İyulun 22-də Azərbaycan Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi 2015-ci ilin I yarısında korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlərlə bağlı mətbuat konfransı keçirib.
Tədbirdə baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi Vüsal Hüseynov məlumat verib.
K.Əliyev bildirib ki, son yarım ildə Baş İdarədə vətəndaşların 5150 müraciətinə baxılıb, həmçinin 95 cinayət xarakterli material araşdırılıb. Həmin materialların 65-i (68%) üzrə cinayət işi başlanıb, 30 (32%) material üzrə cinayət işinin başlanılması rədd edilərək zəruri qabaqlayıcı tədbirlər görülüb.
Bu müddətdə “Qaynar xətt” əlaqə mərkəzinə 3414 müraciət daxil olub, həmin müraciətlərin 12-i üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb.
2015-ci ilin I yarımilində Baş İdarənin İstintaq idarəsi tərəfindən 158 şəxs barəsində 99 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.
Həmin cinayət işlərindən 50 şəxs barəsində 33 iş mənimsəmə və israf etmə, 41 şəxs barəsində 30 iş dələduzluq, 26 şəxs barəsində 13 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 8 şəxs barəsində 8 iş saxta sənədlərdən istifadə etmə, 6 şəxs barəsində 3 iş vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, 20 şəxs barəsində 8 iş rüşvətalma, 6 şəxs barəsində 3 iş vəzifə saxtakarlığı, 1 şəxs barəsində 1 iş isə digər faktlarla əlaqədar olub.
Məhkəmələrə göndərilən cinayət işləri üzrə vurulmuş94 milyon 895 min manat ziyandan istintaq müddətində 30 milyon 226 min manat və ya 31, 8 %-i ödənilib, qalan ziyanın təqsirləndirilən şəxslərin əmlakları üzərinə həbs qoyulmaqla ödənilməsi üçün qanunla nəzərdə tutulmuş tədbirlər görülüb.
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi Vüsal Hüseynov bildirib ki, son vaxtlar həyata keçirilən bir sıra mühüm qanunvericilik və praktiki tədbirlər öz bəhrəsini verib, ölkədə korrupsiyaya qarşı mübarizənin daha səmərəli formada təşkil edilməsinə zəmin yaranıb.
Onun sözlərinə görə, “Korrupsiya halları barədə məlumat verən şəxslərin müdafiəsi haqqında” qanun layihəsi hazırlanıb. Bundan başqa, korrupsiyaya qarşı həyata keçirilmiş mühüm qabaqlayıcı institusional tədbirlər çərçivəsində “ASAN” xidmət mərkəzlərinin fəaliyyəti genişləndirilib.
Kamran Əliyev bildirib ki, 2015-ci ildə bank sektoru, tikinti, kənd təsərrüfatı, səhiyyə və təhsil sahələrində korrupsiya faktları daha çoxdur.
Banklarla bağlı 15 fakt üzrə 30 şəxs barəsində cinayət işi məhkəmələrə göndərilib. Özəl sektorda 11 cinayət işində 17 şəxs barəsində, ticarət sahəsində 11 cinayət işində 11 şəxs barəsində faktlar toplanaraq məhkəməyə göndərilib. Təhsil, kənd təsərrüfatı, səhiyyə və tikinti sahələrində də çoxsaylı cinayət işləri məhkəməyə göndərilib.
“Azərbaycanın Baş Prokurorluğu sovet dövründə olduğu kimi nəzarət orqanı funksiyasına malik deyil. Lakin əgər bizə AZAL Dövlət Konserninin fəaliyyətinə dair müraciət daxil olsa, biz onu qanunvericilik çərçivəsində nəzərdən keçirəcəyik. Bununla belə qeyd etməliyəm ki, Baş Prokurorluq aviadaşımalarla məşğul olan şirkətin qiymət siyasətinə qarışmır”. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəhbəri Kamran Əliyev “AZAL-ın fəlayyəti yoxlanılacaqmı?”- sualının cavabında bildirib.
Kamran Əliyevin sözlərinə görə, prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, ölkədə toxunulmaz adam yoxdur və kimsə hansısa qanunsuz əməl törədərsə, qanun qarşısında cavab verəcək.
“Bizə AZAL-da korrupsiya və mənimsəmə faktları baradə müraciət daxil olmayıb. Lakin biz bu gün görürük ki, dövlət konserni prezidentin çıxışından nəticə çıxarıb və aviabiletlərin qiymətini aşağı salmağa başlayıb”, Əliyev bildirib.
Kamran Əliyev Amerikanın Səsinin, “əsassız vergi yoxlamaları”, “biznesə krışalıq edənlər”, “Dostluq” parkında milyon dollarla dəyəri olan beton divarların, villaların və eyni ilə dəniz sahillərinə qanunsuzçəkilən kilometrlərlə beton divarların maliyyə mənbələri araşdırılıbmı?, “Beynəlxalq bankda problemli kreditlərin məbləği, digər bank və kredit təşkilatlarında da belə hallar varmı?, “Azadlıq” prospektində yanan binanın təmirində korrupsiya halları müəyyən edilibmi? suallarına cavab verməkdən yayınıb.
O bildirib ki, Beynəlxalq Bankla bağlı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aparılan istintaq işində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin üç əməkdaşı iştirak edir. O problemli kreditlərin məbləği, digər banklarda və kredit təşkilatlarında belə problemlərin olub-olmaması barədə deyib ki, “korrupsiya faktları müəyyən edilərsə hüquqi qiyməti veriləcək”.
“Nə qədər problemli kredit müəyyən olunub, onu deməyə mən səlahiyyətli deyiləm”, o qeyd edib.
Baş İdarə rəisi “Dostluq” Parkı ilə bağlı cinayət işinin Kopprupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmadığını deyib.
“Cənab prezident Nazirlər Kabinetinin iclasında hansı məsələləri qaldırıbsa biz gələcək fəaliyyətimizdə həmin göstərişləri və tapşırıqları rəhbər tutacağıq”, Kamran Əliyev qeyd edib.
Vüsal Hüseynov isə 2005-ci ildə prezidenti Nazirlər Kabinetinin vəzifəli şəxslərin gəlib bəyannamələrinin nümunlərinin indiyədək niyə hazırlanmaması barədə Amerikanın Səsinin sualının cavabında deyib ki, müsbət cavab verə bilməyəcək. “Amma, bu məsələ çox gecikib”, o qeyd edib.