Liviya rəsmiləri NATO-nun paytaxt Tripolidə bombardmanı nəticəsində uşaqlar da daxil olmaqla yeddi mülki vətəndaşın həlak olduğunu bildirir. NATO Liviyanın iddialarının araşdırıldığını bəyan edib. Liviya Xarici İşlər nazirinin müavini Xalid Kaim NATO-nu mülki obyektləri bilərəkdən hədəf almaqda ittiham edib. O bildirib ki, hücum Qərbin qəddarlığını nümayiş etdirir. Hökumət rəsmiləri xarici jurnalistləri Tripolidə hücumun baş verdiyi Arada rayonuna və ölənlərin cəsədlərini göstərmək üçün xəstəxanaya aparıb. İnsident müstəqil mənbələr tərəfindən təsdiq edilməyib.