Accessibility links

Müxalifət partiyaları Azərbaycan və Avropa İttifaqının imzalayacağı yeni saziş layihəsinin açıqlanmasını istəyir


Avropa İttifaqı və Azərbaycanın bayraqları
Avropa İttifaqı və Azərbaycanın bayraqları

Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında yeni saziş üzrə danışıqlar yaxın günlərdə başa çata bilər. Müşahidəçilər sazişin yaxın zamanda imzalanacağına inanır.

Sazişin imzalanması məsələsi ölkə hökumətinin və demokratik dəyərlərə inanan bütün icyimai-siyasi təşkilatların diqqətindədir. Azərbaycanın müxalifətdə olan siyasi partiyaları da davamlı olartaq Avropa institutlarına inteqrasiyasının dərinləşdirilməsini dəstəkləyir.

Bununla yanaşı müxalifət liderləri yeni saziş layihəsində insan hüquqlarının və Dünya Ticarət Təşkilatına üzvlük məsələsinin daha prioritet məsələ kimi əksini tapmasını istəyir.

Saziş nələri özündə ehtiva edə bilər?

Avropa İttifaqı
Avropa İttifaqı

Avropa İttifaqı və Azərbaycanın bağlayacağı saziş layihəsinin mətni hələ ictimaiyyət üşün açıqlanmayıb. Amma, Aİ-nin Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində ölkələrlə imzaladığı sazişlərə siyasi, iqtisadi, ticarət, enerji, regional təhlükəsizlik və münaqişələrlə bağlı məsələlər daxil edilib. Səndələrdə siyasi sahədə əməkdaşlıq önəmli yer tutur.

Sazişlərdə yerli məhsulların Avropa İttifaqı bazarlarına çıxışının yaxşılaşdırılması üçün ölkələrin qanunvericiliyinin və prosedurlarının Aİ-nin ən mühüm beynəlxalq ticarət norma və standartlarına uyğunlaşdırılması nəzərdə tutulur.

İnsan hüquqları və ümumilikdə fundamental azadlıqların Avropa dəyərlərinə uyğunlaşdırılması üçün real islahatların aparılması bütün sazişlərin ana xəttini təşkil edir.

Elmar Məmmədyarov: “Sazişin 90 faizi razılaşdırılıb”

Elmar Məmmədyarov
Elmar Məmmədyarov

Bu il aprelin 4-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının 16-cı iclasında çıxış edərkən saziş üzrə danışıqların tezliklə yekunlaşacağı ilə bağlı müsbət fikirdə olduğunu bildirib.

Danışıqları tezliklə yekunlaşdırmaq istiqamətində birgə imkanlarımızın mövcudluğu ilə bağlı müsbət fikirdəyəm.
Elmar Məmmədyarov, xarici işlər naziri

“Bu yaxınlarda, biz danışıqları, onun bütün 3 hissələri üzrə sinxronlaşdırmaya müvəffəq olmuşuq. Belə ki, artıq 90 faizi razılaşdırıldığına görə bu gün bizim olduqca yaxşı imkanımız var. Mən danışıqları tezliklə yekunlaşdırmaq istiqamətində birgə imkanlarımızın mövcudluğu ilə bağlı müsbət fikirdəyəm," o bildirib.

Məmmədyarov qeyd edib ki, tərəflər nəqliyyat sahəsində Avropa İttifaqı ilə ayrıca dialoqa başlayıb.

"Həmçinin biz vahid aviasiya üzrə saziş ilə bağlı danışıqlar aparırıq,"o bildirib.

Federika Moqerini: “Danışıqlar yekun və həlledici mərhələsindədir”

Elmar Məmmədyarov və Federika Mogerini-11.07.2018 - ci il
Elmar Məmmədyarov və Federika Mogerini-11.07.2018 - ci il

Avropa İttifaqının xarici işlər komissarı Federika Moqerini ümid edir ki, “çox tezliklə” Avropa İttifaqı və Azərbaycan arasında yeni ticari və siyasi razılaşmanın hazırlığı başa çatdırılacaq.

2017-ci ildən yeni saziş çərçivəsi barədə danışıqlara başlanıb.

Federika Moqerini deyib ki, Brüssel və Bakı “yeni ambisiyalı ikitərəfli sazişə” dair danışıqların “yekun və həlleci mərhələsindədir”.

Ekspertlər bildirir ki, Avropa İttifaqı ilə assosiasiya, habelə “dərin və hərtərəfli azad ticarət” sazişləri imzalamış Ukrayna və Gürcüstandan fərqli olaraq Azərbaycan Brüssellə ticarətə dair bir sıra məqamlarda mövqeyini hələ yaxınlaşdıra bilməyib.

Güclü siyasi iradə var, qalan məsələlər reallaşa bilər, odur ki, inşaallah biz bu məqsədə çata bilərik.
Federika Moqerini, Avropa İttifaqının xarici işlər komissarı

“Danışıqlar o yerdədirki, güclü siyasi iradə var, qalan məsələlər reallaşa bilər, odur ki, inşaallah biz bu məqsədə çata bilərik,” Moqerini qeyd edib.

Moqerini habelə son zamanlar Azərbaycan və Ermənistan arasında təmasların artması məsələsinə toxunub və bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli həlli təkcə iki ölkə üçün yox, bütün region üçün faydalı ola bilər.

Federika Moqerini deyib ki, o, Elmar Məmmədyarovla həm də Azərbaycanda demokratiyanın, qanunun alililiyinin və insan haqlarının vəziyyətini müzakirə edib.

“Biz Azərbaycanda vətəndaş cəmiyyətinin və insan haqları müdafiəçilərinin hərəkət məkanının hələ də məhdud olaraq qaldığını müşahidə edirik, lakin prezident İlham Əliyevin “siyasi məhbusları” əfv etməsini alqışlayırıq,” o diqqəti insan haqalrtı ilə bağlı məsələlərə də yönəldib.

İlqar Məmmədov: “REAL Avropa Birliyi ilə sənədin imzalanmasını dəstəkləyir”

İlqar Məmmədov
İlqar Məmmədov

Müxalifətdə olan REAL Partiyasının sədri İlqar Mənnədov sual edir ki, Avropa Birliyi və Azərbaycan arasında üzünmüddəli münasibətləri tənzimləyəcək sənədin tezliklə imzalanması nə üçün zəruridir?

“Əlbəttə, biz hələ o sənədi görməmişik, lakin onun demokratik dəyərlərə xidmət baxımından yaxşı olacağına bir neçə əsaslı gumanımız var.

Avropa Parlamenti ötən il qətnamə qəbul edərək birmənalı bəyan etdi ki, siyasi məhbuslar məsələsi çözülməyincə və digər demokratik irəliləyişlər təmin olunmayınca Avropa Komissiyasının imzalayacağı o sənədi qüvvəyə mindirməyəcəkdir.

Bu tələb Avropa Komissiyası üçün vacib təkandır ki, Azərbaycan hakimiyyəti ilə danışıqlar zamanı həmin mövzuda prinsipial mövqedən çıxış etsin.

Gürcüstan, Ukrayna, Ermənistan, və Moldova ilə imzalanmış eyni növdən olan sazişdən sonra bu ölkələrin heç birində “saxta” adlandıra biləcəyimiz seçki keçirilməyib. Orada seçki standartları ancaq yüksəliş yaşayıb və bunun bizdə də təkrarlanacağını düşünmək olar.

Gürcüstan, Ukrayna, Ermənistan, və Moldova ilə imzalanmış eyni növdən olan sazişdən sonra bu ölkələrin heç birində “saxta” adlandıra biləcəyimiz seçki keçirilməyib.
İlqar Məmmədov, REAL Partiyasının sədri

Ayrıca onu da vurğulayım ki, əsas məsələ təkcə demokratik dəyərlərə münasibətin o sənəddə necə əks olunacağı deyil. Həm də Azərbaycan hakimiyyətinin Qarabağ münaqişəsi məsələsində lazımi prinsipiallıq göstərib-göstərməyəcəyidir. Sənəd dərc olunandan sonra buna qiymət verəcəyik.

Sazişin qüvvəyə minməsi ikimərhələli prosesdir. İmzalanma ancaq birinci mərhələdir. Əgər indi münasib geosiyasi şərait varsa, fürsət mütləq istifadə olunmalı və sənəd imzalanmalıdır. Bu haqda ən keyfiyyətli dəyərləndirmə etmək imkanı hələ ki, ancaq hakimiyyətin əlindədir.

İkinci mərhələ – sənədin parlamentlər tərəfindən təsdiqlənməsidir. Təsdiqlənməyə (ratifikasiyaya) qədər vacib demokratik şərtlər yerinə yetirilməsə, sənədin qarşısını Avropa Parlamentində almaq olar. Biz bunun üçün uyğun kampaniya keçirə bilərik.

REAL indi imzalanmanı dəstəkləyir və Brüsseldə bununla REAL-ın təmsilçilərilə məsləhətləşmələr keçirilmişdi. Bu o deməkdir ki, Avropa Parlamentindəki ratifikasiya prosesi zamanı REAL-ın deyəcəyi söz mütləq nəzərə alınacaq. Yəni, siyasi məhbular məsələsi çözülməsə və digər (xüsusilə də seçki ilə bağlı) digər problemlər həllini tapmasa, REAL Avropa Parlamentində sənədin qarşısının alınması üçün əlindən gələni edəcək”, Məmmədov qeyd edib.

Arif Hacılı: “Sazişi Avropa İttifaqı deyil, Azərbaycan hazırlayıb”

Arif Hacılı
Arif Hacılı

Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib ki, sazişdə insan haqları, iqtisadi, mədəni əlaqələr, regional təhlükəsizlik və digər məsələlərin yer alacağı gözlənilir.

“Aİ ilə Azərbaycan arasında bağlanacaq saziş Avropa Şərq Tərəfdaşlığı Proqramında iştirak edən ölkələrlə bağlanılan sazişlərlə oxşar olsa da bir sıra fərqli cəhətlər də var.Bu saziş layihəsi Aİ-nin bundan əvvəlki ənənəsindən fərqli olaraq Aİ tərəfindən deyil Azərbaycan tərəfindən hazırlanıb. Buradan o nəticəyə gəlmək olar ki, siyasi, insan haqları və demokratiyaya aid olan məsələlər mümkün qədər məhdudlaşdırılıb.

Sazişlə bağlı müzakirələr xalqın xəbəri olmadan qapalı aparılır. Yeri gəlmişkən, bizim bu müzakirələrin şəffaflığı üçün zamanında etdiyimiz bütün cəhdlər nəticə vermədi. Avropa Parlamentinin bəzi üzvləri, Aİ-nin nümayəndələri ilə apardığımız müzakirələrdən bizə aydın oldu ki, sazişin bağlanmasını ləngidən yalnız siyasi deyil, həm də iqtisadi məsələlərdir. Azərbaycanın Dünya Ticarət Təşkilatına daxil olmaması Aİ ilə Azərbaycanın iqtisadi inteqrasiyası üçün ciddi problemlər yaradır. Təəssüf ki, bu ziddiyyətlərin necə həll olunduğu barədə də məlumat verilmir.

Aİ ilə saziş Azərbaycanda indi mövcud olan faktiki vəziyyətin davam etməsinə şərait yaratmamalı, əksinə xalqımızın hüquqi dövlət, demokratik cəmiyyət qurucuıuğu uğrunda apardığı mübarizəyə təkan verən hadisəyə çevrilməlidir.
Arif Hacılı, Müsavat Partiyasının başqanı

Aİ- nin Azərbaycanla apardığı müzakirələr faydalı olsa bu müzakirələrin nəticəsində ortaya çıxacaq sənədin mahiyyəti barədə narahatlıq üçün ciddi əsaslar var. Aİ ilə saziş Azərbaycanda indi mövcud olan faktiki vəziyyətin davam etməsinə şərait yaratmamalı, əksinə xalqımızın hüquqi dövlət, demokratik cəmiyyət qurucuıuğu uğrunda apardığı mübarizəyə təkan verən hadisəyə çevrilməlidir.

Aİ ilə sazişdə müstəqil məhkəmələrin, sərbəst toplaşma, söz və ifadə azadlıqlarının, azad seçki hüququnun təmin edilməsi, siyasi məhbus probleminin birdəfəlik həll olunması kimi məsələlərin zəruri şərt olaraq öz əksini tapması ölkəmizdə demokratik inkişaf üçün ciddi töhfə olardı. Azərbaycan xalının indiki və gələcək nəsillərinə vacib olan bu sazişlə bağlı müzakirələrin şəffaflığı təmin olunmalı, bu mövzuda geniş ictimai diskussiyaların təşkil edilməsinə nail olmaq üçün səylər artırılmalıdır,” Müsavat lideri qeyd edib.

Qubad İbadoğlu: “Avropa İttifaqı sazişin son layihəsini dərc etsin”

Qubad İbadoğlu (Foto Qubad İbadoğlunun Facebook səhifəsindən götürülüb)
Qubad İbadoğlu (Foto Qubad İbadoğlunun Facebook səhifəsindən götürülüb)

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının Azərbaycanla Avropa Birliyi arasında danışıqlara dair mövqe sənədində deyilir ki, ADR hərəkatı Azərbaycanın avro-atlantika məkanına səmərəli və hər iki tərəf üçün faydalı inteqrasiyasının tərəfdarıdır.

“BizAvropa Parlamentinin Tövsiyələrində Azərbaycanla Strateji Əməkdaşlıq Sazişinin imzalanması üçün irəli sürülən şərtlərin tam yerinə yetirilməsini vacib sayırıq. Bildiririk ki, Azərbaycan hakimiyyətinin son zamanlar islahat adı altında atdığı addımlar sistemsiz və yarımçıq xarakter daşıdığına, ictimai iştirakçılıqla müşahidə olunmadığına, işlək və effektiv icra mexanizmləri ilə təmin olunmadığına görə, hazırkı vəziyyət və gözləntilər Avropa Parlamentinin Azərbaycanla sazişin bağlanması üçün irəli sürdüyü şərtlərə cavab vermir.

Hesab edirik ki, Avropa İttifaqının əsas dəyərlərinə və hüquqlarına hörmətin təmin edilməsi istiqamətində Azərbaycan hakimiyyəti tərəfindən edilən səylər yetərincə deyildir. Odur ki, Avropa Parlamenti Azərbaycanla əməkdaşlıq və tərəfdaşlıq sazişi bağlanması üçün danışıqları aparanlara irəli sürdüyü şərtlərə əməl olunması üçün bundan sonra aşağıdakı istiqamətlərdə islahatların aparılmasına ehtiyac vardır.

Avropa Birliyinin Azərbaycan nümayəndəliyindən nəyə görə yalnız bir partiyanın nümayəndələrinin Brüssel səfərinə texniki dəstək verdiyi ilə bağlı rəsmi izahat istənilsin. Əslində belə səfərlər müxtəlif siyasi partiya və ictimai təşkilatların təmsilçiliyi ilə qrup şəklində təşkil olunmalıdır.
Qubad İbadoğlu, ADR Hərəkatının rəhbəri

1) Avropa İttıfaqı və Azərbaycan arasında saziş imzalanmamışdan əvvəl Azərbaycanda həbsdə olan siyasi məhbuslar, vicdan məhbuslarının hamısı azad olunmalı, əsas azadlıqları və dinc toplaşma azadlığının bütün formaları təmin edilməli, dinc mitinqlərin keçirilməsinə qoyulan əsassız baryerlər aradan qaldırılmalı, eləcə də hakimiyyət ali səviyyədə seçki institutlarına, qanunun alliliyiyinə etimadın bərpası, insan hüquqları və əsas azadlıqlara əməl olunması üçün dialoqa açıq olduğunu bəyan etməli və bu prosesdə müxtəlif tərəflərin iştirakına nail olmalıdır.

2) QHT-lərin dövlət qeydiyyatı kommersiya qurumlarının dövlət qeydiyyatına uyğunlaşdırılmalı, xarici hüquqi şəxsin qanuni təmsilçisi və təsisçisi üçün nəzərdə tutulan məhdudiyyətlər ləğv olunmalı, QHT-lərin fəaliyyətinə yaradılan hüquqi və tənzimləyici baryerlər aradan qaldırılmalı, QHT-lərin aldıqları qrantların və ianələrin dövlət qeydiyyatına tətbiq olunan icazə sistemi məlumatlandırma ilə əvəzlənməlidir. Bununla yanaşı Azərbaycanda azad və plüralist KİV-i dəstəkləmək üçün rəqabətli mühit yaradılmalı, diskriminasiyalar və azad mətbuatın internet vasitəsilə Azərbaycan ərazisində yayımına qoyulan bloklar aradan qaldırılmalıdır.

3) Məhkəmə sisteminin qərəzsizliyini və onun icra hakimiyyətindən asılı olmamasını təmin etmək üçün məhkəmə sistemində nəzərdə tutulan dəyişikliklərin icrasının effektivliyini artırmaq məqsədilə bu posesdə ictimai iştirakçılıq genişləndirilməli, hakimlərin seçilməsi, məhkəmənin gedişi, qərarları və ondan şikyaətlərə baxılması ilə bağlı informasiyalara çıxış, hesabatlılıq və şəffaflıq təmin edilməlidir. Bununla yanaşı əhalinin hüquqi müdafiəsinin effektivliyini və əlçatanlığını təmin etmək və müstəqil müdafiə institutlarının inkişafı üçün vəkilliyə qəbulla bağlı şifahi imtahan ləğv olunmalı, alternativ vəkillik kollegiyalarının fəaliyyətinə şərait yaradılmalı, hüquqşünaslara etibarnamə ilə təmsil hüququnu məhdudlaşdıran norma aradan qaldırılmalıdır.

4) İqtisadi cinayətlərə, korrupsiya, çirkli pulların yuyulması, vergidən yayınmaya qarşı mübarizənin səmərliliyinin artırılması üçün vəzifəli şəxslər, hakimlər, prokurorlar, parlament üzvləri tərəfindən maliyyə xarakterli məlumatların təqdim olunması ilə əlaqədar bəyannamələr ictimaiyyətə açıqlanmalıdır.

5) Avropa Birliyi ilə ticarət və investisiya əməkdaşlığının gücləndirilməsi üçün “Rəqabət Məcəlləsi” qəbul olunmalı, rəqabətin qorunmasına və istehlakçıların müdafiəsinə məsul olan dövlət instututunun müstəqilliyi artırılmalı, Azərbaycanın Dünya Ticarət Təşkilatı ilə danışıqlar prosesini sürətləndirilməli və üzvlük məsələsi yaxın 1 ildə yekunlaşdırılmaldır.

ADR Hərəkatı hesab edir ki, yuxarıda sadalanan 5 istiqamət üzrə öhdəliklər Azərbaycan hakimiyyəti tərəfindən yerinə yetirilməyincə Avropa İttifaqı ilə yeni sazişin ilkin qaydada qüvvəyə minməsinə Avropa Parlamenti razılıq verməməlidir,” mövqe sənədində deyilir.

ADR Hərəkatının rəhbəri Qubad İbadoğlu hesab edir ki, ictimai siyasi təşkilatların iştirakı ilə Azərbaycanla Avropa Birliyi arasında danışıqlara dair müzakirə təşkil edilməlidir.

“Avropa Birliyinin Azərbaycan nümayəndəliyindən nəyə görə yalnız bir partiyanın (REAL Partiyası nəzərdə tutulur-red) nümayəndələrinin Brüssel səfərinə texniki dəstək verdiyi ilə bağlı rəsmi izahat istənilsin. Əslində belə səfərlər müxtəlif siyasi partiya və ictimai təşkilatların təmsilçiliyi ilə qrup şəklində təşkil olunmalıdır. Avropa Birliyi və Azərbaycan hakimiyyəti arasında danışıqların hazırkı statusunu dair hər 2 tərəfin- Avropa İttifaqı və Azərbaycan hakimiyyəti- rəsmi mövqeyi açıqlasın və imzalanmaya təqdim olunacaq sazişin son layihəsini dərc etsin”, İbadoğlu bildirib.

Azərbaycan-Avropa İttifaqı əlaqələri

Avropa Ittifaqı-Azərbaycan biznes forumu - 18.05.2016 -cı il
Avropa Ittifaqı-Azərbaycan biznes forumu - 18.05.2016 -cı il

Azərbaycan Avropa İttifaqı (Aİ) münasibətləri 1991-ci ildə yaranıb. 1996-cı ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi siyasi dialoq, ticarət, sərmayə, qanunvericilik, elm və mədiyyət sahəsində əməkdaşlığı əhatə edir.

1998-ci ildə Aİ Azərbaycana xüsusi elçisini təyin edib. 2000-ci ildə Azərbaycanın Aİ yanında Nümayəndəliyi təsis edilib.2003-cü ilin iyul ayında Aİ Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini təyin edilib.

2004-cü ildə Azərbaycan Avropa Qonşuluq Siyasətinə, 2009-cu ildə isə onun Şərq istiqaməti üzrə çoxtərəfli əməkdaşlıq formatı olan Şərq Tərəfdaşlığı proqramına daxil edilib.

2014-cü ildə tərəflər arasında Azərbaycanın Aİ proqramlarında və agentliklərində iştirakına dair Protokol imzalanıb.

Aİ Xarici İşlər Nazirləri Şurası 14 noyabr 2016-cı ildə keçirilmiş iclasında Aİ və üzv ölkələri adından Azərbaycan ilə hərtərəfli Saziş üzrə danışıqların aparılması üçün Avropa Komissiyası və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinə mandat verib.

"Şərq Tərəfdaşlığı" Avropa İttifaqının altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir.

Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb.

2017-ci ilin noyabrında qurumla Ermənistan arasında tərəfdaşlıq sazişi imzalanıb.Ancaq, hələlik Aİ ilə Azərbaycan bu sazişi imzalamayıb.

Aİ Azərbaycanın ticarət tərəfdaşları arasında birinci yeri tutur. Rəsmi məlumatlara görə, 2016-cı ilin yanvar-sentyabr ayı göstəricilərinə əsasən Aİ-nin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 37,12 % (4.730 milyard ABŞ dolları) təşkil edib. Aİ Azərbaycanın ixracda 45.87% idxalda isə 27.89% payla ən böyük ticarət tərəfdaşıdır. Aİ-nin Azərbaycana ixracı əsasən maşınqayırma və nəqliyyat avadanlıqarı, Azərbaycanın Aİ-yə ixracı əsasən neft və qaz olmuşdur (ümumi ixracın 98%).

Cənub Qaz dəhlizi layihəsi ticarət əlaqələrinin inkişafına yeni təkan verəcək. Belə ki, layihəyə əsasən qaz kəməri vasitəsi ilə ilkin mərhələdə Avropa ölkələrinə ildə 10 milyard kubmetr qaz nəql edəcək.

XS
SM
MD
LG