Accessibility links

Kür çayı minlərlə insanı evsiz qoyub


Kür çayı
Kür çayı

Kür və Araz çaylarının daşması nəticəsində sahilboyu ərazidə vəziyyət gərgin olaraq qalır

Kür və Araz çaylarının daşması nəticəsində sahilboyu ərazidə vəziyyət gərgin olaraq qalır. Dünən prezident İlham Əliyev fəlakət zonasında olub.

Baş nazirin müavini Abid Şərifov bildirib ki, hazırda Kür çayından saniyədə 2400 kubmetr su keçir və suyun dərinliyi 18 metrdir. Tarixdə indiyədək çayda maksimum hədd saniyədə 2100 kubmetr olub.

Cənab Şərifov mayın 7-də Kür çayı üzərindəki bəndin 100 metr uzunluğunda hissəsinin uçduğunu və digər 65 metr uzunluğunda olan torpaq bəndi su yuduğunu deyib. “Bunun nəticəsində, gün ərzində Kürdən insanların yaşadığı məntəqələrə 25 milyon kubmetr su axır və axan suyun səviyyəsi 2 metr - 2 metr yarımdır”.

Onun sözlərinə görə, fəlakət zonasında 1000-ə yaxın böyük maşın, iki minə yaxın əsgər, minlərlə insan işləyir.

Görülən işlərə baxmayaraq Kür və Araz çaylarını hələ də cilovlamaq mümkün olmayıb. Ən ağır vəziyyət Sabirabad rayonu ərazisindədir. Artıq ondan çox kəndin sakinləri köçürülüb, minlərlə ev su altında qalıb.

Dünən axşam isə rayonun Azadakənd kəndi və Ulacalı kəndlərində bənd dağılıb. Hər iki kənd su altında qalıb, əhali köçürülüb. Yerli sakin Dağqın Ağaşov “Amerikanın səsi” radiosuna bildirib ki, daşqın Navadan və Qaratəpə kəndləri istiqamətində hərəkət edir. Suyun səviyyəsi yenidən qalxarsa, Bulduq, Ətcələr, Həşimxanlı, Güdəcühür, Axtaçı və Qaralar kəndləri təhlükə ilə üzləşə bilər.

Digər kənd sakini Famil kişi əhalinin bütün əmlakının su altında qaldığını deyib. Onun sözlərinə görə, kəndlərin camaatı on gündən çox çalışmasına baxmayaraq Kür çayı bəndi aşıb.

Sabirabad rayonunda daşqınların qarşısı alındıqca

axın istiqamətindəki ərazilərdə suyun səviyyəsi qalxır. Çayda suyun səviyyəsi qalxdıqca qrunt sularının səviyyəsi də artır. Salyan rayonunda 4 mindən çox ev qrunt sularının təsirinə məruz qalıb. Bəzi həyətlərdə 1 metr yarımadək qrunt suları yığılıb. Salyan şəhər sakini Emil Məmmədov “Amerikanın səsi”nə bildirib ki, rayonda epidemioloji vəziyyətdə çətinləşir və Sabirabadda selin qarşısı alındıqca Salyanda qrunt sularının səviyyəsi qalxmaqda davam edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, mayın 15-dək yağışlı hava davam edəcək, bəzi rayonlarda yağıntılar intensiv olacaq. Çaylarda yüksək sululuq davam edəcək, daşqın və sel ğözlənilir.

XS
SM
MD
LG