Accessibility links

Lavrov Xartumda Sudanın hərbi liderləri ilə görüşəcək


Dövlət SUNA xəbər agentliyinin bildirdiyinə görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun cümə axşamı Xartumda Sudanın hərbi rəhbərləri ilə Rusiya və digər məsələlərlə bağlı görüşəcəyi gözlənilir.

Sudanın xarici işlər naziri vəzifəsini icra edən Əli Əs-Sadiqin sözlərinə görə, danışıqlar zamanı Xartumun münaqişədən əziyyət çəkən qonşuları - Çad, Cənubi Sudan, Mərkəzi Afrika Respublikası ilə əlaqələrdəki rolu ilə bərabər Sudan-Rusiya əlaqələrinin müzakirə ediləcəyi gözlənir. O, əlavə məlumat paylaşmayıb.

Lavrovun Sudana səfəri ABŞ və digər Avropa ölkələrinin yüksək səviyyəli diplomatlarının Sudan hərbi liderləri və demokratiya tərəfdarı qrupları ilə ölkənin demokratiyaya keçidini bərpa etməklə bağlı yekun razılaşmaya nail olmaq üçün iki günlük danışıqları yekunlaşdırdığı vaxta təsadüf edir.

2021-ci ilin oktyabrındakı hərbi çevriliş Sudanda qısamüddətli demokratik keçid prosesini pozdu. Bu, 2019-cu ilin aprelində İslamçıların dəstəklədiyi repressiv hakimiyyətə qarşı xalq üsyanı fonunda uzun müddət hakimiyyətdə olan Ömər Əl-Bəşirin devrilməsindən sonra baş verib.

Keçən ilin sonlarında generallar sivil hökumət qurmaq üçün əsas demokratiya tərəfdarı qruplarla ilkin razılığa gəlib. Yekun razılığa nail olmaq üçün beynəlxalq səviyyədə dəstəklənən danışıqlar hələ də davam edirdi.

Lavrovun Mali və Mavritaniyaya səfəri çoxtərəfli Afrika səfərinin bir hissəsidir. Bu, Lavrovun bu il Afrikaya ikinci səfəridir. Belə ki, Afrikanın zəngin resurslarına qlobal marağın artması fonunda Rusiya qitədəki maraqlarını maksimum dərəcədə artırmağa çalışır.

XS
SM
MD
LG