Accessibility links

Kyivin BMT-dəki nümayəndəsi: Ukraynanın sərhədləri dəyişməzdir


BMT-nin Təhlükəsizlik Şurası bazar ertəsi Rusiya prezidentinin Ukraynanın iki regionunu müstəqil dövlət kimi tanımasından sonra gecə saatlarında fövqəladə sessiya keçirib.

“Ukraynanın beynəlxalq səviyyədə tanınan sərhədləri Rusiya Federasiyasının hər hansı bəyanatları və əməllərindən asılı olmayaraq dəyişməzdir və dəyişməz olaraq qalacaq,” Ukraynanın BMT-dəki səfiri Sergyt Kislitsya Prezident Vladimir Putinin Ukraynanın şərqindəki Donetsk və Luqansk regionlarını tanımasından sonra şu deyib.

“Biz Rusiyadan bu qərarı ləğv etməsini və danışıq masasına geri dönməsini tələb edirik,” o deyib. “Biz Ukrayna ərazisinə Rusiyanın əlavə işğalçı qoşun göndərməsinə dair fərmanı qınayırıq.”

Birləşmiş Ştatlar, Avropa İttifaqı və Britaniya beynəlxalq normaları və qanunları, habelə Ukrayna suverenliyini pozan bu hərəkətə görə Moskvaya ilk raund sanksiyalar tətbiq etdiklərini açıqlayıblar. Onlar Təhlükəsizlik Şurasında Ukraynanın suverenliyinə sadiq olduqlarını bir daha təsdiqləyiblər.

“Hazırda heç kəs kənarda dura bilməz,” ABŞ nümayəndəsi Linda Tomas Qrinfild deyib. “Biz açıq şəkildə bildirməliyik ki, Ukraynaya hücüm hər bir BMT üzvünün suverenliyinə və BMT Xartiyasına hücumdur – və sürətli və ağır fəsadlarla qarşılanacaq.”

O deyib ki, Vaşinqton böhranı həll etməyin və sülhü qorumağın yeganə yolunun diplomatiyanın olduğuna inanmağa davam edir.

Qərb liderləri və təhlilçilər deyir ki, bu addım Rusiyanın cənub qonşusuna hərbi müdaxilə etməsi üçün bəhanədir. Moskva isə indiyədək bunu rədd edərək, qərbin “isteriyası” adlandırıb.

Prezident Putin regionların “müstəqilliklərini” tanıyandan sonra Rusiyanın işğal etdiyi iki regionda mülki vətəndaşları qorumaq üçün ora “sülhməramlı” qoşunların göndərilməsinə dair fərman imzalayıb. Moskva 2014-cü ildən bəri Donetsk və Luqanskda rusmənşəli yüz minlərlə insana vətəndaşlıq verib.

“O onları sülhməramlı adlandırır, bu cəfəngiyyatdır,” ABŞ nümayəndəsi deyib. “Biz onların həqiqətən nə olduğunu bilirik.”

Qərb rəsmiləri deyir ki, Moskva Ukrayna sərhədlərində 150 mindən çox qoşun toplayıb.

“Növbəti saatlar və günlər kritik olacaq,” BMT-nin siyasət söbəsinin başçısı Rosmari DiKarlo xəbərdarlıq edib. “Genişmiqyaslı münaqişə riski realdır və hər nəyin bahasına olursa olsun qarşısı alınmalıdır. ”

Rusiyanın nümayəndəsi deyib ki, digər şura üzvlərini dinlərkən belə bir təsəvvür yaranır ki, sanki Moskvanın qərarı qəfil və tələsik olub.

“Əlbəttə ki, bu belə deyil. Xatırlamaq lazımdır ki, DXR və LXR Ukraynadan müstəqilliklərini 2014-cü ildə elan ediblər,” Vasili Nebenzia deyib. “Amma biz onları indi tanıdıq, baxmayaraq ki, hər iki respublikada və Rusiya cəmiyyətində ən başından buna böyük dəstək var idi.”

O deyib ki, son günlərdə Ukraynanın əraziləri atəşə tutması səbəbilə Rusiyaya 60 min insan qaçıb. Kyiv əhaliyə hücum etmədiyini bildirir.

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Xüsusi Monitorinq Missiyası regionda 18-20 fevral tarixləri arasında atəşkəsin 3000-dən çox dəfə pozulduğunu qeydə alıb. Bunda Luqansk regionunda 926, Donetskdə isə 1100 partlayış daxildir. Missiya bunların səbəblərini və ya mənbələri açıqlamayıb.

“Biz diplomatiyaya, diplomatik həll yoluna açıq qalırıq. Lakin bizim niyyətimiz Donbasda yeni qırğına imkan verməməkdir,” Nebenzia deyib.

Şura üzvlərinin əksəriyyəti Ukraynanın suverenliyinə, ərazi bütövlüyünə və siyasi müstəqilliyinə dəstəklərini ifadə ediblər və diplomatik həll yoluna çağırış ediblər.

“Rusiya bizi uçurumun kənarına gətirib,” Britaniya nümayəndəsi Barbara Vudvard deyib. “biz Rusiyanı geri addım atmağa çağırırıq,” o deyib.

Kenyanın nümayəndəsi deyib ki, Moskvanın Donetsk və Luqanskı tanıması onun ölkəsini “ciddi şəkildə narahat edir.” O deyib ki, hər bir Afrika ölkəsinin bir imperiyanın bitməsi nəticəsində yaranmasına, müstəmləkəçi dövlətlərin suni sərhədlər çəkməsinə baxmayaraq, onlar BMT-nin Xartiyasına əməl etdiklərinə və sülh istədiklərinə görə bu sərhədləri saxlayıblar.

“Biz inanırıq ki, dağılan və ya geri çəkilən imperiyalardan yaranan dövlətlərdə qonşu ölkələrdəki bir çox insan qonşu dövlətlərin xalqları ilə inteqrasiyaya can atırlar. Bu normal və başa düşüləndir. Kim qardaşlarına qoşulub, onlarla ortaq bir məqsədı doğru yönəlmək istəməz ki?” o sual edib.

“Lakin Keniya bu cür istəklərin güc yolu ilə təqib edilməsini rədd edir,” səfir Kimani deyib.

Ukrayna keçmiş Sovet İttifaqı respublikasıdır və 1991-ci ildə keçirilən referendumla müstəqillik əldə edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniyanın müdafiə naziri dəstək məqsədilə Ukraynaya səfər edib
please wait

No media source currently available

0:00 0:12:00 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG