Accessibility links

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlılarının Qazaxıstana yeridilməsi Azərbaycanda əks fikirlər doğurur


Yanvarın 2-də Qazaxıstanda maye qazın bahalaşmasına etiraz olaraq keçirilən aksiyalar köhnə qiymətlərin qaytarılmasına və hökumətin istefasına səbəb olub.

Yanvarın 4-də hökumət maye qaz üçün köhnə qiymətlərin qaytarıldığını elan edib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yanvarın 5-də hökumətin istefasını qəbul edib. Baş nazirin birinci müavini Alixan Smailov aralıq dövr üçün baş nazir təyin olunub.

Buna baxmayaraq mitinqçilər ölkə boyu hökumət binalarını, hava limanlarını ələ keçirir. Daxili toqquşmalar zamanı ölənlər və çoxsaylı xəsarət alanlar var.

Qazaxıstanda etiraz
Qazaxıstanda etiraz

Prezident Kasım-Jomart Tokayev bildirib ki, aksiyalar və ixtişaşlar xarici qüvvələr tərəfindən idarə olunur. O, ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edib.

Yanvarın 5-də Qazaxıstan hökumətinin çağırışı ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı kontingenti bu ölkəyə daxil olub. Qazaxıstana göndərilən KTMT kontingentinə Rusiya, Belarus, Tacikistan, Ermənistan silahlı qüvvələrinin bölmələrinin daxil olduğu bildirilir.

Bununla yanaşı, KTMT-nin Qazaxıstana göndərdiyi hərbi qüvvələrin sayı və hansı ölkənin neçə hərbçi göndərməsi barədə rəsmi məlumat verilmir. Müşahidəçilərin hesablamalarına görə, ölkəyə 3 minədək sülməramlı yeridilib və hərçilərin böyük əksəriyyəti Rusiyanındır.

Qazaxıstanda baş verənlər Azərbaycanda diqqətlə izlənilir və ölkəyə KTMT-nin sülhməramlılarının yeridilməsi tənqidlə qarşılanıb.

Xaqani Cəfərli: Rusiya mövcudluğunu avtoritar liderlərin hesabına saxlayır

Politoloq Xaqani Cəfərli Amerikanın Səsinə bildirib ki, Belarusun ardınca Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev "rus süngüsü üzərində hakimiyyətini saxlamaq" niyyətinə düşərək hərbi yardım üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət edib.

Ukraynadan sonra Qazaxıstanda da avtoritar hakimiyyətin devrilməsi Rusiya üçün fəlakət demək olardı. Ancaq bütün bunlar müvəqqətidir.
Xaqani Cəfərli, politoloq

“Hər kəsə aydındır ki, KTMT-nin ordusu və ya silahlı qüvvələri mövcud deyil. KTMT-nin hərbi qüvvəsi ancaq rus əsgərindən ibarətdir. Artıq Orenburq yaxınlığındakı aviasiya alayı, Kamensk şəhərində yerləşən 11-ci mühafizəçi-mühəndis briqadası da Qazaxıstana göndərilmək üçün hazırlıq vəziyyətinə gətirilib. Belə görünür ki, Rusiya Qazaxıstana bir neçə minlik ordu göndərmək niyyətindədir. Bu ordu isə qazaxların qanını axıdacaq. Rusiya Federal Təhlükəsilik Xidmətinin və Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlı qüvvələrinin artıq Qazaxıstanda olduğu haqqında məlumatlar var.”

Nursultan Nazarbayevin heykəli uçurulur
Nursultan Nazarbayevin heykəli uçurulur

Politoloq hesab edir ki, Rusiya postsovet məkanında mövcudluğunu avtoritar liderlərin hesabına saxlayır.

“Buna görə də Ukraynadan sonra Qazaxıstanda da avtoritar hakimiyyətin devrilməsi Rusiya üçün fəlakət demək olardı. Ancaq bütün bunlar müvəqqətidir. Rusiya postsovet respublikalarının azadlıq uğrunda mübarizəsinin qarşısını almaq, avtoritar liderləri əbədi olaraq rus süngüsünün üzərində saxlamaq qüdrətinə malik deyil. Belə görünür ki, Məhəmməd Nəcibullanın (Əfqanıstanın keçmiş lideri nəzərdə tutulur-red.) taleyi rus süngüsü üzərində hakimiyyət qurmağa çalışanlara dərs olmayıb,” o qeyd edib.

Anar Məmmədli: Rus əsgərləri peyda olan kimi qəzəblənmiş kütlə onlara qarşı müqavimətə başlayıb

ABŞ-ın Sirakuz Universitetinin Maksvel Məktəbinin İctimai İdarəçilik üzrə məzunu Anar Məmmədli hesab edir ki, Tokayev hökuməti etiraz qruplarının fəalları və hüquq müdafiə təşkilatları ilə təmaslardan yayınaraq, etirazların güc yolu ilə dağıdılması yolunu tutub.

Bu böhrandan çıxış yolu isə xaricdən ordu gətirib ölkədə Almatı-1986, Bakı-1990 və ya Vilnus-1991 yaşatmaq deyil. Yaranmış situasiyada Kremlin və indiki Tokayev rejimin qazancı uzunmüddətli ola bilməz.
Anar Məmmədli, ekspert

“Bu gün səhərə yaxın Almatıda hökumət nəzarətini tam təmin edə bilib. Buna baxmayaraq, KTM təşkilatına üzv ölkələr (Qırğızstan xaric) “sülhyaratma” missiyası adı ilə ölkəyə dəvət edilib. Və rus əsgərləri peyda olan kimi qəzəblənmiş kütlə onlara qarşı müqavimətə başlayıb. Bu onun göstəricisidir ki, Tokayev-Nazarbayev rejimi öz ordusu və polisinə etibar etmir.”

Onun fikrincə, Almatıda nəzarət saxlamaqla siyasi böhran bitmir.

“Bu böhrandan çıxış yolu isə xaricdən ordu gətirib ölkədə Almatı-1986, Bakı-1990 və ya Vilnus-1991 yaşatmaq deyil. Yaranmış situasiyada Kremlin və indiki Tokayev rejiminin qazancı uzunmüddətli ola bilməz. Əvvəla, bu olay KTMT-yə repressiv regional qurum imici verdi. Soyuq müharibə dövründə Varşava Paktı kimi. Çox güman ki, bu olaylara görə sanksiyalar olarsa, Qərbin maliyyə və siyasi dəstəyindən asılı olan Qırğızstanla Ermənistan yaxın illərdə bu qurumu tərk edəcək.”

Ekspert hesab edir ki, Tokayev davranışına görə uzunmüddət hakimiyyətdə qala bilməz.

Qazaxıstanda etiraz
Qazaxıstanda etiraz

“Çox güman ki, Kreml Vəzirov (1988-1989-cu illərdə Azərbaycan Kommunist Partiyasının birinci katibi olmuş Əbdürrəhman Vəzirov nəzərdə tutulur-red.) kimi onu da çəkib yanına aparacaq. Ümumiyyətlə, hazırda rus əsgərlərini qəzəblə qarşılayan əhalinin nifrəti qarşısında Tokayevlərin gələcəyi sual altındadır.”

Məmmədli hesab edir ki, olaylara hələlik seyrçi qalan ABŞ, Böyük Britaniya və Avropa Birliyi ölkələrindən gözlənti təcili olaraq həm Qazaxstanda insan hüquqlarının kobud pozulması, həm də KTMT-nin BMT Nizamnaməsinə zidd şəkildə bir ölkənin suveren hüquqlarını tapdalamasına münasibət bildirməsidir.

“Elə bir yanaşma seçilməldir ki, Qazaxstandakı indiki rejim başda olmaqla ölkəyə qoşun yeridən ölkələr hərbi, siyasi və maliyyə sanksiyaların;n hədəfinə çevrilsin,” o, Facebook səhifəsində qeyd edib.

Əli Kərimli: Rusiyanın Qazaxıstanı, bütövlükdə MDB məkanını itirməsi labüddür

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli bildirib ki, Rusiyanın hazırda Qazaxıstanda müxtəlif statuslu 4 hərbi bazası var.

“Qazaxıstanın 11 milyon hektar ərazisi bu gün də Rusiyaya tərəfindən hərbi məqsədlərlə istifadə olunur, Rusiyanın uzunmüddətli icarəsindədir. Adama deyərlər ki, Rusiya xarici ölkədə 10 minlərlə (bəlkə də 100 minlərlə) insanı eyni vaxtda ölkə boyu ayağa qaldırıb ölümə, qarşıdurmaya apara biləcək gücdədirsə, nəyə görə həmin əməliyyatı qat-qat balaca olan Ermənistanda, Gürcüstanda, Moldavada edə bilmir? Axı bu balaca dövlətlər Qazaxıstandan fərqli olaraq Rusiyaya qarşı ortaya mövqe qoyur, ona ciddi problemlər yaradır. Balaca Gürcüstan Avropa Birliyinə və NATO- ya, balaca Moldova Avropa Birliyinə üzvlüyə hazırlaşır. Rusiya xüsusi xidmət orqanları xarici ölkədə belə kütləvi xaos yarada bilirsə, nəyə görə bu xaosu, qarşıdurmanı rəsmən düşmən elan etdiyi Ukraynada yox, onsuz da bir sözünü iki etməyən Qazaxıstanda edir?” o bununla Azərbaycanda hökumətyönümlü şərhçilərin Qazaxıstandakı böhranı Rusiyanın törətməsi barədə fikirlərinə münasibət bildirib.

Nəticəsinin necə olacağından asılı olmayaraq Qazaxıstanda baş verən sosial partlayışdır. 30 il davam etmiş avtoritar rejimə, hüquqsuzluğa, soyğunçuluğa, təbəqələşməyə xalqın kortəbii etirazıdır.
Əli Kərimli, AXCP sədri

Kərimli hesab edir ki, Qazaxıstanda baş verənləri idarəçiliyin böhranı kimi deyil, xaricdən idarə edilən böhran kimi təqdim edənlər yanılır.

“Aydındır ki, rejim xidmətçiləri yalan danışırlar. Xidmət etdikləri rejimə bu şəkildə qulluq edirlər. Xalqa təlqin edirlər ki, siz heç kimsiniz. Rejim, uzaqbaşı onun arxasında olan Rusiya isə hər şeyə qadirdir. Haqqınızı tələb etmək barədə isə qətiyyən düşünməyin.

Nəticəsinin necə olacağından asılı olmayaraq Qazaxıstanda baş verən sosial partlayışdır. 30 il davam etmiş avtoritar rejimə, hüquqsuzluğa, soyğunçuluğa, təbəqələşməyə xalqın kortəbii etirazıdır. Zorakılıq səhnələri, mağazaların, bankların qarət edilməsi isə sosial partlayışın yan təsirləridir. Bəs illərdir nə deyirik? İllərdir hakimiyyəti başa salmağa çalışırıq ki, güclü, təşkilatlanmış müxalifətin mövcudluğu hər bir ölkə üçün şansdır, uğurdur, hakimiyyət dəyişikliyinin qansız-qadasız gerçəkləşdirilməsinin əsas şərtidir. Müxalifəti məhv etməyin alternativi hər zaman sosial partlayış və xaosdur. Dediklərimiz Qazaxıstanda növbəti dəfə təsdiq olunur,” o qeyd edib.

Qazaxıstanda etiraz
Qazaxıstanda etiraz

AXCP sədri Rusiyanın Qazaxıstana qoşun yeritməklə növbəti dəfə səhvi etdiyini düşünür.

“Onun Qazaxıstana ordu yeritməsi yalnız ilk baxışda uğurdur. Əslində isə Pirr qələbəsidir və nəticələri uzunmüddətli perspektivdə Rusiya üçün ağır olacaq. Rusiyanın Qazaxıstana ordu yeritməsi bütün MDB məkanında avtoritar rejimlərin taktiki uğuru kimi görünsə də, strateji olaraq səhvdir. Bu davranışla Rusiyanın Qazaxıstanı da, bütövlükdə MDB məkanını da itirməsi labüddür və sadəcə zaman məsələsidir,” o qeyd edib.

Elman Nəsirov: Azərbaycan xalqı öz prezidenti ətrafında monolit birlik nümayiş etdirir

Yeni Azərbaycan Partiyasının üzvü, Milli Məclisin deputatı Elman Nəsirov Turan agentliyinə Qazaxıstanda baş verən prosesləri qiymətləndirərkən bildirib ki, Azərbaycanda bu hadisələr baş verə bilməz.

"Azərbaycanda olan müəyyən radikal qruplaşmalar bu prosesdən ruhlanmışdılar, sevinirdilər, ümid edirdilər ki, Azərbaycanda da etiraz dalğası yaranacaq və inqilab yaşanacaq."

Ancaq onun fikrincə, Azərbaycanı başqa postsovet ölkələrlə müqayisə etmək yanlışdır.

Azərbaycanda ilk dəfə deyil ki, belə cəhdlər baş verir. Belə cəhdlər 2011-ci ildə "ərəb baharı" zamanı, 2014-də Ukraynadakı məlum "narıncı inqilab" fonunda olmuşdu, amma hamısı iflasa uğramışdı. Çünki Azərbaycanda belə eksperiməntlər üçün heç bir şərait yoxdur.
Elman Nəsirov, Milli Məclisin deputatı

"Azərbaycanda ilk dəfə deyil ki, belə cəhdlər baş verir. Belə cəhdlər 2011-ci ildə "ərəb baharı" zamanı, 2014-də Ukraynadakı məlum "narıncı inqilab" fonunda olmuşdu, amma hamısı iflasa uğramışdı. Çünki Azərbaycanda belə eksperiməntlər üçün heç bir şərait yoxdur."

Deputat qeyd edib ki, Azərbaycanda ictimai-siyasi sabitlik hökm sürür.

"Azərbaycan xalqı öz prezidenti ətrafında monolit birlik nümayiş etdirir. 30 illik işğala Azərbaycan prezidentinin formalaşdığı ordu tərəfindən son qoyuldu. Xalq öz prezidentini qəhrəman sayır və prezident xalqın mənafeyindən irəli gələn siyasət həyata keçirir, çoxsaylı islahatlar paketi həyata keçirir. Ona görə də antiazərbaycan dairələrin niyyətləri ürəyində qalacaq," Nəsirov qeyd edib.

XS
SM
MD
LG