Accessibility links

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin generalı və dəstə üzvləri 14 milyon manat rüşvət almaqda təqsirləndirilir


Sabiq MTN-nin baş qərargahı
Sabiq MTN-nin baş qərargahı

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev və digər vəzifəli şəxsləri tərəfindən qanunsuz əməllərə yol verilməsi faktları ilə bağlı Baş Prokurorluqda olan cinayət işi üzrə istintaq yekunlaşdırılıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti rəsmi məlumat yayıb.

Məlumatda qeyd edilib ki, MTN-nin Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi Nizami Şirinovla bağlı başlanmış cinayət işindən Mövlam Şixəliyevin İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində külli miqdarda özgənin pul və əmlakını hədə-qorxu ilə tələb etmə, külli miqdarda rüşvət alma və sair cinayətlərinə görə ayrıca icraat ayrılıb.

Rəsmi istintaqın məlumatına vurğulanıb ki, Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.

Cinayət işi üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.

Adı çəkilən şəxslərin ailələrindən və vəkillərindən rəsmi ittihamlarla bağlı şərh almaq mümkün olmayıb.

Xatırlatma

2015-ci ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifədən kənarlaşdırıldıqdan və xüsusi xidmətlərdə kadr təmizliklərindən sonra bu nazirliyin çoxsaylı əməkdaşı həbs edilib. Sonra, 2015-ci ilin dekabrında Milli Təhlükəsizlik Nazirliyi ləğv edilib.

Həbs edilənlər fırıldaqçılıqda, mənimsəmə və israf etməkdə, qanunsuz azadlıqdan məhrum etməkdə, talançılıqda, hədələmə yolu ilə pul tələb etməkdə ittiham olunub.

Baş Prokurorluğun 2016-cı ildə “MTN işi” ilə bağlı yaydığı məlumata görə, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə səlahiyyətlərini aşma faktları ilə bağlı cinayət işi üzrə 21 şəxs Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, 19 şəxs barəsində həbs qətimkan tədbiri, 1 nəfər barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib, istintaqdan yayınan 1 şəxs barəsində isə həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilib.

Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının törətdiyi cinayət əməlləri nəticəsində hüquqları pozulmuş 57 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Onlara dəymiş ziyanın ümumi məbləğinin on milyonlarla manat olduğu müəyyən edilib.

2018-ci il aprelin 23-də Bakı Hərbi Məhkəməsi ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri - general Sübahir Qurbanov, general Teymur Quliyev, general Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri - Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə hökm oxunub.

Məhkəmənin hökmü ilə Sübahir Qurbanov 14 il azadlıqdan məhrum edilib. Digər təqsirləndirilənlər - Füzuli Əliyev 14 il, Zaur Məmmədov 10 il 6 ay, Natiq Alıyev 10 il 6 ay, Teymur Quliyev isə 12 il azadlıqdan məhrum edilib.

Hökmə əsasən, Fərhad Atayevə 3 il sınaq müddəti təyin edilməklə şərti cəza seçilib və o, məhkəmə zalında azadlığa buraxılıb.

Həmçinin iş üzrə təqsirləndirilən Natavan Mürvətovaya 5 il şərti cəza verilib, Elşad Əzizov, Eşqin Əliyev və Anar Şirəliyevin hər biri 3 il sınaq müddəti olmaqla azadlıqdan şərti məhrum ediliblər.

2017-ci il oktyabrın 30-da isə Bakı Hərbi Məhkəməsi keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi Akif Çovdarovu 12 il müddətinə azadlıqdan məhrum edib.

Məhkəmənin hökmündə Akif Çovdarovun 33 milyon manat məbləğində əmlakının dövlətin xeyrinə müsadirə olunması da əksini tapıb. Məhkəmə Akif Çovdarovun ailə üzvlərinin yaşadığı evdən başqa, digər mülklərinin zərərçəkmişlərin xeyrinə müsadirə olunması barədə qərar çıxarıb. Eyni zamanda Dövlət Təhlükəsizlik Xidmətinin təqsirləndirilən şəxslərə qarşı qaldırdığı mülki iddia 3 milyon manat səviyyəsində təmin olunub.

Məhkəmənin hökmü ilə Çovdarovun tabeliyində olan köməkçiləri Səlim Məmmədov 11, Akif Əliyev 5 il, Orxan Osmanov 4 il müddətinə azadlıqdan məhrum edilib.

2020-ci ilin aprelində prezidentin koronavirusla bağlı imzaladığı əfv sərəncamı ilə keçmiş MTN-nin idarə rəisləri olmuş Akif Çovdarov və Sübahir Qurbanov yaşları ilə əlaqədar əfv olunub.

XS
SM
MD
LG