Rusiyanın zərbələri və pis hava şəraiti Ukraynada elektrik enerjisi təchizatında kəsintilərə gətirib çıxardığı bir vaxtda, Litvanın baş naziri İnqrida Simonite noyabrın 24-də Ukrayna rəhbərliyi ilə danışıqlar aparmaq üçün Kyivə gedib.
"Bu gün Kyivdəki ilk dayanacağımda mən bir dövlətin fundamental hüquqları - yaşamaq və azadlıq üçün həyatlarını fəda edən kişi və qadınlara ehtiramımı bildirdim" - deyə, Simonite əvvəllər Twitter kimi tanınan X hesabında yazıb. O, sayta Rusiyanın əsassız və qeyri-qanuni işğalına qarşı vətənlərini müdafiə edərkən həlak olan ukraynalıların xatirəsinə həsr olunmuş abidə önünə əklil qoyduğu fotosunu da yerləşdirib.
"Onlar bizim hamımızı müdafiə etmək üçün canlarından keçdi. Davamlı və ədalətli sülhə nail olmağın yeganə yolu Ukraynanın mümkün qədər tez qalib gəlməsi, ərazi bütövlüyünü bərpa etməsi, beynəlxalq ədalətə xidmət etməsi və daha güclü olması üçün ona yardım etməkdir" Simonite yazıb.
Noyabrın 23-də Litva mediası Simonitenin cədvəli barədə təfərrüat vermədən, onun Ukraynada dörd gün qalacağını bildirib.
Bu arada, regional hakimiyyət orqanları və hərbçilərin bildirdiyinə görə, Rusiyanın raket və pilotsuz təyyarələrinin mülki və enerji infrastrukturuna zərbələri noyabrın 24-də də davam edib.
Rusiya hücumlar zamanı İran istehsalı olan üç pilotsuz təyyarə və iki idarə olunan "Kh-59" raketindən istifadə edib. Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri bütün pilotsuz təyyarələrin vurulduğunu bildirib.
Qərbi Xmelnitski bölgəsində vilayət qubernatorunun müavini Serhiy Tyurin bildirib ki, hava hücumundan müdafiə qüvvələri pilotsuz təyyarələrə atəş açıb.
Tyurin tələfat və dağıntılar barədə dərhal məlumatın olmadığını bildirib .
Bu arada isə Rusiyanın noyabrın 24-də Ukraynanın cənubuna açdığı atəş nəticəsində Xerson şəhərində uşaq kitabxanası dağıdılıb. Qubernator Oleksandr Produkin Telegram-da tələfatların olmadığını bildirib.
Forum