Noyabrın 22-də Masallı rayon Məhkəməsi rayonun keçmiş icra hakimiyyəti başçısı Rafil Hüseynovun 7GUN.az saytının təsisçisi Cavid Şirəliyevə qarşı iddiası üzrə qərar çıxarıb.
İddiaçı Şirəliyevin onun şərəf və ləyaqətini təhqir etdiyini, işgüzar nüfuzuna ziyan vurduğunu hesab edib və 3 min manat təzminat tələb edib.
İddia üçün saytda və Facebook-da Masallı rayonunda rüşvətxorluq, korrupsiya, sosial problemlər, işsizlik haqqında bir sıra məqalələrin dərc edilməsi əsas olub.
"Məhkəmə iddianı qısmən təmin edərək, cavabdehin üzərinə iddiaçıya 300 manat ödəmək öhdəliyi qoyub" - deyə? Şirəliyev bildirib.
O, apellasiya şikayəti vermək niyyətindədir.
Cavid Şirəliyev bundan öncə həbsdə olub.
Gəncə Şəhər Ağır Cinayətlər Məhkəməsi jurnalisti hədələmək yolu ilə rüşvət tələb etmə ittihamı ilə təqsirli bilib və o, 2016-cı il mayın 22-də 5 il müddətinə azadlıqdan məhrum edilmişdi.
2017-ci ilin avqustunda cinayət işinə baxış yenidən apellyasiya instansiyasına qaytarılıb. Gəncə Apellyasiya Məhkəməsi Ali Məhkəmənin qərarından yeddi ay sonra 2018-ci ilin yanvarında işin təkrar baxışına başlayıb və 4 ay sonra aprelin 24-də jurnalisti azadlığa buraxıb.