Accessibility links

GAMOH lideri Türkiyəyə buraxılmayıb


Müşahidəçilər Mahmudəli Çöhrəqanlının Türkiyəyə buraxılmamasının İranın təzyiqi ilə bağlı olduğunu bildirir

Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri Mahmudəli Çöhrəqanlı Türkiyəyə buraxılmayıb.

Bu barədə APA agentliyinə, M. Çöhrəqanlı ilə Türkiyəyə gələn oğlu Alparslan Çöhrəqanlı məlumat verib.

Oğul Çöhrəqanlının dediyinə görə, noyabrın 3-də atası ilə birlikdə Münhen-Ankara təyyarəsi ilə Ankaradakı Esenboğa aeroportuna eniblər.

Ata-oğul əvvəlcə Türkiyəyə giriş vizası alıb, lakin sərhəd-keçid məntəqəsində oğul Çöhrəqanlı Türkiyəyə buraxılsa da, Mahmudəli Çöhrəqanlının ölkəyə girişinə icazə verilməyib.

GAMOH lideri geriyə, Münhenə qaytarılıb.

Agentlik bildirir ki, Türkiyədə hava limanında GAMOH liderini qarşılamaq üçün Cənubi Azərbaycandan olan yüzlərlə fəal toplaşıbmış.

M. Çöhrəqanli Türkiyədə müxalifətdə olan Milliyyətçi Hərəkat Partiyasının (MHP) noyabrın 5-də keçiriləcək fövqəladə qurultayına fəxri qonaq qismində dəvətli idi.

Dünya Azərbaycanlıları Konqresi M.Çöhrəqanlının Türkiyəyə buraxılmamasını pisləyən bəyanatla çıxış edib. “Bu Güney Azərbaycanda (İranda) yaşayan azərbaycanlıların azadlıq hərəkatına zərbədir”, deyə sənəddə qeyd edilir.

Güney Azərbaycan Milli Oyanış Hərəkatının lideri M.Çöhrəqanlı ABŞ-da mühacirətdədir. O son dəfə 6 il öncə Türkiyədə olub və bu ölkədən çıxarılıb. M.Çöhrəqanlı 6 il öncə Azərbaycan Respublikasından da səbəb göstərilmədən çıxarılıb. Müşahidəçilər GAMOH liderinin Azərbaycan və Türkiyəyə buraxılmamasının səbəbini İranın təzyiqi ilə izah edir.

GAMOH Iranda yaşayan azərbaycanlıların mədəni və siyasi muxtariyyəti uğrunda dinc mübarizə aparır. İndiyədək təşkilatın çoxsaylı üzvləri İranda həbsə atılıb, təqib və təzyiqlərə məruz qalıb.
XS
SM
MD
LG