Həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusun vəkilləri Xalid Bağırov, Cavad Cavadlı, Fariz Namazlı, Əlayif Həsənov, Elçin Qəmbərov bəyanatla çıxış edib.
Bəyanatı olduğu kimi diqqətinizə çatdırırıq:
“Tam məsuliyyətlə bəyan edirik ki, Leyla Yunusun fiziki durumu son həddə çatıb. Soyuq kamerada, isti sudan məhrum olunmuş L.Yunusun səhhəti kəskin şəkildə pisləşib. Keçirilmiş dörd cərrahiyə əməliyyatları öz mənfi fəsadlarını göstərir. Belə olan halda bu ilin sonuna qədər Leyla xanımın sağ qalmağı sual altındadır. L.Yunus möhkəm iradə sahibidir, psixolojı durumu stabildir, yalnız fiziki ağrılar dözülməzdir.
Əgər qəti imkan tədbirini dəyişmək istəyi yoxdursa, heç olmasa L.Yunusu Penitensiar Xidmətinin xəstəxanasına təcili şəkildə yerləşdirmək lazımdır” vəkillər qeyd edir.
***
1 saylı istintaq təcridxanasında saxlanılan hüquq müdafiəçisi Leyla Yunus yenidən ona qarşı zorakılığa yol verildiyini bildirib. Bununla bağlı xanım Yunus mediaya məktub ünvanlayıb.
Məktubda deyilir: “Oktyabrın 1-də saat 14.20-14.25 radələrində kamera yoldaşım Nuriyyə Hüseynova mənə hücum edib. Mən TV-yə baxırdım, o, birdən-birə qışqıraraq TV-nin səsinin yüksək olduğunu deyib. Baxmayaraq ki, səs yüksək deyildi. O, yerindən sıçradı, vəhşicəsinə qışqırmağa və pis söyüşlər söyməyə başladı. O, mənə böhtan atacağı ilə hədələdi. Mən özümü qapıya tərəf atdım və qapını döydüm. Qapı, demək olar ki, dərhal açıldı. Nəzarətçi Nəzakət Məmmədovadan məni hücumdan qorumağı xahiş etdim. Nəzarətçinin iştirakı N.Hüseynovanı narahat etmədi (!). O, söyməyə davam edərək, televizorun səsini yüksəltdiyimi dedi! Mən israrla N.Məmmədovadan məni qorumağı xahiş etdim!!! 20-25 dəqiqə sonra N.Hüseynovanı və növbə ilə bütün məhbusları nəzarət nümayəndələri ilə söhbətə aparmağa başladılar. Məni də apardılar. Birinin adı Qulu Nuriyev olan iki mayor məndən izahat yazmağımı istədilər. İmtina edərək, bunun N.Hüseynovanın mənə qarşı ilk hücumu olmadığını bildirdim. Birinci hücumdan sonra da belə bir izahat yazmışdım, həm də bədənimdə qançırlar var idi... Lakin N.Hüseynova kamerada qalmağa və mənə psixoloji işgəncə etməyə davam etdi. Bu zaman mənə töhmət verdilər.
Oktyabrın 2-də saat 9.20-9.35 arası bu iki mayor kameraya gələrək, çərşənbə günü saat 14.20-də TV-nin səsini həddindən artıq yüksəltdiyim üçün mənə töhmət verdilər. Beləliklə, N.Hüseynovadan mənə qarşı işgəncə aləti kimi istifadə etməyə davam edirlər. Sağlamlığıma ciddi ziyan dəyir”, hüquq müdafiəçisi qeyd edir.
Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus iyulun 30-da həbs edilib. Onun həyat yoldaşı, Sülh və Demokratiya İnstitutunun eksperti Arif Yunus isə avqustun 5-də tutulub. Onlar dövlətə xəyanətdə və iqtisadi cinayətlərdə ittiham olunurlar.
Leyla Yunus və Arif Yunus Amnesty İnternational tərəfindən "vicdan məhbusu" elan edilib.
Leyla Yunusun vəkilləri onun təcridxanada fiziki təzyiqə məruz qalması ilə bağlı dəfələrlə bəyanatla çıxış edib. Penitensiar Xidmət isə deyilənləri təkzib edir.