Accessibility links

Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun keçmiş rəhbərinin və digərlərinin məhkəməsi qeyri-müəyyən vaxta təxirə salınıb


Vüqar Səfərli
Vüqar Səfərli

Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi qeyri –müəyyən vaxtadək təxirə salınıb.

Bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə qərar verilib.

Təqsirləndirilən şəxslərdən biri - həbsdə olan Nadir Məmmədovun məhkəməyə gətirilməsi təmin olunmayıb.

Hakim bildirib ki, məhkəməyə bununla bağlı məktub daxil olub. Məktubda bildirilib ki, Nadir Məmmədov səhhəti ilə bağlı Ədliyyə Nazirliyinin İxtisaslaşdırılmış Müalicə Müəssissəsinə köçürülüb.

Xatırlatma

Vüqar Səfərli ötən il Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru vəzifəsindən çıxarılıb.

Rəsmi məlumata görə, istintaq işində dövlət satınalmalarına dair qanunvericiliyin tələblərini pozmaq, tikinti normalarına əməl olunmamaqla iş həcmlərini və qiymətləri şişirtməkdən bəhs edilir.

Habelə, cinayət yolu ilə əldə edilən 5 milyon 700 min manat pul vəsaitinin leqallaşdırmasına əsaslı şübhələr yarandığı iddia edilir:

"Vüqar Səfərli və digərlərinə Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə- xüsusilə külli miqdarda ziyan vurmaqla ), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilib. Vüqar Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə-qətimkan tədbiri seçilib".

Bu ilin əvvəlində - yanvarın 12-də Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən isə, bu fondun əvəzində "Medianın İnkişafı Agentliyi" publik hüquqi şəxs yaradılıb.

XS
SM
MD
LG