Accessibility links

Cəmil Həsənlinin Leyla Yunusa təbriki: Onu xilas etmək Azərbaycan cəmiyyətinin vicdan borcudur


Cəmil Həsənlinin Avropaya səfəri
Cəmil Həsənlinin Avropaya səfəri

Milli Şuranın sədri Cəmil Həsənli vicdan məhbusu Leyla Yunusa doğum günü münasibətilə məqalə həsr edib.

Məqaləni təqdim edirik:

Dekabrın 21-i Leyla xanım Yunusun doğum günüdür. Bu fədakar xanım 2014-cü ilə təsadüf edən ad gününü Bakıda yox, Kürdəxanıda qarşılamalı olur. Qəribə də olsa ölkəmizdə demokratiya və insan haqları uğrunda mübarizənin simvoluna çevrilən Leyla xanım XX əsrin ən möhtəşəm diktatoru Stalinlə eyni gündə doğulub. Lakin bütün həyatını stalinizmə, onun Azərbaycandakı kiçik modelinə qarşı mübarizəyə həsr edib. Bu gün onun Kürdəxanıdakı keçirdiyi məşəqqətli günlər də məhz həmin mübarizənin “cəza” yüküdür. Leyla xanımı mən çoxdan tanıyıram.

Leyla və Arif Yunus (Foto Leyla və Arif Yunusların Facebook səhifəsindən götürülüb)
Leyla və Arif Yunus (Foto Leyla və Arif Yunusların Facebook səhifəsindən götürülüb)

O, Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin ən fəal və qabaqcıl tələbələrindən idi. Orta əsrlər tarixi üzrə təkrarsız mühazirələr oxuyan Bəxtiyar Əhmədov hər dəfə mühazirədən çıxıb kafedraya gələndə bu bəstəboy sarışın qızcığaz kafedraya qədər onu müşayiət edir, nəyi isə öyrənməyə, nəyi isə müzakirə etməyə can atırdı. Rus bölməsinə dərs deyən Bəxtiyar müəllim bu qızın mütaliəsi, maraq dairəsinin genişliyi haqqında ağız dolusu danışırdı. İngilis dilini yaxşı bildiyindən, sonralar Leyla xanım orta əsrlər dövründə Britaniyanın Şərq ticarəti mövzusunda uğurla namizədlik dissertasiyası müdafiə edib alimlik dərəcəsi almışdı.

Leyla xanım orta əsrlər dövründə Britaniyanın Şərq ticarəti mövzusunda uğurla namizədlik dissertasiyası müdafiə edib alimlik dərəcəsi almışdı.

Lakin Azərbaycan öz müstəqilliyinə qovuşandan sonra onun həyatının yeni bir dövrü başladı. Leyla Yunus ilk gündən başlayaraq bu mübarizənin ön cəbhəsində olub və Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından biri kimi yadda qalıb. 90-cı ilin yanvar hadisələrindən sonra imperiyanın Bakıya təcavüzünün ifşası istiqamətində o, rus demokratları, Baltik ölkələrində formalaşan demokratik təsisatlarla yorulmadan iş aparırdı. Müstəqillik dövrünün ilk dövrələrində Leyla xanım Müdafiə nazirliyinin informasiya və təhlil idarəsinə rəhbərlik edib. Əldə etdiyi dərin tarixi biliklər və yüksək intellektual səviyyəsi ona hadisələri təhlil etmək və mühüm olanı dəyərləndirmək qabiliyyəti vermişdi.

Uzun illər boyu insanların hüququ uğrunda apardığı dönməz və fədakar mübarizəni ona bağışlamadılar.

Bütün bunlar həyatın maraqlı anları olsa da, Leyla xanım özünü demokratiya və insan haqları uğrunda mübarizədə tapdı. 25 ildən artıqdır ki, o, fədakarcasına insanların hüququnu qoruyur və haqqı pozulanların yanında olur. Lakin 2014-cü ildə başlanan geniş həbs dalğası Leyladan da yan keçmədi. Saxta ittihamlarlar onu da hədəfə çevirdi. Vətənə xəyanətdən tutmuş, vergidən yayınma və mənimsəməyə qədər qurama ittihamlara tuş gəldi. Uzun illər boyu insanların hüququ uğrunda apardığı dönməz və fədakar mübarizəni ona bağışlamadılar. Mətbuat və televiziyalarda başlanmış qarayaxma kampaniyası həbsinə hazırlıqdan xəbər versə də, ömrünü fəal ictimai mübarizədə keçirmiş bu xanım bir addım da öz prinsiplərindən geri çəkilməsdi.

Leyla Yunus, right, with Margaret Thatcher during the latter’s visit to Azerbaijan in September 1992
Leyla Yunus, right, with Margaret Thatcher during the latter’s visit to Azerbaijan in September 1992

Azərbaycan rəhbərliyi beynəlxalq tribunalarda ölkədə siyasi məhbusların olmadığı barədə təntənəli bəyanatlar versə də, həbsindən bir neçə gün əvvəl bir neçə həmkarı ilə birlikdə o, siyasi məhbusların 97 nəfərlik siyahısının razılaşdırılması istiqamətində gərəkli addımı ata bildi. Leyla xanım da daxil olmaqla bilə bir siyahının razılaşdırılıb bəyan edilməsi Azərbaycan insan hüquqları təşkilatlarının mühüm uğuru, ölkə ictimaiyyəti qarşısında onların müstəsna xidmətləri idi. Kiçik istisnalarla həmin siyahını hazırlayanlar bu gün özləri də həmin siyahıda yer alıblar.

Ölkəni Rusiyanın 5-ci kolonuna çevirənlər, vicdanlı və namuslu adamlar arasında 5-ci kolon axtarışına çıxıblar.

Siyasi mülahizələrə görə Azərbaycan qadınları sonuncu dəfə 37-ci ildə Bayıla salınmışdı. Bü gün Bayıl yoxdur. Lakin onun müdhiş simvolu hələ də yaddaşlardan silinməyib, düşüncə və davranış tərzi Kürdəxanıda zühur edib. Biz müstəqilliyimizin 20 ci ilində simvol axtarışında idik. Özümüz də bilmədən Kürdəxanı ölkəmizin simvoluna çevrildi. Onu simvollaşdırlan Leyla kimi, Xədicə kimi fədakar xanımlar taleyinin Kürdəxanıdan keçməsi oldu. Son bir ildə kimlər keçmədi Kürdəxanıdan, ölkənin ən namuslu, ən vicdanlı, ən doğru dürüst insanları saxta ittihamlarla, həqarətli “5-ci kolon” ayaması Azərbaycanın Bastiliyasına sürükləndi. Ölkəni Rusiyanın 5-ci kolonuna çevirənlər, vicdanlı və namuslu adamlar arasında 5-ci kolon axtarışına çıxıblar. İntiqam bəy, Rəsul bəy, Anar bəy, Arif bəy, Rauf Mirqədirov, Hilal Məmmədov, Seymur bəy, İlqar bəy, Tofiq bəy, Yadigar bəy, Qurban bəy, Babək Ədaləti, Pərviz, Əvəz bəy, Nemət bəy, Bəşir bəy, Rəşadət, İlkin, Rəşad, Məmməd, Murad, Asif, Üzeyir, Zaur, Hacı Tale, Əbdül, Ömər, Orxan, Nicat, Hicran və adlarını çəkmədiyim yüzdən artıq namuslu vətəndaşlar “5-ci kolon”sa onda bəs siz kimsiniz? Əgər Sənan Daşdəmirli “5-ci kolonsa” bu ölkəni korrupsiya, rüşvət bataqlığına, narkotika trafikinə çevirən, malını və sərvətini ələ keçirib ölkədə istibdad rejimi yaradanlar kimlərdir və onların adı nədir?

Leyla və Arif Yunuslar XXI əsrdə 37-ci il qaydaları ilə, 37-ci düşüncəsi ilə, 37-ci təfəkkürü ilə mühakimə olunurlar.

Bu gün öz məzmun və mahiyyətinə görə Azərbaycan hakimiyyəti Putin rejiminin törəməsidir. Bütün baş verənlər isə bunun aydın təzahürüdür. Biz artıq ailəvi həbslərin şahidiyik. Azərbaycan sonuncu dəfə 37-ci ildə belə faciələrə şəhadətlik etmişdi. Leyla və Arif Yunuslar XXI əsrdə 37-ci il qaydaları ilə, 37-ci düşüncəsi ilə, 37-ci təfəkkürü ilə mühakimə olunurlar. Bu gün Leyla Yunusun Kürdəxanıda başına gələnlər 37-ci ilin qadın məhbusları ilə rəftarın müasir davamıdır. Ölkəni bu günə salanlar, 37-ci ənənələrini XXI əsr Azərbaycanına gətirənlər öz əməllərindən xəcalət çəkməlidirlər. Bü gün tam əsasla demək olar ki, Leyla Yunus, Xədicə, İntiqam bəy, Anar bəy, Rəsul bəy, NİDA-çı gənclərimiz ölkənin vicdan meyarlarını müəyyən edən vətəndaşlara çevriliblər. Leyla xanım ad gününü cəzaçəkmə yerində qarşılamağa məhkum edilib. Hanı bəs Sizin tez-tez istinad etdiyiniz milli dəyərlər, mənəvi meyarlar, əxlaqi anlayışlar. Yoxsa onları da içində üzdüyünüz korrupsiya seli aparıb.

Leyla Yunus (Foto Leyla və Arif Yunusların Facebook səhifəsindən götürülüb)
Leyla Yunus (Foto Leyla və Arif Yunusların Facebook səhifəsindən götürülüb)

Leyla xanıma doğum günündə dözüm arzulayırıq. Öz fəaliyyəti dövründə o, yüzlərlə nahaqdan tutulmuş adamların həyatını xilas edib, onu xilas etmək isə Azərbaycan cəmiyyətinin vicdan borcudur. Gəlin öz borcumuzu yerinə yetirək. Ən azından mənəvi cəhətdən bu fədakar insanın yanında olaq, ona dəstək verək. Bu dəstək onun despotizmə qarşı, istibdada qarşı, repressiyalara qarşı dirənişini artırar, hər cür əxlaqsızlığa qarşı müqavimət hissini gücləndirər. Bax, indiyə qədərki və hələ bundan sonra keçirəcəyi çoxlu gözəl ad günlərindən fərqli olaraq 2014-cü ilin dekabr ayının 21-nə təsadüf edən doğum gününə arzumuz, istəyimiz, dəstəyimiz qısaca olaraq bundan ibarətdir.

XS
SM
MD
LG