Accessibility links

Əli Həsənov: Onlar cinayət xarakterli, dövlətə qarşı addımlar atır


Əli Həsənov: Onlar cinayət xarakterli, dövlətə qarşı addımlar atır
Əli Həsənov: Onlar cinayət xarakterli, dövlətə qarşı addımlar atır

Baş nazirin müavini Əli Həsənov Qərbi Azərbaycandan olan qaçqınların mülkiyyət sənədlərinin yandırılması ilə bağlı məlumat yayan şəxslər və bu məlumatları araşdırmadan dərc edən media orqanları barədə araşdırma aparıb tədbir görülməsi üçün Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinə müraciət edəcəyini bildirib. Azərbaycan Deportasiya Qurbanları Mərkəzinin həmtəsisçisi Eldar Namazov bildirib ki, Ermənistandan deportasiya olunmuş şəxslərlə bağlı sənədlərin elmi ictimaiyyət üçün açmasının xahiş etmək dövlətə qarşı cinayət deyil.

Azərbaycanın baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Qərbi Azərbaycandan olan qaçqınların mülkiyyət sənədlərinin yandırılması ilə bağlı məlumat yayan şəxslər və bu məlumatları araşdırmadan dərc edən media orqanları barədə araşdırma aparıb tədbir görülməsi üçün Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinə müraciət edəcək. Bu barədə Əli Həsənovun özü bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, keçmiş təhsil naziri Firudin Cəlilov, vaxtilə dövlətdə mühüm vəzifə tutmuş Eldar Namazov və digər şəxslər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin guya köhnə binadan yeni binaya köçərkən Ermənistandan olan qaçqınların mülkiyyət sənədlərini yandırması ilə bağlı müxalifət mediasında məlumatlar yayıb: “Bu məlumatlar böhtan və iftiradır, siyasi xarakter daşıyır, çox ciddi siyasi bir oyundur. İnsanları dövlətə qarşı qaldırmaq məqsədi daşıyır”.
Cənab Həsənov deyib ki, hər hansı şəxsin mülkiyyət sənədləri qaçqınkomda ola bilməz, çünki bu sənədlər şəxslərin özlərinə aiddir: “Hər bir şəxs mülkiyyətlə bağlı sənədlərini özündə saxlayır. Bu sənədlər arxivə verilmir. Çünki sənədlər hər bir şəxsin mülkiyyətini təsdiq edir”.

Onun dediklərinə görə, Dövlət Komitəsinin əvvəllər arxivi olmayıb. “Mən sədr təyin edildikdən sonra arxiv yaratmışam. Bütün sənədləri arxivdə toplamışıq. Arxiv hər bir şəxs üçün, o cümlədən də Eldar Namazov üçün açıqdır. İstənilən şəxs, istənilən vaxt arxivlə tanış ola bilər”, - o vurğulayıb.

Baş nazirin müavini bildirib ki, qaçqınkom müxalifət qəzetlərində dərc edilən məlumatları təkzib edib və təkzibi “Yeni Müsavat” qəzeti dərc edib. “Eldar Namazov kimi neçə illərdir saman altından su yeridən insanın Qərbi azərbaycanlılar adından nə üçün rəy yaratması bilinməlidir. Onun özü də bilmir haradandır. Bu yaxınlarda bir təşkilat yaradıb, adını da qoyub Qərbi Azərbaycan. Ümumiyyətlə, bu insanlar bilməlidir ki, nə 80-cı illərin axırıdır, nə də 90-cı illərin əvvəli. Vaxtilə bir Əlikram Hümbətov var idi, ölkəni regionlara bölürdü. Onun axırı hamıya bəllidir. Görünür, bu insanlar ondan dərs götürməyib. Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Cənubi Azərbaycan, bu nə deməkdir? Həmin təşkilat bildirir ki, biz bu insanları ayağa qaldıracağıq, ölkəni çalxalayacağıq. Onlar cinayət xarakterli addımlar atırlar, dövlətə qarşı addımlar atırlar. Ona görə də bu gün mütləq MTN və DİN-ə belə bir müraciət edəcəm ki, araşdırılsın ki, bu insanlar nə məqsədlə bu böhtanı ortaya atıblar, nə məqsəd güdürlər. O cür həssas məsələni öz qəzetlərində araşdırmadan nə məqsədlə dərc etmələri də araşdırılmalı və tədbir görülməlidir”, - deyə o qeyd edib.

Öz növbəsində, Azərbaycan Deportasiya Qurbanları Mərkəzinin həmtəsisçisi Eldar Namazov Amerikanın Səsi radiosuna bildirib ki, o qaçqınkomdam Ermənistandan deportasiya olunmuş şəxslərlə bağlı sənədlərin elmi ictimaiyyət üçün açmasının xahiş edib. Bu dövlətə qarşı cinayət deyil. Azərbaycanda hansı məmurun işində çatışmayan cəhətləri deyəndə özünü qorumaq məqsədi ilə bunun dövlətə və prezidentə qarşı yönəldiyini bildirir. “Hesab edirəm ki, biz narahatlığımızı bildirməklə yanaşı, hər dəfə də ciddi problemə toxunmuşuq. İndi cəmiyyətə sənədlərin varlığı və ya yoxluğu barədə aydın məlumat vermək əvəzində, belə bəyanatlar səsləndirir. Arxivdəki sənədlərin tədqiqatçılar, tarixçilər üçün açılması barədə bəyanata dövlət çevrilişinə cəhd kimi cavabın verilməsi də çox şeydən xəbər verir.

Cənab Namazov Baş nazirin müavinin o və digərləri barədə araşdırma aparılması üçün Milli Təhlükəsizlik və Daxili İşlər nazirliliklərinə müraciət edəcəyi ilə bağlı dediklərinin cavabında bildirib ki, hər hansı nazirin və ya sədrin işində nöqsan olan kimi onlar gah dövləti, gah da prezidenti “xilas etməyə” çalışır. “Fərqi yoxdur, hansısa komitə sədri və ya makaron fabrikinin direktoru olsun nöqsanı ortaya çıxan kimi prezidenti və ya dövləti hansısa təhlükələrdən “qorumağa” başlayır. Ona görə də hesab edirəm ki, bu çox qeyri ciddi bəyanatdır”, - deyə o qeyd edib.

XS
SM
MD
LG