Accessibility links

Tramp: Koronavirusdan 75-80 minlə 100 min arasında insan itirəcəyik


ABŞ prezidenti Donald Tramp ölkədə iş yerlərinin yenidən açılacağını və əlavə iqtisadi dəstək vəd etdiyi bir zaman COVID-19-dan nə qədər insanın öləcəyi barədə proqnozlarını da dilə gətirib.

"Biz 75-80 minlə 100 min arasında insan itirəcəyik. Bu, dəhşətdir" - deyə, Tramp bazar günü axşam Fox News kanalına bildirib.

Keçən həftə o, koronavirusdan ölənlərin sayının 60-la 70 min arasında olacağının proqnozlaşdırıldığını demişdi.

Bazar ertəsi Senatda keçiriləcək müzakirələrdən əvvəl Tramp federal hökumətin nəzərdə tutduğu 3 milyard dollarlıq yardımı ikiqat artıra biləcəyini deyib. Bu vəsait kiçik müəssisələrin ayaqda qalmasına, xəstəxanaların təchizatla təmin edilməsinə və vergi ödəyənlərə paylanması üçün nəzərdə tutulmuşdu.

"Daha çox yardım gərəkdir", deyib Tramp.

Senatın çoxluq lideri Mitç Makkonnell digər təcili məsələlər kimi COVID-19 məsələsi ilə bağlı müzakirələri davam etdirmək üçün palatasının yenidən işə qayıdacağını deyib.

“Bütün ölkə boyu əsas sektorlarda fəaliyyət göstərən Amerika işçiləri mütəxəssislərin tövsiyələrini yerinə yetirir və işlərini davam etdirərkən təhlükəsizlik tədbirlərinə riayət edir. Onlar ölkənin ehtiyac duyduğu əvəzolunmaz işlər görür. Bazar ertəsindən etibarən Senat da eyni işi görəcək” - deyə, Makkonnell bildirib.

Nümayəndələr Palatasının liderləri Vaşinqtonda görüşmək barədəki planını hələ açıqlamayıb və Kapitoli həkimlərindən bunun təhlükəsiz şəkildə necə həyata keçirilməsi barədə məlumat vermələrini istəyib.

XS
SM
MD
LG