Accessibility links

Eldar Mahmudov istintaq idarəsinə çağırılıb


Milli təhlükəsizlik naziri Eldar Mahmudov
Milli təhlükəsizlik naziri Eldar Mahmudov

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov istintaq idarəsinə çağırılıb

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Amerikanın Səsinə bildirib ki, fəaliyyəti dayandırılmış Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləmiş və faktiki olaraq nazirin köməkçisi funksiyasını həyata keçirmiş polkovnik-leytenant Vüqar Mahmudov həmin nazirliyin vəzifəli şəxsləri barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.

“V.Mahmudova dövlət əmlakının mütəşəkkil dəstə tərkibində külli miqdarda mənimsəmə, ayrı-ayrı vətəndaşların əmlakını hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələblərini kobud surətdə pozma, vəzifə saxtakarlığı, eləcə də tamahkarlıq və şəxsi maraqlarına görə qulluq mövqeyindən sui-istifadə əməllərinə görə ittihamlar elan edilməklə barəsində Bakı Hərbi Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib”, Sultanov qeyd edib.

Mətbuat Xidmətinin rəhbəri bildirirb ki, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov qeyd edilən cinayət işi üzrə dindirilməsi üçün Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə çağırılıb.

Yerli medianın məlumatına görə, Vidadi Mahmudov keçmiş nazirin əmisi oğludur.

2015-ci ilin oktyabrında keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifədən uzaqlaşdırılıb. Milli Təhlükəsizlik Nazirliyi ətrafındakı məlum hadisələrdən sonra nazirliyin 20-dən çox yüksək vəzifəlisi həbs olunub.

Onlara qarşı qanunsuz azadlıqdan məhrumetmə, hədə-qorxu ilə tələb etmə, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə də daxil olmaqla 10-dan artıq maddə ilə ittiham irəli sürülüb.

2017-ci il iyulun 31-də Baş Prokurorluğun əməliyyat müşavirəsində baş prokuror Zakir Qaralov deyib ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin yüksək rütbəli vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı 250 epizod üzrə aparılmış kompleks istintaq-əməliyyat tədbirləri nəticəsində 2005-2015-ci illər ərzində nazirliyin əməkdaşlarından ibarət yaradılmış mütəşəkkil dəstənin üzvlərindən Akif Çovdarov, Sübahir Qurbanov və qeyrilərinin, cəmi 19 şəxs barəsində 7 cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib.

Xatırladaq ki, artıq həmin şəxslərin əksəriyyəti məhkəmə hökmləri ilə uzun müddətli həbsə məhkum edilib.

Baş prokuror bildirib ki, vurulmuş 41 milyon 512 min manat məbləğində ziyanın ödətdirilməsinin təmin olunması məqsədi ilə təqsirləndirilən şəxslərə məxsus ümumilikdə 56 milyon manat dəyərində əmlak üzərinə məhkəmənin qərarı ilə həbs qoyulub.

Hazırda cinayət işinin digər epizodları, o cümlədən barələrində axtarış elan olunmuş şəxslərin cinayət əməlləri barədə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

XS
SM
MD
LG