Li Litzenberger ABŞ vəkillərinin azərbaycanlı həmkarları ilə əməkdaşlıqda maraqlı odluğunu bildirib
İyulun 26-da ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətində görüş keçirib. Görüşdə kollegiyanın rəhbərliyi ilə yanaşı vəkillər Osman Kazımov və Əsabəli Mustafayev iştirak edib.
Vəkillər Kollegiyasının məlumatında deyilir ki, kollegiyasının sədri Anar Bağırov ötən dövrdə vəkilliyin inkişaf etdirilməsi üzrə görülmüş işlər, xüsusən vəkillərin sayının artırılması, onların müdafiəsi, peşəkarlığının yüksəldilməsi, kollegiyanın beynəlxalq əlaqələrə verdiyi əhəmiyyət və bu istiqamətdə əməkdaşlıq münasibətlərinin qurulması barədə fikirlərini bölüşüb.
Görüşdə həmçinin gələcəkdə vəkil peşəsinin inkişaf perspektivləri, vəkilliyə qəbul prosesinin daha da sadələşdirilməsi və başqa əhəmiyyət kəsb edən məsələlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb.
Ümid edirəm ki, belə görüş və müzakirələr ölkəmizdə vəkilliyin, ümumilikdə insan hüquq və azadlıqlarının inkişafında bir vasitə olacaqdır.Əsabəli Mustafayev, vəkil
Səfir Litzenberger ABŞ vəkillərinin Azərbaycan həmkarları ilə əməkdaşlığında maraqlı olduğunu bildirib, həmçinin səfirlik tərəfindən hazırda dəstək verilən hüquqi təşəbbüslər barədə fikirlərini səsləndirib.
Vəkil Əsabəli Mustafayev görüşdə çıxış etdiyini bildirir.
“Belə tədbirlərin keçirilmə məkanı, zamanı və heyətindən asılı olmayaraq iştirakımda və çıxışlarımda əsas məqsəd vəkilliyin inkişafına, insan hüquqlarının müdafiəsinin güclənməsinə imkanım daxilində töhfə vermək olmuşdur. Bu görüşdə də ayrılmış müddət çərçivəsində deyilə bilənlər deyildi və eşidildi. Ümid edirəm ki, belə görüş və müzakirələr ölkəmizdə vəkilliyin, ümumilikdə insan hüquq və azadlıqlarının inkişafında bir vasitə olacaqdır,” Mustafayev öz facebook səhifəsində yazıb.
Mustafayev bir çox siyasi, ictimai fəalların, jurnalistlərinvəkili olub. Onun Avropa İnsan Hüquqları Məhkəməsində müdafiə etdiyi 139 şikayət təmin edilib.
Vəkil Osman Kazımov siyasi, ictimai fəalların və jurnalsitlərin hüquqlarını müdafiə edir. O hazırda məhkəməsi gedən Müsavat Partiyasının fəalı Azad Həsənovun vəkilidir.
“ABŞ səfiri ilə Azərbaycanda insan hüquqları ilə bağlı məsələni müzakirə etdik. Cənab Li Litzenberger kifayət qədər xoş təəssürat bağışladı. Azərbaycanda insan hüquqları və vəkilliklə baglı geniş məlumata malikdir,” Kazımov facebook səhifəsində qeyd edib.