Pentaqon rəsmiləri bildirib ki, hazırda kürd döyüşçüləri Suriyanın Kobani şəhərinin 90 faizinə nəzarət edir.
İslam Dövləti qrupuna qarşı beynəlxalq koalisiyaya başçılıq edən ABŞ Mərkəzi Komandanlığı döyüşçüləri təbrik edərək, yaraqlıların Kobanini itirməsini qrup üçün məğlubiyyət adlandırıb.
ABŞ-ın hava hücumu ilə dəstək alan kürd döyüşçülər Kobanini ələ keçirmək üçün aylardır mübarizə aparır. Kobani şəhəri Suriya və Türkiyə sərhədi yaxınlığında yerləşdiyi üçün şəhərə nəzarət edən tərəf həm də sərhəd keçid məntəqəsinə nəzarət etmiş olur.
Kobani şəhərinin böyük hissəsi viran qalıb. Kürd rəsmiləri evsiz qalan minlərlə insanın xəstəxana, su, enerji və qidanın çatışmazlığından da əziyyət çəkdiyini bildirib.