ABŞ prezidenti Barak Obama bildirib ki, Birləşmiş Ştatlar Kuba xalqının azadlığı üçün susmayacaq. O bu sözləri kommunist ölkəsi Kubada ABŞ səfirliyinin açılması və hər iki ölkə arasında əlaqələrin normallaşdırılması istiqamətində atılacağı addımları açıqlarkən bildirib.
ABC kanalına müsahibəsində Obama bildirib ki, o, Kuba prezidenti Raul Kastro ilə telefon danışığı zamanı demokratiya və insan haqlarını dəstəkləməyə davam edəcəyini deyib.
ABŞ dövlət başçısı Kuba prezidentinin dərhal öz hökumətini dəyişdirəcəyini gözləmir. O deyib ki, Kubada yeni nəslin gələcəkdə dostluq əlaqələrinin qurulmasına meyilli olduğuna inanır.
Ağ Evdə açıqlaması zamanı Obama deyib ki, 50 il davam edən təcrid siyasəti fayda verməyib və artıq yeni yanaşmanın zamanı çatıb.
Kastro həmçinin Havanada çıxışı zamanı bildirib ki, ABŞ prezidenti Barak Obama xalqının ehtiramına və tanınmasına layiqdir.