Accessibility links

Korrupsiya faktlarına, həbslərə siyasi baxış və ekspert rəyi


Avqustun 19-da Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Kürdəmir Rayon İcra Hakimiyyətinin İnzibati binasında, habelə rayonun Suvarma sistemləri və Yaşıllaşdırma idarələrində, Kommunal Müəssisələr Kombinatında və Kürdəmir şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində əməliyyat-istintaq tədbirləri keçirilib.

Ceyhun Cəfərov
Ceyhun Cəfərov

Kürdəmir rayon icra hakimiyyəti başçısı həbs edilib

Görülmüş tədbirlər nəticəsində Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov, icra hakimiyyəti başçısının birinci müavini Tacəddin Novruzov, İcra hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Natiq Kərimov Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 311.3.3-cü (rüşvət alma külli miqdarda törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində Binəqədi rayon Məhkəməsinin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Səhiyyə müəssisələrindən 137 min manat, Kommunal Müəssisələr Kombinatından 58 min manat, təhsil müəssisələrindən 120 min manat, “Azbiyan” Məhdud Məsuliyyətli Cəmiyyətindən 71 min manat rüşvət qismində istəyərək almalarına əsaslı şübhələr müəyyən edilib.
Baç Prokurorluğun məlumatından sitat

Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, hazırda Kürdəmir rayon icra hakimiyyətinin tabeliyindəki qurumlarda və rayon ərazisində fəaliyyət göstərən digər qurumların fəaliyyətində yol verilmiş qanun pozuntularının araşdırılması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Baş Prokuroruq bildirir ki, aparılmış istintaqla Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovun icra hakimiyyəti başçısının birinci müavini Tacəddin Novruzov, İcra hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Natiq Kərimov və icra hakimiyyətinin digər vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olmaqla və onlar vasitəsilə rayon ərazisində fəaliyyət göstərən səhiyyə, təhsil və digər dövlət müəssisələrindən, habelə bir sıra özəl müəssisələrdən müxtəlif məbləğdə pul vəsaitlərini, eləcə də dövlətin mənafeyinə ağır nəticələrə səbəb olan mühüm zərər vuran digər qanunsuz hərəkətlər etməsinə əsaslı şübhələr müəyyən edilib.

Belə ki, istintaqla həmin şəxslərin birbaşa və icra hakimiyyətinin digər vəzifəli şəxsləri vasitəsilə ayrı-ayrı vaxtlarda rayon ərazisində fəaliyyət göstərən səhiyyə müəssisələrindən ümumilikdə 137 min manat, Kommunal Müəssisələr Kombinatından 58 min manat, rayon ərazisində fəaliyyət göstərən təhsil müəssisələrindən 120 min manat, “Azbiyan” Məhdud Məsuliyyətli Cəmiyyətindən 71 min manat məbləğində vəsaiti rüşvət qismində istəyərək almalarına əsaslı şübhələr müəyyən edilib.

Bununla yanaşı, həbs edilən, barəsində cinayət işi qaldırılan şəxslər, onların ailə üzvləri və vəkilləri hələ açıqlamalar verməyib.

Yüksək vəzifəli məmurların həbsi və yeni korrupsiya faktları

Kürdəmir icra hakimiyyətinin başçısı daxil olmaqla, son 9 ayda 6 rayon icra hakmiyyəti başçısı, nazir müavinləri, idarə rəhbərləri, çoxsaylı digər vəzifəli şəxslər rüşvət ittihamı ilə həbs edilib

Bir daha deyirəm, əgər kimsə hələ də hesab edir ki, kimsə onlara kömək edəcək, səhv edir. Tutulan dövlət məmurlarının acı həyatını yaşamaq istəmirlərsə, düz yola qayıtsınlar.
Prezident İlham Əliyevin çıxışından sitat

Ötən ilin dekabrından başlayaraq Dövlət Təhlükəsizliyi Xidməti beş rayon icra hakimiyyətində, Mədəniyyət Nazirliyində, Dövlət Sərhəd Xidmətində, Xarici İşlər Nazirliyində istintaq-əməliyyat tədbirləri keçirib. Eyni zamanda Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ayrı-ayrı dövlət qurumlarında istintaq-əməliyyat tədbirləri həyata keçirib. Bu tədbirlər nəticəsində çoxsaylı yüksək vəzifəli şəxslər həbsə alınıb.

Prezident İlham Əliyev dəfələrlə vəzifəli şəxslərə şəffaflıq şəraitində işləmələrinin vacibliyi ilə bağlı xəbərdarlıq edib.

"Dürüstlük, şəffaflıq, ədalət hər bir dövlət məmurunun iş prinsipi olmalıdır. İş prinsipi bu olmalıdır, rüşvət yox, yalan yox, talançılıq yox, saxtakarlıq yox, vicdansızlıq yox! Dürüstlük, şəffaflıq, xalqa xidmət, ədalət - budur, prinsiplər! Bir daha deyirəm, əgər kimsə hələ də hesab edir ki, kimsə onlara kömək edəcək, səhv edir. Tutulan dövlət məmurlarının acı həyatını yaşamaq istəmirlərsə, düz yola qayıtsınlar,” prezident Əliyev bu il mayın 13-də Kəlbəcər rayon İcra Hakimiyyətinə yeni təyin edilən başçını videofornatda qəbul zamanı deyib.

Hüquqi tədbirlərə, yüksək vəzifəli şəxslərin həbsinə baxmayaraq, yeni korruspsiya faktları aşkar edilməkdədir.

Ekspertlər hesab edir ki, yalnız hüquqi tədbirlərlə korrupsiya və rüşvət hallarının qarşısını almaq mümkün deyil. Bunun üçün həm də şəffaflıq, hesabatlılıq və ictimai nəzarətin gücləndirilməsi lazımdır.

Arif Hacılı
Arif Hacılı

Arif Hacılı: Korrupsiyanın aradan qaldırılması üçün sistem dəyişikliyi olmalıdır

Müxalifətdə olan Müsavat Partiyasının başqanı Arif Hacılı hesab edir ki, ölkədə hüquqi tədbirlərlə korrupsiyanın aradan qaldırılması mümkün deyil.

“Korrupsiyanın aradan qaldırılması üçün bütövlükdə sistem dəyişikliyi baş verməlidir. Azərbaycan iqtisadiyyatı faktiki olaraq korrupsiya sistemi üzərində qurulub.”

Arif Hacılı: Korrupsiyanın aradan qaldırılması üçün sistem dəyişikliyi olmalıdır
please wait

No media source currently available

0:00 0:01:46 0:00

Müsavat lideri hesab edir ki, həbs edilənlər heç də korrupsiyanın başında duran adamlar deyil.

Azərbyacan iqtisadiyyatı korrupsiya, rüşvət sistemi üzərində qurulub. Dövlət büdcəsindən vəsaitlərin ayrılması, büdcə vəsaitlərinin xərclənməsi şəffaf deyil və bu hakimiyyətin yüksək pillələrində olan şəxslərin iradəsi ilə müəyyənləşir, korrupsiyanın kökü də buradadır.
Arif Hacılı, Müsavat Partiyasının başqanı

“Məsələn, müşavirələrin birində İlham Əliyev Neft Şirkətinin (SOCAR), AZAL-ın (Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyəti) prezidentlərini tənqid etdi və onların xeyli miqdarda dövlət vəsaitini israf etmələri barədə fikir səsləndirdi. Eyni zamanda su təsərrüfatı ilə bağlı keçirilən müşavirədə bu sahədə milyonlar, bəlkə də milyardlarla vəsaitin israf edilməsi barədə fikirlər səsləndirdi. Amma faktiki olaraq bu sahələrdə heç kəs həbs edilmədi. Ancaq mədəniyyət nazirliyi, hər hansı bir icra hakimiyyətində çalışan birinci, ikinci və ya üçüncü dərəcəli şəxləri həbs etmək, əslində bir görüntü yaratmaq məqsədidir. Bir çox hallarda bu həbslər siyasi xarakter daşıyır. Digər hallarda isə həbslər korrupsiya ilə mübarizə görüntüsü yaratmaq üçün həyata keçirilir. Bütövlükdə isə Azərbyacan iqtisadiyyatı korrupsiya, rüşvət sistemi üzərində qurulub. Dövlət büdcəsindən vəsaitlərin ayrılması, büdcə vəsaitlərinin xərclənməsi şəffaf deyil və bu hakimiyyətin yüksək pillələrində olan şəxslərin iradəsi ilə müəyyənləşir, korrupsiyanın kökü də buradadır,” Hacılı Amerikanın Səsinin korrupsiyanın azalmamasının səbəbləri barədə sualının cavabında bildirib.

Nəsimi Məmmədli
Nəsimi Məmmədli

Nəsimi Məmmədli: Korrupsiyaya qarşı mübarizə üçün ictimai nəzarət təmin edilməlidir

Siyasi məsələlər üzrə ekspert Nəsimi Məmmədli Amerikanın Səsinə müsahibəsində deyib ki, korrupsiyaya qarşı sistemli mübarizə üçün ilk növbədə ictimai nəzarətin təmin edilməsi üçün addımlar atılmalıdır.

Nəsimi Məmmədli: Korrupsiyaya qarşı mübarizə üçün ictimai nəzarət təmin edilməlidir
please wait

No media source currently available

0:00 0:01:59 0:00
Görünür, burada qanunvericiliklə yanaşı, siyasi iradə də tam şəkildə deyil.
Nəsimi Məmmədli, siyasi ekspert


“Cəmiyyət rəsmi qurumlara ictimai nəzarəti həyata keçirməlidir. Bunun üçün tam açıq hesabatlılıq təmin edilməlidir. Azərbaycanda qanunvericilik faktiki olaraq şəffaflıq, ictimai nəzarətin yolunu bağlayıb. Düzdür, ölkədə 2014-cü ildə qəbul edilən ictimai iştirakçılıqla bağlı qanun var. Amma bu qanundakı məhdudiyyətlər vətəndaşların, ictimai qurumların, medianın kənardan dövlət qurumlarının fəaliyyətinə nəzarət etməsini qeyri-mümkün edir. İctimai Şuralar yaradılıb. Amma həmin İctimai Şuraların özü mövcud qurumların rəhbərliyindən asılı vəziyyətdədir. Onların iradəsinə qarşı ola bilməz. Korrupsiyaya qarşı mübarizə üçün qeyd etdityim amillər təsbit olunmasa, mübarizənin effekti olmayacaq,” o qeyd edib.

Ekspert hesab edir ki, mübarizənin effektiv olması üçün ciddi siyasi iradə olmalıdır.

“Hesab edirəm ki, ciddi siyasi iradə olarsa heç bir nazirlik, rayon icra hakimiyyəti, dövlət qurumları korrupsiya ilə məşğul olmağa cəsarət etməz. Görünür, burada qanunvericiliklə yanaşı, siyasi iradə də tam şəkildə deyil,” Məmmədli Amerikanın Səsinin sualının cavabında deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Heyvan haqları fəalı Kamran Məmmədli COP29 tədbiri zamanı saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:32 0:00
XS
SM
MD
LG