Siyasi fəal Mahmud Bilgin Amerikanın Səsi ilə söhbətdə Güney təşkilatları arasında ittifaqlar və əməkdaşlıq platformlarının təşkili istiqamətində həyata keçirilən təşəbbüsləri dəyərləndirib. “Güney Azərbaycan Demokrat Partiyasının” başqanı son bir neçə ildə bu yöndə göstərilən cəhdlərin müsbət nəticə verdiyini ifadə edir.
Son vaxtlar türk fəallar və Azərbaycan Milli Hərəkatına mənsub təşkilatlar arasında ittifaqlaşma və birləşmə mövzusu keçmişə görə daha çox gündəmdədir. Bilgin bunun İranın daxilindəki siyasi və iqtisadi şərtlər, həmçinin bölgənin vəziyyəti ilə əlaqədar olduğunu vurğulayır.
Bu şəraitdə İrandakı cəbhələr necə olacaq? Bizim beynəlxalq güclər və bölgə gücləri ilə əlaqəmiz necə olacaq? Öz siyasi təşkilatlarımız necə yaxınlaşacaq? Bu suallar səbəb olub ki, fəallarımız ortaq fəaliyyətlərə önəm verməyə çalışırlar.
“İlk başda, İranın durumunun daha kritik olması buna səbəb olub. İranda millətlər arasında bu ümid yaşayır ki, bu hakimiyyət getmək üzərədir və bunun gələcəyi yoxdur, və rejim siyasi və ideoloji baxımından bitib. İqtisadi baxımdan sturkturu tam sual altındadır. Buna görə, altenativ nə olacaq deyə, bütün siyasi qüvvələr, hətta kütlənin içində gündəmdədir ki, gələcəkdə siyasi baxımdan biz haradayıq? Daxili məsələrdən əlavə, bölgədə baş verənlərin də təsiri var,” siyasi fəal söyləyir.
O əlavə edir, “bu şəraitdə İrandakı cəbhələr necə olacaq? Bizim beynəlxalq güclər və bölgə gücləri ilə əlaqəmiz necə olacaq, və ilk başda, təbii ki, öz siyasi təşkilatlarımızın bir-birinə yaxınlaşması nə şəkildə olacaq? Bu suallar səbəb olub ki, fəallarımız ortaq fəaliyyətlərə önəm verməyə çalışırlar.”
Keçmişdə birləşmək istiqamətində göstərilən cəhdlərin uğursuz nəticələndiyinə diqqət çəkən Mahmud Bilgin deyir ki, “əvvəllər təəssüf ki, Azərbaycanın siyasi təşkilatları yeni və gənc olduqları üçün, xüsusilə xaricdə təcrübəsiz idilər... Sonralar da bəzi təşəbbüslər oldu ki, öncədən bir iş görülmədiyi və düşüncə baxımından planların bəlli olmadığı və hissiyat əsasında birləşək dediyimiz üçün, o cəhdlər yaxşı irəli getmədilər.”
O, son bir neçə ildə birləşmək istiqamətində daha müsbət addımların atılmağa başladığını önə çəkir:
“Biz keçən 5-6 ildə çalışdıq ki, istiqlalçı, federalist və ya kültürəl fəallar olaraq hamımız birləşək. İllərdir dəyişik ölkələrdə toplantılarımız olurdu. Ancaq gördük ki, bu, nəticə vermir. Bunun tək yolu budur ki, siyasi düşüncələrə görə dəyişik platformlar ola. Yəni istiqlalçılar öz içlərində cəbhə kimi yaxınlaşalar, federalistlər və öz müqəddəratımızı təyin etmə haqqını əsas tutanlar da öz aralarında. Ondan sonra bu blokların içində dialoq getsin və ortaq nöqtələr əsasında bir birlik yaradılsın.”
Mahmud Bilginin dediklərinə görə, mövcud Güney təşkilatları sadəcə fikir və ideoloji baxışlar əsasında qurulmuş olsaydılar, onların sayı bu qədər çox olmazdı:
“Əgər biz bir normal ölkədən gəlmiş olsaydıq, demokratik bir ölkədən olsaydıq, fərqli təşkilatçılıq təcrübələrimiz olsaydı, təbii indi xaricdə fikir və ideologiya əsasında ancaq 3-4 təşkilat olardı. Yəni bu baxışlar əsasında ki, iqtiqlalçılıq, federalizm və ya demokratik bir İranda milli hüquqların yerini alması. Belə bir ölkədən gətirdiyimiz psixologiya bir prblem yaradıb. İkinci məsələ də budur ki, içimizdə mənlik problemi də çox ciddidir.”
Mahmud Bilginin başqanı olduğu GADP, “Azərbayc Öyrənci Hərəkatı” və “Azərbaycan Milli Dirəniş Təşkilatı” ilə birlikdə bir əməkdaşlıq platforması formalaşdırıblar.
Biz Güney Azərbaycan vətəni və türk milləti əsasında, Güney Azərbaycanda türk millətinin özgürlük və qurtuluşu üçün əsas çıxış yolunu milli müqəddəratımızı təyin etmə haqqının təmin edilməsində görürük
O, deyir ki, “bəzi qruplar ilə fərqli siyasi görüşlərimizdən dolayı bir araya gələ bilmədik. Bəzi qruplar ilə uzun müddət hədəflərimiz eyni olsa da, gündəlik məsələlərə dair mövqeyimiz fərqlidir.”
“Bir sıra istiqlalçı qruplar ilə ola bilər ki, uzunmüddət baxışda düşüncələrimiz eynidir. Amma bu gündəlik və indiki məsələlərdə və bu ki, hazırkı mərhələdə bizim vəzifəmiz nədir, bu nöqtələrdə fərqli düşünürük. Buna görə, o dostlarla sadəcə müəyyən milli məsələlərdə işbirliyi edə bilirik... Amma, biz kimik? Biz GADP, Azərbaycan Öyrənci Hərəkatı və Dirəniş təşkilatı olaraq gördük ki, fikirlərimiz üst-üstə düşür. Belə ki, biz Güney Azərbaycan vətəni və türk milləti əsasında, Güney Azərbaycanda türk millətinin özgürlük və qurtuluşu üçün əsas çıxış yolunu milli müqəddəratımızı təyin etmə haqqının təmin edilməsində görürük” - deyə, Mahmud Bilgin əlavə edir.