Accessibility links

Rekord istilər İspaniya və Portuqaliyaya doğru irəliləyir


Aralıq dənizi bölgəsində davam edən həddən artıq isti hava şəraitinin səbəb olduğu və onlarla insanın ölümünə səbəb olan meşə yanğınları Əlcəzair, Yunanıstan, İtaliya və Türkiyədə davam edir. "Lusifer" adlanan rekord temperaturlu hava sistemi cümə axşamı yavaş-yavaş qərbə, İspaniya və Portuqaliyaya doğru irəliləyir.

İtaliyanın Siciliya regionunun cənub-şərqindəki Sirakuza şəhəri yaxınlığındakı meteoroloji stansiya çərşənbə günü havanın temperaturunu müsbət 48.8 dərəcə göstərib ki, bu, Avropada qeydə alınan ən yüksək temperatur olub. Bu rekord hələ Dünya Meteorologiya Təşkilatı tərəfindən təsdiqlənməyib.

Yanğınsöndürmə qruplarının dediyinə görə, atılan siqaret və ya günəş şüası ilə şüşə qırığının konsentrasiyası kimi hallar şiddətli istilərdən bişmiş meşələr və tarlaları asanlıqla alovlandıra bilər.

Yunanıstanın Evia adasına yardıma Avropanın hər yerindən, hətta Rusiya və Misirdən belə xilasetmə qrupları gedib. Lakin bir çox sakin üçün bu, çox gec olub.

"Bu gün çox sayda su təyyarələrimiz var, lakin onlar ilk gündən burada olmalı idilər. Təəssüf ki, indi ziyan çox böyükdür" - deyə, Dimitris adlı ada sakini bildirib.

İsti hava şəraiti Əlcəzairdə də böyük yanğınlara səbəb olub və nəticədə azı 69 nəfər həyatını itirib. Yardım agentlikləri 600-dən çox ailənin evsiz qaldığını bildirib. Əlcəzairin Baş naziri Aymən Binəbdirrəhman cümə axşamı yanğın bölgələrindən bəzilərini ziyarət və hökumətin əlavə yardım edəcəyini vəd edib.

Alimlər hökumətlərin gələcək ekstremal hava şəraitinə daha yaxşı hazırlaşmalı olduğunu deyir.

Bu arada Türkiyənin şimalında yağan güclü yağışlar son günlərdə fəlakətli daşqınlara səbəb olub. Maşınları aparan, binaları uçuran sellər torpaq sürüşməsinə səbəb olub. Bütün bunlar keçən ay Almaniya və Belçikadakı səhnələri əks etdirib.

Alimlər bütün bunların iqlim dəyişikliyi ilə mübarizənin vacibliyini göstərdiyini deyir. Onlar ekstremal hava şəraitinin getdikcə daha çox yayılacağı barədə xəbərdarlıq edir və insanların bacardıqları qədər buna uyğunlaşmalarının vacibliyini qeyd edir.

XS
SM
MD
LG