbər” ittihamları ilə bağlı. İnsanlar xəbərlərə əvvəllər olduğundan daha az inanır. Bu da azadlıqların bütün aspektlərinə təsir göstərir. Əgər sizin etibar etdiyiniz informasiya əldə etmək imkanınız yoxdursa, siz bu informasiya əsasında hərəkət edə bilməyəcəksiniz, demokratik cəmiyyətdə iştirak edə bilməyəcəksiniz.

Amerikanın Səsi: Hesabatın müəlliflərinin bildirdiyinə görə, regionda ən çox narahatlıq doğuran tendensiyalardan biri avtoritar ölkələrin dövlət sərhədlərini nəzərə almadan öz tənqidçilərini susdurmaq cəhdləri ilə bağlıdır. Hesabatda xüsusi olaraq azərbaycanlı jurnalist Əfqan Muxtarlının işi qeyd edilib. O bildirildiyi kimi Tbilisidə oğurlanıb və sərhəddən keçirilərək, Azərbaycana gətirilib, keçən həftə yerli məhkəmə tərəfindən 6 il müddətinə azadlıqdan məhrum edilib. Siz onun işini izləmisinizmi?

Mark Behrendt: İnsanların cəzalanacaqlarından qorxaraq, başqa ölkələrə getdiyi və orada müəyyən dərəcədə təhlükəsiz olduqları kimi hallar olub. Azərbaycan rəsmiləri öz opponentlərini ölkə sərhəddindən xaricdə təqib edir. Bunu cənab Muxtarlının işi ilə bağlı və Tbilisidə, Gürcüstanda və başqa ölkələrdəki fəallarla bağlı demək mümkündür. Başqa rejimlər də digər ölkələrdə bunu edir. Türkiyə də bunu edir. Rusiya Federasiyasında, Özbəkistanda da bu edilir. Bunlar olduqca böyük narahatlıq doğuran tendensiyalardır. Şübhəsiz ki, Gürcüstan kimi ölkələr, elə başqa ölkələr də, amma burada Muxtarlının işindən söhbət gedir, öz ölkələrində sığınacaq tapmış insanları müdafiə etməlidir.

Amerikanın Səsi: Azərbaycanla bağlı son il ərzində hansı əsas dəyişiklikləri qeyd edə bilərsiniz?

Mark Behrendt: Azərbaycanda ən ciddi problemlərdən biri müstəqil media ilə bağlıdır. Son illər Azərbaycanda müstəqil media qurumları bağlanıb, fəallar və jurnalistlər ölkəni tərk etməli olubı. Lakin 2017-ci ilə qədər internet informasiyanın əldə edilməsi üçün ən böyük məkan olaraq qalırdı. 2017-ci ilin mayında Azərbaycanda qəbul edilmiş qanunla ölkədə demək olar onlayn ən əsas beş müstəqil media vasitəsinə qadağa qoyulub. Bunlar Azadlıq, Azad Avropa Radiosu/Azadlıq Radiosu, kanal 13, Turan TV və Meydan TV-dir. Bu media vasitələri Azərbaycan əhalisinə müstəqil xəbərləri çatdırmaq işində irəli gedirdi. İndi isə onlar doğrudan da saxta ekstremizm ittihamları ilə bağlanıb.

İnterpolun qırmızı xəbərdarlıq sistemindən sui-istifadə halları geniş yayılıb. İnterpola üzv ölkələr çox vaxt siyasi opponentlərinin həbsinə dair order verir. Biz bu halı regionda müşahidə edirik. Belə ki, avtoritar ölkələr öz opponentlərinə qarşı hücuma bəraət qazandırmaq üçün ekstremizm arqumentindən istifadə edir.

Azərbaycanla bağlı ölkədəki həssas durumda olan əhaliyə qarşı hücumlar qeyd olunmalıdır. 2017-ci ilin sentyabrında geylərin və transgenderlərin kütləvi həbsləri baş verib. Bir çox insan həbs edilib, onlar əlaqə saxladıqları insanların adlarını verməyə məcbur edilib. Mənim fikrimcə, onların hamısı azad edilib, amma bəzilərinin izlənildiyinə dair məlumatlar verilib. Onlardan pul almaq üçün şantaj yolundan istifadə edildiyi kimi hallar olub. Bu da Azərbaycanda homofobiya ilə nəticələnib, intihar hallarının çoxaldığı müşahidə edilib. Din azadlığını da qeyd etməliyəm. Azərbaycanda 60-dan çox din məhbusu var. “Müsəlman Birliyi” hərəkatı yenidən ekstremizm ittihamları ilə qadağan edilib. Biz bu ittihamların həqiqi olduğuna inanmırıq. Azərbaycanla bağlı iki məsələni də qeyd etmək istəyirəm. Hücumlar təkcə fəallara qarşı edilmir. İndi rejimin opponentləri və onların ailələrinə qarşı hücumlar olur. Buna misal olaraq Camal Əlini göstərmək olar. O, reperdir. Ölkə xaricində yaşayır. Hökumət ona qarşı heç bir şey edə bilməyib, lakin onun 40-a yaxın qohumu bildirildiyinə görə həbsxanadadır. Daha bir nəfər Niderlandda yaşayan bodibilder Orduhan Temurxandır. O, bodibildinq haqda videolar hazırlayır, həm də eyni zamanda, prezident və onun ailəsini gülüş hədəfinə çevirir. Onun da ailə üzvləri həbs edilib. Daha bir mühüm məsələ ondan ibarətdir ki, Azərbaycanda hüquqi təmsilçiliklə bağlı yeni qanun var. Ölkədə vəkillər kollegiyasının üzvü olmayan heç bir kəsin məhbusları ziyarət etmək imkanı yoxdur. Məsələn, kollegiyanın üzvü olmayan vəkillər əvvəllər məhbusları ziyarət edə bilirdisə, indi onların bunu etmək imkanı yoxdur. Onlar bundan sonra insanları mülki məhkəmələrdə təmsil edə bilmir. Azərbaycanda vəkillər kollegiyasının cəmi 1000 üzvü olduğuna görə, ölkədə hüquqi praktika ilə çox az sayda adam məşğul ola bilər. Təəssüf ki, biz hüquq müdafiəçilərini, jurnalistləri və rejimin opponentlərini təmsil edən vəkillərin kollegiyadan çıxarıldığı hallarını müşahidə edirik. Bu da bizim 2017-ci ildə narahatlığımıza səbəb olan əsas məsələlərdən biridir.

Amerikanın Səsi: Hesabata əsasən, son ildə Amerikanın özündə demokratik standartların sürətlə zəiflədiyi prosesi gedib. Birləşmiş Ştatların yaxşı idarəçilik və insan haqları çempionu kimi statusundan geri çəkilmsiənin səbəbləri nələrlə bağlıdır?

Mark Behrendt: Bu, son yeddi ilə ərzində müşahidə etdiyimiz bir haldır. Yəni təkcə 2017-ci ildə deyil. Bunu bilmək vacibdir ki, bu hal 2017-ci ildə daha da artıb. Ən ciddi hallar deyərdim ki, media vasitələrinin etibarlılığına kütləvi hücumlar və etibarlı jurnalistlərə qarşı “saxta xəbərlər” ittihamlar və çox sayda "dırnaqarası saxta” jurnalistika"nın ortaya çıxmasıdır. Mən bundan əvvəl də qeyd etmişdim ki, əgər mediaya etibar etmirsinizsə, demokratik cəmiyyətdə iştirak edə bilməyəcəksiniz. Həm də məhkəmə orqanlarının müstəqilliyi prezidentin müxtəlif məhkəmə işlərində qəbul edilmiş qərarlarla əlaqədar şərhlərinə görə zərbə altına düşdü. Bir də Tramp administrasiyasından daha çox bizim Konqresin normal funksiya göstərə bilməməsi ilə bağlı deyilənləri qeyd edə bilərəm. Yəni Amerika demokratik siyasi sisteminin ölkənin qarşılaşdığı başlıca problemləri həll edə bilməməsi, iki partiyanın bir araya gələ bilməməsi, əməkdaşlığın olmaması, siyasi prosesin qütbləşməsi-bunlar məni narahat edən məsələlərdir.

XS
SM
MD
LG