Bazar günü polis Texas, Nyu-York və Oklahoma ştatlarında törədilən qətliamlardan sonra son silahlı zorakılıq halları barədə məlumat verib. Pensilvaniya ştanının Filadelfiya və Tennessi ştatının Çattanuqa şəhərlərində baş verən atışmalarda azı 6 nəfər ölüb, 25-dən çox insan yaralanıb.
Şənbə günü gecə yarısı Filadelfiyanın bar və restoranlarla dolu South küçəsində bir neçə nəfər atəş açıb. Rəsmilər iki kişi və bir qadının öldürüldüyünü bildirib.
Müşahidə kamerasının videosunda insanların izdihamlı küçədə panika içində qaçdıqları görüntülər əks olunub. Video görüntü səssiz olub. Reuters agentliyi geolokasiyadan istifadə edərək videonu təsdiqləyə bilib.
Filadelfiya polis müfəttişi Peys bildirib ki, atışma zamanı hər həftəsonu olduğu kimi South küçəsində əylənən yüzlərlə insan olub.
Ayrı bir hadisədə Çattanuqa şəhərində bir bar yaxınlığında atışma nəticəsində 3 nəfər ölüb, 14 nəfər güllə yarası alıb. Rəsmilər iki nəfərin güllə yarasından öldüyünü, bir nəfərin isə hadisə yerindən qaçarkən avtomobillə toqquşaraq aldığı yaralardan öldüyünü bildirib.
Tennessi rəsmiləri üç nəfərin qaçmağa cəhd edərkən avtomobillərə çırpılaraq yaralandığını, yaralılar arasında bir neçəsinin vəziyyətinin ağır olduğunu əlavə edib.
Hadisələr Nyu-Yorkun Buffalo şəhərində bir ərzaq mağazasında 10, Texas ştatının Uvalde şəhərində ibtidai məktəbdə 21 və Oklahoma ştatının Tulsa şəhərindəki tibb binasında 4 nəfərin ölümü ilə nəticələnən son atışmalardan sonra baş verib. Silah təhlükəsizliyi tərəfdarları ABŞ hökumətini silah zorakılığının qarşısını almaq üçün daha güclü tədbirlər görməyə çağırır.
Gun Violence Archive tədqiqat qrupunun məlumatına görə, bu il ABŞ-da ən azı 240 kütləvi atışma baş verib. Tədqiqat qrupu atəş açan şəxs istisna olmaqla, ən azı dörd nəfərin vurulduğu hadisələri kütləvi atışma hesab edir.