ABŞ Nümayəndələr Palatası bazar ertəsi Prezident Co Baydenin daxili məsələlərlə bağlı gündəminin böyük hissəsi olan və səsverməsi cümə axşamına planlaşdırılan 1 trilyon dollarlıq infrastruktur qanun layihəsinin müzakirəsinə başlayacaq.
Nümayəndələr Palatasının spikeri Nensi Pelosi bazar günü Demokrat qanunvericilərə yazdığı məktubda tarixləri açıqlayıb və televiziyaya müsahibəsində qanun layihəsinin qəbul ediləcəyinə inandığını bildirib.
"Bu qanun layihəsini bu həftə qəbul edəcəyik" - deyə, Pelosi ABC News kanalının "Bu həftə" şousunda bildirib.
O, qanun layihəsinin qəbul edilməsi üçün kifayət qədər səs toplanmadığı təqdirdə, layihəni müzakirə üçün Nümayəndələr Palatasına çıxarmayacağını da əlavə edib.
Bazar günü jurnalistlərin layihə ilə bağlı sualının cavabında Bayden"bu həftənin çox hissəsini ona həsr edəcəyik" deyib.
Senat keçən ay 19 Respublikaçının Demokrat Partiyasının 50 üzvünün olduğu səsverməyə qatılaraq infrastruktur planını təsdiqləyib.
Təxminən yarısı yeni hökumət tərəfindən maliyyələşdirilən infrastruktur xərcləri köhnə yolların, körpülərin təmiri və genişlənməsinə, içməli su sistemlərinin dəyişdirilməsinə, yeni kanalizasiya infrastrukturuna, dəmir yolu və tranzit sistemlərin genişləndirilməsinə və hava limanlarının təkmilləşdirilməsi üçün nəzərdə tutulub.
Pelosi məktubunda Nümayəndələr Palatası liderlərinin Senat və Ağ Evlə birlikdə eyni zamanda sosial təhlükəsizlik və iqlim dəyişikliyini əhatə edən proqramlar üçün 3.5 trilyon dollarlıq başqa bir təklif üzərində işlədiklərini bildirib.
Bu proqrama uşaq bağçaları, yerli kolleclərdə pulsuz tədris, yaşlı amerikalılar üçün genişləndirilmiş sağlamlıq xidmətləri, uşaq fondları, iqlim dəyişikliyinin təsirləri ilə mübarizə, immiqrasiya qanunvericiliyində dəyişikliklər və reseptli dərman qiymətlərini aşağı salmaq kimi cəhdlər daxildir.