Bakının Səbail Rayon Məhkəməsi hakim İlkin Rüstəmlinin sədrliyi ilə REAL Partiyasının fəalı Emin Babayev barəsində 200 manat cərimə qərarı çıxarıb.
Bu barədə REAL Partiyasının Məclis sədri Azər Qasımlı Amedikanın Səsinə bildirib.
Emin Babayev İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsilə (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) cərimələnib.
REAL-ın icra katibi Natiq Cəfərli isə Amerikanın Səsinə bildirib ki, mayın 4-də Babayevə iki nəfər yaxınlaşaraq polis bölməsinə getməsini istəyib. Polis bölməsində onun barəsində "küçədə nalayiq ifadələrlə telefonla danışarkən polisin qanuni tələblərinə tabe olmaması" ilə bağlı protokol tərtib edilib, amma ona ünvanlanmış sualların çoxu sosial şəbəkələrdə fəaliyyəti və REAL Partiyası barədə olub.
Mayın 4-də Emin Babayevi Səbayil Rayon Məhkəməsinə aparıblar. Hakim İlkin Rüstəmli qərarın çıxarılmasını təxirə salaraq, prosesi mayın 6-na təyin edib.
Cəfərli bildirib ki, ittihamlar həqiqəti əks etdirmir, partiya fəalının fəaliyyəti ilə bağlıdır.
Polis fəalın saxlanması ilə bağlı hələ məlumat yaymayıb.