Fevralın 21-də Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1,05 AZN səviyyəsində müəyyən edilib.
Mərkəzi Bankın qərarı ölkə ictimaiyyəti tərəfindən tənqidlə qarşılanıb. Belə ki, bahalanmadan bir neçə gün öncə rəsmilər dolların manata məzənnəsinin ilin sonunadaək tədricən 10 faiz civarında bahalaşacağı mesajını vermişdi. Ölkənin siyasi rəhbərliyi isə neftin qiymətinin ucuzlaşmasından Azərbaycan vətəndaşlarının ziyan çəkməyəcəyini, milli valyutanın məzənnəsinin sabit qalacağı barədə bəyanatla çıxış etmişdi. Amma, manatın bir gecədə, vətəndaşların gözləmədiyi bir halda 30 faizdən çox ucuzlaşması bank, iqtisadiyyat, ticarət sektorunda çaşqınlıq yaradıb. Mağazalarda nəyin neçəyə satılacağı barədə insanlar hesabat aparıb qərar verə bilmir. Bu səbəbdən də bir xaotiklik yaranıb.
Milli valyutanın dollara və avroya nisbətdə ucuzlaşması müxalifət tərəfindən də qəzəblə qarşılanıb.
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Mərkəzi Bankın manatın kəskin ucuzlaşdırması ilə bağlı qərarını qəbuledilməz sayır.
“Azərbaycan Respublikasının Mərkəzi Bankı inzibati qaydada dollara və avroya münasibətdə manatın məzənnəsində ciddi dəyişiklik aparıb. 21.02.2015-ci il tarixində valyuta məzənnələri üzrə “1 ABŞ dolları =1,05 manat” və “1 avro=1,1950 manat” nisbətini tətbiq etməklə Mərkəzi Bank manata nisbətdə dolları 33,6%, avronu 33,3% bahalaşdırıb. Bununla da, insanların cibində, evində, banklarda manatla saxladıqları əmanətlər kəskin şəkildə dəyərini itirib. Banklarda 4,4 milyard manat saxlayan əmanətçilər bir gecədə 1,4 milyard dollardan artıq ziyana düşüblər. Maaşların alıcılıq qabiliyyəti dəyərini kəskin şəkildə itirib. Ökə üzrə orta aylıq əməkhaqqı səviyyəsi 566 dollar olduğu halda, indi bu göstərici 423 dollara düşərək 143 dollar azalıb. Beləliklə, maaşların, pensiyaların, təqaüdlərin, müavinətlərin və digər manat şəklində əldə edilən gəlirlərin dollarla alıcılıq qabiliyyəti başlanğıc halında 25%-dən çox azalıb”, AXCP-nin bəyanatında deyilir.
Partiya hesb edir ki, Mərkəzi Bankın bu qərarı iri, orta, kiçik sahibkarların, müəssisə və təşkilatların banklarda, kassalarda manat şəklində saxladıqları maliyyə vəsaitlərini kəskin şəkildə dəyərdən salıb.
“Banklar milli valyuta ilə yerləşdirdikləri kreditlərə görə 4,3 milyard dollar itki veriblər. Dövlət başçısının çağırışına inanıb öz maliyyə vəsaitlərini manata çevirmiş yerli, xarici vətəndaşlar, sərmayədarlar, idxal-ixrac əməliyyatlarının iştirakçıları xeyli ziyana düşüblər”.
AXCP bildirir ki, heç bir normal ölkədə belə hadisələr baş vermir.
“Hətta, milli valyutanı ucuzlaşdırmaq gərəkirdisə də, bu, tədricən, həm də birjalarda, valyutadəyişmə məntəqərində aramala baş verməli idi. İnsanların imkanları olmalı idi ki, əllərində, hesablarında olan milli valyutanı sərbəst şəkildə istədikləri valyutaya dəyişə bilsinlər. Bu qərar məhz ona görə belə xəlvəti şəkildə həyata keçirilib ki, insanlar belə imkanlardan məhrum olsunlar”.
AXCP bəyan edir ki, ölkə sürətlə bahalaşma mərhələsinə qədəm qoyacaq. Hər şeyin qiymətləri yüksələcək. Bank kreditlərinə görə faiz dərəcələrinin yüksələcəyi şübhə doğurmur. Ticarət sistemində sabitliyin pozulması ehtimalı böyükdür. Qeyri-neft sektorunun maliyyə ehtiyaclarını qarşılamaq sahəsində çətinliklərin miqyası daha da artacaq. Əhalinin alıcılıq qabiliyyəti sürətlə pisləşəcək. O zaman, bu gecə atılmış anti-xalq addımının bütün ağırlıqlarını hamı öz üzərində daşımaq məcburiyyətində qalacaq.
Azərbaycan Xalq Cəbhəsi bildirir ki, Mərkəzi Bank bu qərarı ilə etibar və inamdan sui-istifadə etməklə, xalqa külli miqdarda ziyan vurub, dövlət-vətəndaş inamını, etimadını ciddi şəkildə zədələyib.
AXCP hesab edir ki, bu qərar xalqın dövlət səviyyəsində rəsmən aldadılmasıdır.
“Hökumət öz məsuliyyət hissini bir kənara ataraq, bu cür anti-xalq hərəkətə həm də ona görə yol verə bilir ki, özünü ictimai sorumluluqdan azad hiss edir. Ölkədə azad media və vətəndaş cəmiyyəti institutları sıradan çıxarılıb, söz azadlığı və fərqli fikirlər boğulur, siyasi müxalifət repressiya olunmaqla zəiflədilib və s. Avtoritarizmdən diktaturaya keçid alan hakimiyyət belə şəraitdə istədiyi hər cür pisliyi etməyə qadirdir.
Buna görə də Azərbaycan vətəndaşları avtoritar rejimə qarşı mübarizəyə təkcə siyasi iş kimi baxmamalı, gündəlik həyatlarının məhz bu mübarizənin nəticəsindən asılı olduğunu bilməlidirlər", bəyanatda qeyd edilir.
Müsavat Partiyasının başqanı Arif Hacılı hesab edir ki, hakimiyyət məsuliyyətsiz davranışlarına görə xalq qarşısında cavab verməlidir.
“İlham Əliyev demişdi ki, neftin qiymətinin ucuzlaşmasının Azərbaycan iqtisadiyyatına təsiri olmayacaq. Bunu Azərbaycan cəmiyyəti hiss etməyəcək. Hələ o zaman bu iddianı peşəkarlıqdan uzaq, iqtisadi qanunauyğunluqları inkar edən populist mövqe kimi qiyymətləndirdik. Həm neftin qiymətinin dünya bazarında dəyişməsi, həm də Rusiyada baş verən iqtisadi təbəddülatlar Azərbaycana təsirsiz ötüşə bilməzdi.
Amma ən pessimist proqnozlardan da irəli gedən hadisə baş verdi. Manat bir gündə dollara nisbətdə 30% ucuzlaşdı. Bu ölkədə ciddi iqtisadi sarsıntı yaradacaq bir hadisədir.
Bunu əvvəlcədən proqnozlaşdırmayan, populist bəyanatlar vermək əvəzinə baş verə biləcək iqtisadi böhranın humanitar faciə ilə nəticələnməsinin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görməyən hakimiyyət məsuliyyətsiz davranışlarına görə xalq qarşısında cavab verməlidir!”, Müsavat başqanı Arif Hacılının bəyanatında deyilir.
Xatırladaq ki. 2014-cü ilin dekabrın sonuna olan məlumata görə, MərkəziBankın strateji valyuta ehtiyatları 13 milyard 758 milyon 300 min manat olub. Mərkəzi Bank milli valyutanın qorunması üçün 2014-cü ilin 11 ayı ərzində 1 milyard 270 milyon dollar xərcləyib.
2015-ci ilin yanvarında bu xərclər 1,5 milyard dollara yaxınlaşıb. Bu, Milli Bankın valyuta ehtiyatlarının kəskin azalmasına səbəb olur. 2014-cü ildə Milli Bankın valyuta ehtiyatları 17 milyard dollar idisə, indi 13 milyard dollardır.