Accessibility links

Mərkəzi Asiya-Qafqaz İnstitutunda Azərbaycanın ABŞ-dakı yeni səfiri ilə tədbir keçirilib


Mərkəzi Asiya-Qafqaz İnstitutu (CACI) oktyabrın 5-də Azərbaycanın ABŞ-dakı yeni səfiri Xəzər İbrahimlə söhbət təşkil edib. Tədbirdə Xəzər İbrahimlə birlikdə Mərkəzi Asiya Qafqaz İnstitunun sədri Fred Starr və institutun direktoru Svante Kornel iştirak edib. Koronavirus pandemiyası səbəbilə onlayn formatda təşkil olunan söhbətdə səfir Xəzər İbrahim Azərbaycanın regiondakı prioritetləri və ABŞ-la münasibətləri ilə bağlı fikirlərini bölüşüb.

ABŞ-Azərbaycan münasibətlərindən danışan səfir Xəzər İbrahim deyib ki, iki ölkə terrorla mübarizə, Əfqanıstanda təhlükəsizlik, enerji və islahatlar sahəsində əməkdaşlıq edib və hazırda əsas prioritet gələcək prioritetləri müəyyən etməkdir.

Xəzər İbraim bildirib ki, 2020-ci il Dağlıq Qarabağ müharibəsindən sonra region kəskin şəkildə dəyişib. Onun sözlərinə görə, bu il Qafqazdakı ölkələr müstəqilliklərinin əldə olunmasının 30 illiyini qeyd edir və hazırda artıq regionun birlikdə irəliləməsi, reinteqrasiya etməsi üçün imkan yaranıb.

“Bizə qeyri-sabitlik lazım deyil, bizim real və davamlı sülh və davamlılıq üçün iqtisadi inkişafa, firavanlığa ehtiyacımız var,” o deyib.

Müzakirə zamanı səfir Xəzər İbrahim həmçinin Türkiyə-Azərbaycan münasibətlərinə də toxunub.

O, Azərbaycanla Türkiyə arasında hər zaman qardaşlıq münasibətlərinin olduğunu deyib və bu qardaşlıq münasibətlərinin siyasət, xarici siyasət, təhlükəsizlik münasibətlərində əks olunduğunu bildirib.

Mərkəzi Asiya-Qafqaz İnstitutunun direktoru Svante Kornelin Şuşa Bəyannaməsinin formal bir alyans olub-olmadığı və Türkiyənin bununla Azərbaycana təhlükəsizik zəmanətləri verib-vermədiyinə dair sualına cavab olaraq səfir Xəzər İbrahim deyib ki, heç bir rəsmi sənəd olmadan belə, iki ölkə arasındakı ittifaq mövcud olub.

“Hətta Şuşa Bəyannaməsindən öncə belə Türkiyə və Azərbaycan bütün beynəlxalq məsələlərdə birlikdə addım atırdı,” o deyib.

Svante Kornel həmçinin Xəzər İbrahimə Türkiyə və İsrail arasında olan gərginlik fonunda Azərbaycanın hər iki ölkə ilə yaxın münasibətləri barədə sual ünvanlayıb. Cənab səfir bu suala cavab olaraq deyib ki, o, İsrail və Türkiyənin çox yaxında əvvəlki kimi yaxın münasibətlər quracağına ümid bəsləyir və bunun regionda hər kəs üçün faydalı olacağını düşünür.

“Onların əməkdaşlığı onların cəlb olunduqları regionda hər kəs üçün yalnız faydalı ola bilər," Xəzər İbrahim bildirib.

Səfir ABŞ və Minsk qrupunun regionda sülhün təmin olunması prosesində rolu ilə bağlı sualın cavabında bildirib ki, Birləşmiş Ştatlar bu prosesdən kənarda ola bilməz.

“ABŞ Ermənistanla Azərbaycan arasında münasibətləri normallaşdırmaq prosesinin içindədir”, Xəzər İbrahim bildirib.

İyulun 26-da Azərbaycan prezidenti İlham Əliyev Xəzər İbrahimin Azərbaycanın Amerika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi barədə sərəncam imzalayıb.

Xəzər İbrahim bundan öncə Azərbaycanın Türkiyədəki səfiri olub.

XS
SM
MD
LG