“İran rəsmiləri sanksiyaların ciddi olduğunu başa düşüblər ki, milləti psixoloji olaraq hazırlamaq istəyirlər. Yəni, hazır olun! Çətin günlər bizi gözləyir” - deyə, Manas Çamlı prezident Həsən Ruhaninin Qərbi Azərbaycan vilayətində sanksiyalarla bağlı ifadələrini şərh edir.
Amerikanın Səsinə danışan türk fəalın söylədiklərinə görə, İran dövlət rəsmilərinin sanksiyalara baxışı keçmişlə müqayisədə “dəyişmiş kimi görünür.”
Rəsmilərin baxışı biraz dəyişmiş kimi görünür. Keçmişdə deyirdilər ki, sanksiyaların bizə heç bir təsiri olmayıb. İndi isə, hər halda məsələni başa düşüblər.
Prezident Ruhani bu yaxınlarda Qərbi Azərbaycan vilayətinə səfəri zamanı Urmiyə və Xoy şəhərlərində söylədiyi nitqinin önəmli qismini sanksiyalar məsələsinə həsr edib. O, sanksiyaları sadəcə hökümətin deyil, İran millətinin sınağı kimi dəyərləndirib.
Qərbi Azərbaycanın Türkiyə, Azərbaycan Respublikası və İraq ölkələri ilə sərhəd qonşusu olduğuna diqqət çəkən Ruhani bu vilayətin sanksiyaları fürsətə çevirə biləcəyini irəli sürüb.
Manas Çamlının dediklərinə görə, “İran dövlət rəsmilərinin baxışı biraz dəyişmiş kimi görünür. Keçmişdə deyirdilər ki, sanksiyaların bizə heç bir mənfi təsiri olmayıb. İndi isə hər halda məsələni başa düşüblər.”
Türk fəal əlavə edir, “fürsət nə ilə yaranar? Fürsət yeni təsislərlə yaranar. Yeni fabrikalar, yeni bazar, iqtisadi baxımdan yeni şeylər olmalı... bunlar yoxdur. Mən Ruhaninin bu sözlərini hər zaman olduğu kimi İran dövlətinin hiyləgərliyi olaraq dəyərləndirirəm. Bölgə xalqını bir az da qaçaqçılığa yönləndirmək və təşviq etmək kimi görürəm bunu.”
Həsən Ruhani Qərbi Azərbaycan vilayətinin sərhəd qonşuları haqqında yaxşı sözlər dilə gətirib. O, İranın, xüsusilə Türkiyə və Azərbaycan Respublikası ilə müştərək dini, mədəni, etnik və qohumluq bağlarına sahib olduğunu vurğulayıb.
Ruhani Türkiyə və Quzey Azərbaycanı tərifləyərək Qərbi Azərbaycanda türklərin ürəyini ələ gətirməyə çalışıb.
Manas Çamlı prezident Ruhaninin bu ifadələrlə həm bölgə əhalisi, həm də qonşu ölkələrə mesaj verdiyini önə çəkir:
“Mən bu sözləri iki baxımdan dəyərləndirirəm, birincisi bu ki, Ruhani Güney Azərbaycanda milli oyanışı görür. Bu bəlkə Ruhanini məcbur edir ki, Türkiyə və Quzey Azərbaycanı tərifləsin və Qərbi Azərbaycanda türk icmasının ürəyini ələ gətirməyə çalışsın. İkincisi, Türkiyə yeni sanksiyalarda istisna edilən ölkələrdən biri olub. Ruhani bəlkə Türkiyə dövlətinə də bir mesaj vermək istəyib... Ancaq bunlar səmimilikdən uzaq sözlərdir. Çünki, biz İranın Türkiyə və Quzey Azərbaycana əsl baxışını bilirik.”