Fransada qeyri-qanuni yaşayan Mali mühacirinin Parisdə yaşayış binasının eyvanından asılı qalmış uşağı xilas etməsindən sonra, ölkədə qanuni yaşamaq üçün statusun alması prosesi sürətləndirilib.
Videoda 22 yaşlı Mamoudou Qassama eyvandan eyvana dırmaşaraq, yıxılmaq üzrə olan uşağı xilas etməsi qeydə alınıb.
Fransa prezidenti Emmanuel Makron bazar ertəsi Yelisey sarayında gənc mühacirlə görüşərək, ona şəxsən təşəkkürünü bildirib və onu “nümunəvi” insan kimi təqdim edib.
Makron Qassamanı cəsarət medalı ilə təltif edib və ona Fransa vətəndaşlığı ilə bərabər, yanğınsöndürmə idarəsində iş təklifi verib.
Bununla bərabər, Makron Fransa immiqrasiya qanunlarının sərtləşdirilməsinə dəstəyini müdafiə etdi və bildirdi ki, Qassamanı mükafatlandırmağın ölkənin immiqrasiya ilə bağlı yanaşmasına təsiri yoxdur.