Accessibility links

NATO əsgərləri Kosovoda keşik çəkir


çərşənbə axşamı Kosovonun Leposaviç şəhərində serb etirazçılar alban jurnalistlərə məxsus iki avtomobili əzib. Bundan bir gün öncə isə qarşıdurmalar zamanı 30 NATO əsgəri və 52 nümayişçi yaralanıb, Avropa İttifaqı və NATO rəsmiləri isə zorakılıqlara son qoyulmasına çağırıb.

Regionda gərginlik apreldə serblərin boykot etdiyi seçkilərdən sonra Kosovonun şimalında serblərin çoxluq təşkil etdiyi bölgədə etnik alban merləri vəzifəyə gəldikdən sonra artıb. Bu addım ABŞ və müttəfiqlərinin Priştinanı danlamasına səbəb olub.

Hadisənin şahidi olan Reuters xəbər agentliyinin müxbirinin dediyinə görə, maskalı şəxslər "A2, CNN filialı" yazılmış Alban dövlət nömrə nişanlı avtomobilə yaxınlaşaraq qabaq şüşəni sındırıb. Başqa bir media orqanına məxsus daha bir avtomobil də sındırılıb. Xəsarət alan olmayıb.

Avropa İttifaqının xarici siyasət rəhbəri Cozep Borrell Kosovo və Serbiya liderlərini dialoq vasitəsilə gərginliyi azaltmaq üçün yol axtarmağa çağırıb.

Borrell Brüsseldə keçirdiyi brifinqdə "Bu gün Avropada onsuz da çox sayda zorakılıq var, biz başqa bir münaqişəyə tab gətirə bilmərik" deyib.

Şimali Kosovoda əksəriyyət təşkil edən serblər Kosovonun 2008-ci ildə Serbiyadan ayrılaraq, müstəqillik elan etməsini heç vaxt qəbul etməyib və Kosovo albanlarının repressiv Serb hakimiyyətinə qarşı üsyanından iyirmi ildən çox vaxt keçməsinə baxmayaraq, Belqradı özlərinin paytaxtı hesab edir.

Etnik albanlar bütövlükdə Kosovo əhalisinin 90%-dən çoxunu təşkil etsə də, şimalda serblər uzun müddətdir öz ərazilərində muxtar bələdiyyələr assosiasiyasının yaradılması üçün Avropa İttifaqının vasitəçiliyi ilə 2013-cü ildə imzalanmış sazişin həyata keçirilməsini tələb edir.

Serblər apreldə keçirilən yerli seçkilərdə iştirakdan imtina edib və etnik alban namizədlər 3,5% fəallıqla serblərin çoxluq təşkil etdiyi dörd bələdiyyədə merlikləri qazanıb.

Serbiya ilə uzun müddətdir sıx əlaqələri olan və onun slavyan və pravoslav xristian ənənələrini bölüşən Rusiya çərşənbə axşamı Kosovodakı iğtişaşları yatırmaq üçün "qətiyyətli addımlar" atılmasına çağırıb.

XS
SM
MD
LG