Accessibility links

Mətbuat Şurası Elmar Hüseynovun qatillərinin tapılması xahişi ilə Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edib


Elmar Hüseynov
Elmar Hüseynov

Azərbaycan Mətbuat Şurası jurnalist Elmar Hüseynovun qətli ilə bağlı məsələnin araşdırılması, günahkarların tapılaraq cinayət məsuliyyətinə cəlb edilməsi işinin sürətləndirilməsi ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) müraciət ünvanlayıb.

Mətbuat Şurasının yaydığı məlumata görə müraciətdə bildirilir ki, şura 3 may Ümumdünya Mətbuat Azadlığı Gününə həsr olunmuş “Mətbuat azadlığı: bəşəri mahiyyət və Azərbaycan reallıqları” mövzusunda konfrans keçirib.

Toplantının iştirakçıları bu qərara gəliblər ki, “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynova qarşı 2005-ci il martın 2-də törədilmiş qətlin araşdırılması sürətləndirilməli və cinayəti törədənlər tezliklə tapılmalı, cəzalarını almalıdırlar.

Müraciətdə Elmar Hüseynovun 2005-ci il martın 2-də törədilmiş qətli ilə bağlı cəzasızlığın davam etməsinin narahatlıq doğurduğu vurğulanıb.

Bildirilib ki, jurnalistin qətli hər bir ölkənin beynəlxalq imicinə mənfi təsir göstərən hadisədir.

“Bu mənada müəyyən siyasi qüvvələrin günahkarların hələ də tapılıb cinayət məsuliyyətinə cəlb edilməmələri səbəbilə manipulyasiyalara yol vermələri də narahatlıq doğurmaqdadır.”

DTX rəisi Mədət Quliyevə ünvanlanmış müraciətdə həmçinin ölkə jurnalistikası üçün böyük önəm daşıyan məsələyə həssas yanaşılacağına inam ifadə olunub.

"Monitor" jurnalının təsisçisi və baş redaktoru Elmar Hüseynovu 2005-ci il martın 2-də yaşadığı mənzilin kandarında odlu silahla qətlə yetirilib. Hadisənin üstündən 14 il keçsə də, hələ də qətlin sifarişçiləri tapılmayıb, qətli həyata keçirən şəxslər -Tahir Xubanov və Teymuraz Əliyev elan edilsə də onların Gürcüstandan Azərbaycana gətirilməsi istiqamətində işlər aparılmayıb.

Öz növbəsində Azərbaycan hakimiyyəti dəfələrlə şübhəli şəxslərin Gürcüstandan ekstradisiyasının çətin olduğunu buna görə istintaqın davam etdirilməsinin mümkünsüz olduğunu deyir.

Ölümündən sonra jurnalistin həyat yoldaşı və azyaşlı oğlu Norveçə mühacirət edib.

Elmar Hüseynov 1967-ci il iyulun 17-də Bakıda anadan olub.

O 1995-ci ildən jurnalist fəaliyyətinə başlayıb. Həmin ildə "Trend" analitik-informasiya agentliyini, 1996-cı ildə isə "Monitor" jurnalını təsis edib. Jurnalist həmçinin, "Bakinski bulvar", "Bakinskiye vedomosti" qəzetlərinin təsisçisi idi.

2017-ci ilin aprelində Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Hüseynovun qətlinin Azərbaycanda effektiv araşdırılmaması barədə qərar verib. Bununla bağlı AİHM-a mərhum jurnalistin həyat yoldaşı Ruşaniyyə Hüseynova şikayət etmişdi. Qərarda qeyd edilir ki, hökumət Elmar Hüseynovun qətlə yetirilməsi olayı üzrə açılan cinayət işini effektiv aparmayıb. Qərara əsasən, Azərbaycan hökuməti mənəvi zərərə görə 20 min, hüquqi məsrəflərinə görə isə 10 min avro cərimələnib.

Dünyaya Baxış

Dünyaya Baxış. Kyiv Rusiyanın Ukraynaya qitələrarası ballistik raket atdığını bildirib
please wait

No media source currently available

0:00 0:11:56 0:00
XS
SM
MD
LG