Latviya parlamenti 1944-cü ildə Krım tatarlarının sovet hökuməti tərəfindən kütləvi deportasiyasını soyqırım aktı kimi tanıyıb.
Latviya millət vəkillərinin bu barədə mayın 9-da qəbul etdikləri qətnamədə deyilir ki, sənəd “Krım tatarlarının deportasiyasının 75-ci ildönümü münasibətilə” və “Krım yarımadasının 2014-cü ildə Rusiya tərəfindən ilhaqının tanınmamasının bəyannaməsi” kimi qəbul edib.
Sənəddə “bir sıra tarixi mənbələrə” istinadən bildirilir ki, “bu deportasiya Krım tatarlarının bir etnik qrup kimi kökünün kəsilməsi, onun mədəniyyətinin məhv edilməsi və Krım yarımadasına tarixi bağlılığının silinməsi məqsədilə planlı şəkildə həyata keçirilib”.
1944-cü ilin mayında Krımın tatar əhalisi sovet diktatoru İosif Stalinin direktivi ilə doğma yurdlarından Mərkəzi Asiya regionuna kütləvi sürgün edilib. Moskva Krım tatarlarını əsassız olaraq nasistlərə rəğbətdə ittiham edirdi.
On minlərlə Krım tatarı sürgünə gedən yollarda və sürgündə yaşadıqları ilk aylarda ölmüşdü.
Bu sürgündən sağ qalanlar və onların törəmələri 1980-ci illərdən etibarən icazəsiz olaraq Krıma qayıtmağa başlamışdılar. Lakin sonradan 2014-cü ildə yarımada Rusiya tərəfindən qanunsuz qəsb edildi.
Bunun ardınca Krım tatarlarına qarşı repressiyalar və onların sıxışdırılmasına yenidən başlandı. Krım tatarları Krımın Rusiya tərəfindən ilhaqına qarşı çıxırdılar.
Mayın 9-da naməlum vandallar Sevastopol şəhəri yaxınlığında Krım tatarlarının müharibə abidəsini dağıdıb.