Accessibility links

Müsavat Partiyası: “Abbas Lisaninin qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edirik”


Müsavat Partiyasının fəalları nümayişdə
Müsavat Partiyasının fəalları nümayişdə

“Abbas Lisani başda olmaqla İran həbsxanalarında saxlanılan bütün milli fəalların bəraət verilməklə dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edirik.”

Bu barədə Müsavat Partiyasının növbəti dəfə həbs edilmiş Abbas Lisaninin azad olunması tələbi ilə yaydığı bəyanatda deyilir.

Sənəddə bildirilir ki, İranda azərbaycanlı milli fəallara qarşı təzyiq və təqiblər davam edir.

Abbas Lisani
Abbas Lisani

“Bu günlərdə milli-mədəni fəal, azərbaycanlıların milli-mədəni hüquqları uğrunda mübarizənin liderlərindən biri Abbas Lisani İran rejimi tərəfindən növbəti dəfə həbs olunub. Bundan əvvəl də Babək qalası yürüşü və Savalan dağını ziyarət etdikləri üçün xeyli sayda azərbaycanlı fəal, o cümlədən Abbas Lisani İran məhkəmələri tərəfindən həbsə məhkum edilmişdi,” bəyanatda qeyd edilir.

Müsavat Partiyası bütün bu baş verənləri insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması, vətəndaşların milli mənsubiyyətinə görə təqib edilməsi hesab edirək qətiyyətlə pisləyir.

“Dünya azərbaycanlılarını Güney Azərbaycanda baş verən haqsızlıqlara biganə qalmamağa, orada hər cür təqib və basqı altında milli azadlıqlar uğrunda mübarizə aparan soydaşlarımızın səsinə səs verməyə çağırıram. Bu vətən bizimdir,” Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.

Onun fikrincə, Güney Azərbaycanda yaşayan milyonlarla soydaşı ən elementar hüquq və azadlıqlardan məhrum edilib.

Dünya azərbaycanlılarını Güney Azərbaycanda baş verən haqsızlıqlara biganə qalmamağa, orada hər cür təqib və basqı altında milli azadlıqlar uğrunda mübarizə aparan soydaşlarımızın səsinə səs verməyə çağırıram. Bu vətən bizimdir.
Arif Hacılı, Müsavat Partiyasının başqanı

“İran rejimi insan haqları, milli ayrıseçkiliyə son qoyulması, Azərbaycan dilində təhsil və digər mədəni-milli hüquqlar uğrunda mübarizə aparan fəallara qarşı amansız repressiya siyasətini davam etdirir. Azadlıqlar uğrunda mübarizə aparan soydaşlarımız təzyiq və təqiblərə məruz qalır, ölkədən didərgin salınır, həbs edilir.”

Müsavat başqanı deyib ki, azadlıq mübarizəsinin liderlərindən biri, son 20 ildə dəfələrlə həbs olunmuş, Beynəlxalq Amnistiya (Amnesty İnternational) Təşkilatı təfindən vicdan məhbusu elan edilmiş Abbas Lisani yenə də İran rejiminin hədəfindədir.

“Abbas Lisani üç həftədən çoxdur ki, xüsusi xidmət orqanları tərəfindən oğurlanıb. Soydaşımıza cismani cəza verildiyi, onun işgəncəyə məruz qaldığı barədə məlumatlar yayılıb. İran rejimindən Abbas Lisani və digər fəalların dərhal azadlığa buraxılmasını tələb edirəm,” Hacılı qeyd edib.

Arif Hacılı
Arif Hacılı

Abbas Lisani İran Azərbaycanının məşhur musiqi müəllimi Həsən Dəmirçinin Təbrizdəki dəfn mərasimində söylədiyi nitq səbəbilə mühakimə edilib. Milli fəal bir neçə ay əvvəl qiyabi olaraq mühakimə edildiyi məhkəmədə 10 ay həbsə məhkum edilib. O, yanvarın 5-də həbs hökmünün icrası üçün Təbriz zindanına göndərilib. O, Təbriz zindanına göndərildikdən sonra rəsmi çağırış göndərilmədən qiyabi olaraq mühakimə edilməsinin qanunsuz olduğunu önə çəkərək etiraz bildirib. Lisaninin etirazını qəbul edən hakim onu müvəqqəti olaraq sərbəst buraxıb və məhkəmənin yanvarın 15-də yenidən keçirilməsinə dair qərar çıxarıb. Yanvarın 15-də Təbriz İnqilab Məhkəmə iclasından sonra təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

HRA agentliyinin məlumatına görə, milli fəal Ərdəbil həbsxanasına köçürülüb və orada aclıq aksiyası keçirir. Fəalın ailəsinə onunla görüşmək icazəsi verilmir.

XS
SM
MD
LG