Accessibility links

“Korrupsiyanı yenə ifşa edəcəm,” bloger Elçin Həsənzadə 8 aylıq həbsdən sonra belə deyib


Elçin Həsənzadə
Elçin Həsənzadə

Bloger Elçin Həsənzadə və 8 aylıq həbsdən sonra bu gün, noyabrın 2-də azadlığa buraxılıb. Bu barədə onun özü Amerikanın Səsinə müsahibəsində bildirib.

“Siyasi məhbuslar necə həbs həyatı yaşayırsa, mən də həmin həyatı yaşadım. Həbsxanada bizə münasibət orta idi. Həm bizdən çəkinirdilər, həm pis baxırdılar ki, biz kimə isə qarşı niyə mübarizə aparırıq. Çünki onlar da hakimiyyətin nümayəndələri idi,” o qeyd edib.

Həsənzadə deyib ki, o şərlənərək həbs edilib.

“Bunu hamı bilir və görür. Həbsxanada xəstləkilər tapdım. Böyrəyimdə problem yarandı, nevroloji xəstləlikdən xəstəxanada yatdım. Bir də mədəmdə daxili qanaxma yaranıb. İndi bu xəstəliklərlə bağlı müalicəmi davam etdirəcəm.”

Bloger bildirib ki, korrupsiyaya qarşı mübarizəsini davam etdirəcək.

"Mən yenə korrupsiya faktlarını ifşa edəcəm."

O, Avropa Məhkməsinə müraciət edəcəyini bildirib.

“Bir həftə öncə Ali Məhkəmənin qərarını almışam. Əlbəttə Avropa Məhkəməsinə müraciət edib ədaləti bərpa edəcəm. Mən şərlənib həbs olunmuşam,” bloger qeyd edib.

Bu il martın 2-də Şəki Apellyasiya Məhkəməsi bloger və fəallar Elçin Həsənzadəni və İbrahim Türksoyu böhtan və təhqir ittihamı ilə 8 ay müddətinə azadlıqdan məhrum edib.

Xüsusi cinayət ittihamı qaydasında iddianı Mingəçevir şəhər Mənzil-İstismar İdarəsinin rəisi Şəhriyar Mustafayev irəli sürüb. O, Həsənovun Cinayət Məcəlləsinin 147.1 (böhtan) və 148-ci (təhqir) maddələrilə cəlb olunmasını tələb edib. İddianın səbəbi sosial şəbəkələrdə məmur haqqında tənqidi nəşrlərdir.

Bundan öncə Mingəçevir şəhər Məhkəməsi onların barəsində islah işlərilə bağlı hökm çıxarıb. Blogerlər hökmdən şikayət veriblər, lakin Apellyasiya Məhkəməsi cəzanı real həbs müddətilə əvəz edib.

Elçin Həsənzadə hüquq-müdafiə fəaliyyətilə məşğul olub, əvvəllər Sumqayıtda nəşr olunan "Yüksəliş naminə" qəzetinin redaktor müavini olub.

Həsənzadə bildirib ki, o korrupsiya fakrtını çəkib yaydlıqdan sonra həbsə məhkum edilib.

“Məni korrupsiya faktını aşkar etdiyimə görə həbs ediblər. Statusumda “iribuynuzlu məmur” yazmışam, bunu təhqir hesab edib 8 ay həbs veriblər,” o qeyd edib.

Vəkillər Zibeydə Sadıqova və Nemət Kərimli hər iki blogerin Avropa İnsan Hüquqları və Azadlıqları Konvensiyasının 10-cu maddəsində zəmanət verilən ifadə azadlığına görə həbs edildiyini bildirib.

Vəkil Zibeydə Sadıqova deyib ki, bloger araşdırmalarına görə təqib edilib.

“Bu qərar ifadə azadlığına qarşıdır və Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin (fikri ifadə etmək azadlığı) pozuntusudur,” o qeyd edib.

XS
SM
MD
LG