Accessibility links

Koronavirusa yoluxanların sayı artır- 273 nəfər yoluxub, 3 nəfər vəfat edib


İyunun 2-də Azərbaycanda 273 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 56 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1943, 1954 və 1956-cı il təvəllüdlü 3 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkədə 5 935 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3 564 nəfər müalicə olunaraq sağalıb, 71 nəfər vəfat edib, 2 300 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 50 nəfərin vəziyyəti ağır, 73 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 309 901 test aparılıb.

Karantin rejimi yumşaldıqdan sonra ölkədə infeksiyaya yoluxma halları sürətlə artmaqdadır.

Bu gün, iyunun 2-də Xaçmaz rayonun Köhnə Xaçmaz kəndində (Bakıdan 168 kilometr şimal) koronavirus infeksiyasına yenidən yoluxma halları baş verdiyinə görə kənd polis nəzarətinə götürülüb.

İqtisadiyyat Nazirliyinin məlumatında deyilir ki, mayın 22-dən iyunun 1-dək 2385 sahibkarlıq subyektində sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl edilməsinə dair monitorinq keçirilib və 1141 obyektdə zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərin pozulması hallarına rast gəlinib.

İyunun 1-də isə keçirilən monitorinq nəticəsində 401 obyektin 191-də zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması halları müəyyən edilib.

Milli Məclis iyunun 2-də karantin rejimini pozan şəxslərə qarşı qanunvericiliyi sərtləşdirib.

Parlamentin İnzibati Xətalar Məcəlləsinə etdiyi dəyikliyə görə bundan sonra qoruyucu maska taxmayan şəxslər 50 manatdan 400 manatadək cərimələnəcək.

COVİD 19-a qarşı mübarizənin qısa tarixi

Martın 14-dən Azərbaycanda bütün kütləvi tədbirlər ləğv edilib. Habelə martın 3-dən orta və ali məktəblərdə dərslər dayandırılıb. Martın 24-dən etibarən ölkədə xüsusi karantin rejimi elan edilib.

Aprelin 5-dən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub.

Mayın 18-dən karantin rejimi yumşaldılıb. SMS icazə ilə insanların evdən çıxması, xüsusi vəsiqə və arayışlarla işə çıxma sistemi ləğv edilib. 65-dən yuxarı yaşı olan insanların evdən çıxmasına tətbiq edilən qadağa aradan qaldırılıb. Restoranlar, kafelər, ictimai iaşə obyektləri, parklar açılıb.

Bununla yanaşı, kütləvi tədbirlərin keçirilməsinə tətbiq edilən qadağalar qüvvədə qalıb. 10 nəfərdən çox insanın bir yerə toplanması qadağandır.

Nazirlər Kabinetinin qərarı ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti iyunun 15-dək uzadılıb.

Eyni zamanda mayın 31-dən xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin də aradan qaldırılmasına qərar verilib.

Belə ki, bütün ictimai-iaşə müəssisələrinin, o cümlədən restoranların, ticarət mərkəzlərinin və “Mall”ların fəaliyyəti bərpa olunub.

Amma ölkə üzrə bütün ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə və 10 nəfərdən artıq toplaşmaqla kütləvi şənliklər, məclislərin təşkili qadağan edilib.

XS
SM
MD
LG