Accessibility links

Şərqi Azərbaycan İranda savadlılıq səviyyəsi ən aşağı olan vilayətlərdəndir


Vali Şərqi Azərbaycan vilayətinin İranda savadlılıq siyahısında 20-ci yerdə olduğunu bildirib

Şərqi Azərbaycan valisi İsmayıl Cabbarzadə vilayətin İranda vilayətlərin savadlılıq səvisyyəsi siyahısında 20-ci yerdə olduğunu bildirərək bunun Şərqi Azərbaycan vilayətinə yaraşmadığını deyib.

“Şərqi Azərbaycanın vilayətlərarası savadlılıq sırasında bu qədər aşağıda olması, vilayətimizin şanına yaraşmır,” deyə qeyd edən vali savadsızlığın toplumlarda suç (cinayət) və ictimai pozuntuların artması ilə əlaqəli olduğunu vurğulayıb.

ISNA xəbər agentliyinə istinadən, İsmayıl Cabbarzadə bu sözləri Şərqi Azərbaycan Təhsil Şurasının keçirdiyi toplantıda dilə gətirib.

İran vilayətlərinin savadlılıq səviyyəsi ilə bağlı yayılmış statistikalara istinadən qeyri-fars əhalinin yaşadığı vilayətlərdə savadsızlıq daha yüksək səviyyədədir.

Təhsil ekspertlərinin araşdırmalarına görə, İranda ana dilində təhsilin yasaq olmasının mənfi nəticələri sadəcə savadsızlıq göstəricilərində deyil, ali təhsil sahəsində də üzə çıxır.

Güneyli araşdırmaçı yazar Əlirza Sərrafinin İranda qeyri-farsların təhsil vəziyyəti ilə bağlı apardığı araşdırmada təhsilin səviyyəsi yüksəldikcə qeyri-farsların sayının azaldığı göstərilir. Sərrafinin araşdırmasının nəticələri BMT-nin İranda insan haqları üzrə özəl təmsilçisi Əhməd Şəhidin 13 sentyabr 2012 tarixində BMT Baş Məclisinə təqdim etdiyi hesabata da daxil edilib.
XS
SM
MD
LG