Rəngarəng məktəb avtobusunun sahibi Moyra Nyu Yorkda yaşayan rəssamdır. Moyra sərnişin daşıyan nəqliyyat vasitəsinin missiyasını dəyişdirərək, onu uşaqlar üçün incəsənət studiyasına çevirib.
Hər həftə sonu Bruklində yerləşən Makkaren parkının ətrafında olan incəsənət avtobusunda rəssamlıq, əl işləri, dizaynla bağlı müxtəlif vorkşoplar, dərslər keçirilir. Moyra hər həftə sonu uşaqlara yeni və maraqlı mövzularda əyləncələr. Bunlara köynək boyama, bəzək əşyaları, dekorativ əşyalar hazırlama və başqa məşğuliyyətlər aiddir.
Söhbət zamanı Moyra bu fikrə necə düşdüyünü bizimlə paylaşıb:
“Uzun illər məktəblərdə rəsm müəllimi olmuşam. Amma bununla kifayətlənmək istəmədim. Şəxsi studiyam olsun istədim. Yeni insanlarda rəssamlığa həvəs yaratmaq istəyirdim. Amma çox bahalı olduğu üçün bu rayonda emalatxana kiralamaq alımdan belə keçmirdi. Sonra bir gün parkın yanında belə bir rəngli avtobus gördüm və ağlıma batdı ki, belə bir məktəb avtobusu ala bilərəm və onu studiyaya çevirmək olar. İki uşağım var və onları tək böyüdürəm, buna görə də bu fikir mənim üçün ideal idi. Artıq 2 ildir ki, bu avtobusu emalatxanama çevirmişəm. İnsanlar böyük maraqla qarşıladı.
Hər həftə yaradıcı insanlarla fərqli əməkdaşlıqlar edirik. Məsələn, bir gün bu parkın ətrafda yaşayan insanların əl işlərini avtobusda satışa çıxarırıq. Bundan başqa, uşaqlarla köynək rəngləyirik. Canlı musiqi gecələri keçiririk. Hər kəs musiqi alətlərini gətirir və sırayla ifa edir, birlikdə mahnılar oxuyuruq. Bu avtobus təkcə mənim deyil, bu məhəllədə yaşayan insanların yaradıcı ideyalarını həyata keçirə bildiyi bir məkandır. “
Moyranın təkərli emalatxanası ilə bağlı böyük planları var. Gələcəkdə avtobusunu Amerikanın digər ştatlarına da aparmağı planlaşdırır.