Aprelin 5- ABŞ-da yaşayan görkəmli musiqiçi, piano ustası maestro Çingiz Sadıqovun 86 yaşı tamam olub. Çingiz Sadıqovun bir neçə il bundan əvvəl Amerikanın Səsinə müssahibəsini təqdim edirik.
Çingiz Sadıqov 1929-cu ildə Şuşada anadan olub. O, 1994-cü ildən ABŞ-da San Fransisko şəhərində yaşayır. Amerikada yaşayan azərbaycanlılar arasında Çingiz Sadıqovu tam yəqinliklə çoxlarının sevimlisi adlandırmaq olar. Lakin, o təkcə diaspor üzvləri arasında populyar deyil. Çingiz Sadıqov ABŞ-ın bir sıra şəhərlərində və Kanadada konsertlərlə çıxış edib. Azərbaycanın tanınmış musiqiçisini 80 illik yubileyi münasibətilə ABŞ Konqresinin keçmiş spikeri Nensi Pelozi təbrik məktubu göndərərək təbrik edib. Məktubda maestro Çingiz Sadıqovun Azərbaycan xalqının fərəh mənbəyi olmaqla yanaşı, dünya musiqisevərləri tərəfindən sevildiyi qeyd edilib.
San Fransiskoya səfər edəcəyimi biləndə, ağlıma gələn ilk fikir maestro Çingiz Sadıqovla görüşmək oldu. Amerikada onunla bir neçə dəfə konsertlərdə görüşmüşdüm, amma heç vaxt müsahibə aparmamışdım. Çingiz müəllimlə onun mənzilində görüşdük. Bakının bütün dəst-xətti ilə hazırlanmış çay süfrəsi bizi gözləyirdi. Mən artıq Çingiz müəllimin qonağı idim və söhbətimiz də hal-əhval tutmaqdan başladı.
Dilşad Əliyarlı: Necəsiniz, Çingiz müəllim, həyatınızdan razısınızmı?
Çingiz Sadıxov: Çox yaxşıyam, özümü də yaxşı hiss edirəm. Qızlarım, nəvələrim yanımdadır. Dörd nəvəm var. Qızlarımın ikisi də musiqiçidir. Həftədə bir dəfə hamımız görüşürük. Onlar yaxınlıqdakı San Xose şəhərində yaşayırlar. Belə qərara gəldik ki, yaşlananda bir-birimizdən məsafədə yaşasaq yaxşıdır. Cavanların öz işi, mənim Ceyranla öz işim var, belə bir-birimizə mane olmuruq. Bir də ki, mən bu şəhəri çox sevirəm. 15 il bundan əvvəl mən bu şəhərə gəlmişəm və bütün15 ili də burada yaşayıram.
Dilşad Əliyarlı: Doğrudan da, Çingiz müəllim nə üçün San Fransisko? Burada sizi cəlb edən nə idi?
Çingiz Sadıqov: Uzun söhbətdir. Amerikalı dostlarımız var idi. Moskvada tanış olub dostlaşmışdıq. Onlar bizi San Fransiskoya dəvət etmişdilər. Üç həftə qaldıq burada, şəhərdə çoxlu gəzdik. Sonra biz Bakıdan buraya gələndə, yenə də onların evində qaldıq. Mən "Green Card" (Amerikada daimi yaşamaq icazəsi verən sənəd) gözləyirdim. Mənə tanınmış mədəniyyət xadimi kimi xüsusi statusu olan kart verdilər. O da mənə imkan verdi ki, böyük qızımı ailəsi ilə birlikdə buraya dəvət edim. Sonra kiçik qızım da ailəsi ilə buraya köçdü. Beləliklə də hamımız burada qaldıq. Böyük qızım pianoçudur, kiçik qızım isə skripkaçı. İkisi də yaxşı musiqiçidirlər. O zaman Zaqafqaziya musiqi festivalının laureatı olmuşdular. Amma onların bir istedadı da var. İkisi də əla müəllimdir. Mən nə qədər edirəm, müəllim ola bilmirəm. Bir-iki dəfə olub yanıma gəlib deyiblər ki, Çingiz müəllim bunlara musiqi ifa etmək öyrədin. Mən də qulaq asmışam, sonra demişəm ki, sən dur, qoy mən ifa edim, sən də qulaq as. Mənim işim musiqi ifa etməkdir. Qızlarımın ikisi də, San Xose şəhərində musiqi məktəbində dərs deyir. Mən şox şadam ki, onlar burada öz sənəti üzrə işləyir. Nərgiz də, Lalə də öz sənəti ilə yaşayışını təmin edir.
Dilşad Əliyarlı: Çingiz müəllim, bəs siz necə, özünüzü musiqi ilə əhatə edə bilirsinizmi?
Çingiz Sadıqov: Bəli, bəli. Mənim burada konsertlərim olur, məni çoxsaylı tədbirlərə dəvət edirlər. Amerikanın 40-ya yaxın şəhərində konsertlərim olub. Kanadaya da dəvət olunmuşam. Amerikalılar üçün də konsert verirəm, amma daha çox məni Azərbaycan diasporu üçün konsertlərə dəvət edirlər. Amerikalılar da bizim musiqini böyük maraqla dinləyir, çox da xoşlarına gəlir. Bilirsinizmi, mən Azərbaycan musiqisini tarda, qarmonda, ya da kamançada ifa edilən kimi çalmıram. Melodiyanı saxlayıram, amma akkompaniment hissəsini, harmonizasiyasını bugünkü melodiyalara uyğunlaşdırıram. Ona görə də amerikalılar və başqa xalqlar tanış səsləri eşidəndə həmin musiqini başa düşür və melodiya onların xoşuna gəlir. Amerikalılar Azərbaycan musiqisinə etnik musiqi kimi baxmır, onu tanıdıqları müasir bir musiqi kimi qəbul edirlər. Bir dəfə konsertdə gördüm ki, bir amerikalı qadının gözlərindən yaş axır, soruşdum "sizə nə olub?" Qadın dedi ki, mən musiqini sevən bir adamam və çox musiqi dinləmişəm, amma hələ elə bir musiqi dinləməmişəm ki, sizin musiqiniz qədər adamın ürəyinə işləsin. Mən hesab edirəm ki, bütün Şərq aləmində Azərbaycan musiqisi kimi insanın ürəyindən gələn bir musiqi yoxdur.
Dilşad Əliyarlı: Çingiz müəllim, Azərbaycanla əlaqələriniz necədir? Daimi kontaktlarınız varmı?
Çingiz Sadıqov: 15 ildir buradayam və altı dəfə Bakıya getmişəm. Bu altı səfərdən üçündə Filarmoniyada konsertlər vermişəm. Böyük konsertlərim olub. Bakıda məni yaddan çıxarmırlar, unutmurlar. Məni orada sevirlər. Prezident mənə prezident təqaüdü verib. Sonra biləndə ki, Bakıda evim yoxdur, mənə ev də verdilər.
Gözüm divardan asılmış mükafatlar və şəkillərə sataşır.Müslüm Maqomayevlə səhnədə şəkil diqqətimi cəlb edir. "Yəqin ki, Rusiyada açıq havada konsertlərdən biridir,"- deyə düşünürəm. Çingiz müəlim mənim şəklə baxdığımı görüb şərh verir. "Müslümlə haralarda konsert verməmişdik! Bu da Rusiyada konsertdə çəkilib. Bəzən səhnəyə çıxıb bir-birimizə baxırdıq, sonra mən başlayardım pianoda ifa etməyə, o da oxuyurdu. O qədər bir yerdə işləmişdik ki, bir-birimizi sözsüz başa düşürdük. Gözəl vaxtlar idi."
Dilşad Əliyarlı: Sizin həyatınız Azərbaycanın ən məşhur musiqiçiləri ilə birgə keçib. Bu illəri xatırlayanda, o insanları düşünəndə nələr yada gəlir, ürəyinizdən nələr keçir?
Çingiz Sadıqov: Bilirsinizmi, hamısını yada salıram, hər şey qəlbdən gəlir, ürəkdən keçir. Bakıda elə bir müğənni yoxdur ki, mənimlə işləməsin. Bülbüldən tutmuş, ən gənc ifaçılara qədər hamısını pianoda müşayiət etmişəm . Amma, heç yadımdan çıxmır, Akif İslamzadə lap təzə-təzə oxumağa başlamışdı, mən də Azkonsertin bədii rəhbəri idim. Nazir mənə zəng etdi ki, axşam Heydər Əliyevin qonağı olacaq, yaxşı bir konsert təşkil etmək lazımdır. Dedim yaxşı. Akifi də çağırdıq. Akifin oxumağı mənim yaman xoşuma gəlirdi. Akif də o zaman xalq çalğı alətləri ansamblı ilə oxuyurdu. Birdən mənə dedi ki, Çingiz müəllim, bu gün məni sən müşayiət et. Dedim: "Akif, sən axı muğam oxuyursan, mən də muğam ifa etmirəm." Dedi ki, yox, ansamblla oxumayacam, ikicə mahnı oxuyacam. Bir "Sarı Gəlin", biri də "Aman Ovçu". Bax, bu iki mahnını. Dedim "axı niyə?", dedi ki, sonra deyərəm. Pianoda çaldım. Heydər Əliyevin çox xoşuna gəldi, Akifi çağırdı, əlini sıxdı.
Konsert qurtardı, indi avtobusa minmişik, avtobus hamımızı evimizə aparır. Dedim: "Akif, bu sirrdən məni agah elə görüm. Sən niyə istədin ki, mən səni müşayiət edim." Dedi ki, Çingiz müəllim, Azərbaycanda nə qədər oxuyan var, hamısı sənin əlinin altından keçib adam olub, mən də dedim ki, mən də oxuyum adam arasına çıxım.
Çingiz müəllim bunu deyib ürəkdən gülür, sonra sözünə davam edir.
Çingiz Sadıqov: Bax, bu söz indiyə qədər yadımdadır. Mən sizə deyim ki, çox oxuyan olub Bakıda, Azərbaycanda, amma Akif kimi oxuyan yox idi. Akif heç kimə oxşamırdı. Əsl artist, əsl müğənni, əsl musiqiçinin qiyməti ondadır ki, o heç kimə oxşamır. Bax, Akif belə idi. O heç kimə oxşamırdı, o biriləri ona oxşamağa çalışırdı. Mənim onun oxumağından çox xoşum gəlirdi.
Dilşad Əliyarlı: Sizin üçün həyatda ən mühüm nədir?
Çingiz Sadıqov: Mənim ailə üzvlərim və musiqi. Bilirsiniz, əslinə qalanda, mühüm şeylər çoxdur. Dostluq, doğruluq, mərhəmət, bunlar mühümdür. Gərək dostluqda sədaqətli olasan, yalan danışmayasan və əlbəttə, ən yaxın adamlarının sağlamlığı və bir də mənim pianom.
Söhbətin bu yerində divara söykənmiş pianoya baxıram. Çingiz müəllim baxışlarımı tutur.Sanki öz-özümə "görəsən, Çingiz müəllim hər gün piano çalırmı" və sonra da "qonşularının yerinə olmaq istəyərdim" fikrimə cavab verir.
Çingiz Sadıqov: Doğrusunu deyim, bax, görürsünüz, pianino burada durub, aylarla yaxın getmirəm. Ovqatım təlx olanda, oturub bir az çalıram, özümə gəlirəm. Mən konservatoriyada oxumuşam. Bundan əvvəl isə Üzeyir Hacıbəyov konservatoriyanın nəzdində istedadlı uşaqlar üçün bir məktəb yaratmışdı, sonradan bu Bülbül adına məktəb oldu, amma o zaman adı belə idi. Demək, əvvəlcə, o məktəbi qurtardım, sonra konservatoriyanı bitirdim, ondan sonra isə Moskvada aspiranturaya daxil oldum. Bu illər ərzində, yəni 18 il hər gün 8 saat piano arxasında oturub çalmışam. Hər gün… Yadımdadır, 13-14 yaşlarında olanda məktəbdən gəlirdim, görürdüm uşaqlar küçədə futbol oynayır. Mən də durub beş dəqiqə onlara baxıb qalxırdım evə, yeməyimi yeyib oturardım pianonun arxasında. Günorta 4 saat, sonra da axşam 4 saat ifa edərdim. Demək olar ki uşaqlığım olmayıb. Futbol oynamamışam, uşaqlarla küçədə durmamışam, dalaşmamışam. İndi elə bir fundament var ki, hər gün məşğul olmaq lazım deyil.
Dilşad Əliyarlı: Çingiz müəllim, Amerikada özünüzü xoşbəxt hiss edirsinizmi?
Çingiz Sadıqov: Bilirsinizmi, dünyada ideal yer yoxdur. Heç bir yerdə. Hər yerdə yaxşı da var, pis də… Amerikada yaşlılar üçün hər çür imkanlar var. Burada xoşuma gələn şeylər də var, xoşuma gəlməyənlər də. İnsanların bir-biri ilə görüşməyə vaxtı olmamasını heç cür başa düşmürəm. Nəvələrim özlərini burada tam rahat hiss edir. Burada böyüyüb boya-başa çatıblar. Nəvələrimdən birinə bu yaxınlarda toy da elədik. Çox əla keçdi. Əsl Azərbaycan toyu idi, musuqisi, bütün dəm-dəstgahı ilə. Mənə gəldikdə isə artıq 80 yaşım var. Bura üçün hələ gəncəm, hətta evlənmək də olar.
Bir saat planlaşdırdığımız görüş, iki saatdan artıq çəkdi. Çingiz müəllimin baməzə, zarafatcıl tonu, gözəl yumor hissi söhbətə xüsusi bir rəng verirdi. Görüşümüzün sonunda isə Çingiz müəllim mənə yeni yazılmış iki kompakt diskini bağışladı. Disklərə qulaq asdıqca Çingiz müəllimin konsertində gözləri yaşla dolan amerikalı qadın yadıma düşdü. Başa düşdüm ki, Çingiz müəllimin çalğısına qulaq asdıqca qadın daxildəki bütün hissləri dərindən yaşayıb kövrəlmişdi, çünki həqiqətən də onun ifa etdiyi musiqi adamın ürəyinə işləyir, onun hisslərini oyadır.
Əllərinizə sağlıq, mayestro Çingiz Sadıqov!