Accessibility links

Separatçı qüvvələrin "deputatı" Oleq Popov avtomobilinin partlaması nəticəsində həlak olub


Rusiya İstintaq Komitəsi məlumatında bildirilib ki, Luhanskın separatçı "Luqansk Xalq Respublikası"nın "deputatı" Oleq Popov avtomobilinin partlaması nəticəsində həlak olub,

İdarədən verilən məlumata görə, avtomobildə partlayış naməlum qurğunun partlaması nəticəsində baş verib.

Popovun ölümü ilə əlaqədar Rusiya Federasiyasının İstintaq Komitəsi Cinayət Məcəlləsinin üç maddəsi ilə - "Terror aktı" (205-ci maddənin 3-cü hissəsinin "b" bəndi), "partlayıcı maddələrin qanunsuz hazırlanması" (222.1-ci maddənin 1-ci hissəsi) və "qanunsuz olaraq partlayıcı maddə və ya partlayıcı qurğuları əldə etmə, başqasına vermə, saxlama, daşıma, göndərmə və ya gəzdirmə" (223.1-ci maddənin 1-ci hissəsi) cinayət işi açıb.

"Biz Rusiya ilə birlikdəyik" hərəkatının sədri Vladimir Roqovun sözlərinə görə, Popovun avtomobili Luhanskın mərkəzindəki "Avanqard" stadionunun yaxınlığında partlayıb.

Popovun ölümünü onun həmkarı Yuri Yurov da təsdiqləyib. O, həmçinin əlavə edib ki, bu, Popovun həyatına ikinci cəhddir. Birinci cəhd 2022-ci ilin sentyabrında olub və hücumun təşkilatçısı həbs edilib.

Noyabrın əvvəlində "Luqansk Xalq Respublikası Xalq Şurasının” deputatı, Polis İdarəsinin keçmiş rəhbəri Mixail Filiponenko avtomobilinin partlaması nəticəsində həlak olub. Onun qətlinə görə məsuliyyəti Ukrayna kəşfiyyatı öz üzərinə götürüb.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Filiponenkonun Luhansk vilayətinin işğal olunmuş ərazilərində "müharibə əsirlərinin və mülki girovların qeyri-insani işgəncələrə məruz qaldığı" həbsxanaların təşkilində iştirak etdiyini bildirib.

Ukrayna ərazisində Rusiya ilə əməkdaşlıq edən məmurlara hücumlar barədə bir neçə dəfə məlumat verilib. Ukrayna hücumlara görə birbaşa məsuliyyəti öz üzərinə götürməyib.

Forum

XS
SM
MD
LG