Lutskda girovlar sərbəst buraxılıb, avtobus sərnişinlərini girov saxlayan şəxs isə saxlanılıb. Bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin rəhbəri Arsen Avakov açıqlama verib.
Bir müddət öncə Ukrayna Prezidenti Volodimir Zelenski Lutskda avtobus sərnişinlərini girov götürən şəxsin tələbini yerinə yetirib və hamını heyvanların insanlar tərəfindən istismarı haqda "Zemlyane" filmini izləməyə çağırış etdiyi video müraciət açıqlamışdı.
"Hamı 2005-ci ildəki "Zemlyane" filminə baxmalıdır" - deyə, Zelenski video müraciətdə bildirib.
Ukraynanın Daxili işlər naziri Arsen Avakov uzun sürən danışıqlar nəticəsində Lutskda tutulan üç girovun azad edildiyini açıqlamışdı.
Ukraynanın qərbindəki Lutsk şəhərinin mərkəzindəki Teatralnaya meydanında bir nəfər Kovelyadan Maryanovka və Krasnilovka kəndləri istiqamətində hərəkət edən avtobusun sərnişinlərini girov götürüb. Bu barədə Volın bölgəsinin polisi məlumat verib. Avtobusu qaçıran şəxsin polisə atəş açdığı və partlamamış qumbara atdığı bildirilib.
"Ərazidə "Girov" əməliyyat planı tətbiq edilib. Şəhər mərkəzinin ərazisi vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə bağlanıb. Bütün polis xidmətləri yerində işləyir" - deyə, Ukrayna Daxili İşlər Nazirliyinin nümayəndələri əlavə edib.
Avtobusda 10 nəfər sərnişinin olduğu təxmin edilir.
"Volinsky Novin" saytında xəbər verilir ki, avtobus Dubno Revonsk bölgəsindən olan, əvvəllər məhkumluğu olmuş Maksim Krivoş tərəfindən ələ keçirilib. Ukrayna Daxili İşlər Nazirliyi də sözügedən şəxsin iki dəfə məhkum olunduğunu bildirib. Milli Polis Cinayət Axtarış İdarəsindən verilən məlumata görə, o, psixiatrik müalicə alırdı. Unian xəbər verir ki, 2014-cü ildə Krivoş Maksim Plokoy təxəllüsü ilə "Cinayətkarın fəlsəfəsi" kitabını az tirajla çap etdirib. Burada o özünün çətin kriminal həyatından bəhs edərək, özünü Allahla müqayisə edir və qarışıq fəlsəfi fikirlərini oxucularla bölüşür.
Əvvəllər o, avtobusu partlatmaqla yanaşı, Lutskda izdihamlı bir yerə yerləşdirilən başqa bir bombanı işə sala biləcəyini iddia edib. Lakin Daxili işlər nazirinin müavini Anton Geraşenko belə bir bomba olmadığını açıqlayıb.
Prezident Volodimir Zelenski Lutskdakı hadisələrin gedişatına şəxsən nəzarətində saxladığını bildirib. "İndi polis" Girov" əməliyyatını tətbiq edib və təhlükəsizlik qüvvələri "Bumeranq" planını başladıb. Vəziyyətdən itkisiz çıxmaq üçün hər şey edilir" - deyə, ölkə prezidenti qeyd edib.