Accessibility links

Kreml: Putin sanksiyalara veriləcək cavabı düşünür


Kreml 16 apreldə bildirib ki, Rusiya Prezidenti Vladimir Putin tətbiq olunmuş yeni sanksiyalarla əlaqədar Vaşinqtona cavab verməyi düşünür. Və əlavə edir ki, ABŞ prezidenti Co Baydenin rus həmkarı ilə dialoq axtarması "yaxşı" hal idi.

Açıqlama Kremlin sözçüsü Dmitri Peskov tərəfindən Baydenin yeni sanksiyalar elan etməsi, rus şirkətlərini qara siyahıya salması, rus diplomatlarının ABŞ-dan qovulması və Rusiyanın istiqraz bazarında fəaliyyət göstərən ABŞ banklarına əlavə məhdudiyyətlər tətbiq edilməsindən bir gün sonra verilib.

Rəsmi Vaşinqtonun bu addımı Moskvanın ABŞ seçkilərinə müdaxilə, kiber hücumlar və Rusiyanın digər "zərərli" fəaliyyətlərinə cavab olaraq atılıb. Rusiya iddiaları rədd edir.

"Bu kimi məsələlərdə qarşılıqlı əlaqə prinsipi ləğv edilməyib, lakin hər şey dövlət başçısının verdiyi qərarlardan asılı olacaq" - deyə, Peskov Moskvada keçirilən mətbuat konfransı zamanı deyib.

Rusiyanın Xarici İşlər Nazirliyi cavabın tezliklə veriləcəyini desə də, Peskov qərarın nə vaxt veriləcəyini açıqlamayıb.

Aprelin 13-də Bayden Putinlə Rusiya və Ukrayna arasındakı artan gərginliyi müzakirə etmək üçün bitərəf yerdə keçiriləcək sammitdə bir araya gəlməyi təklif edib.

Rusiyaya qarşı yeni sanksiyalar elan edildikdən sonra Bayden bunun Moskvanın düşmən hərəkətlərinə qarşı "ölçülmüş və nisbətli" bir cavab olduğunu, lakin bununla Moskva ilə Vaşinqton arasındakı gərginliyin "azaldılmasının vaxtının" gəldiyini bildirib.

"Prezident Putin əlaqələrin qurulması və münasibətlərdəki gərginliyi normallaşdırmanın məqsədəuyğunluğundan danışıb" - deyə, Peskov müxbirlərə bildirib.

O, Moskvanın hələ sammit məsələsini nəzərdən keçirdiyini deyib.

XS
SM
MD
LG