Accessibility links

'...Redaksiyalara qutularda yemək göndərilirdi'


Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) 11 illik fəaliyyəti dövründə 20 milyondan artıq mənimsəmə və israfetmənin bir hissəsi restoranlarla bağlıdır. İddia olunur ki, Fondun restoranlarda keçirdiyi tədbirlər zamanı qonaq sayı və qiymətlər şişirdilib, nəticədə külli miqdarda yeyinti olub. Fondun sabiq icraçı direktoru Vüqar Səfərli ilə birlikdə mühakimə olunanların bir neçəsi də restoranların idarəediciləridir.

"Elə içkilər istəyirdilər ki, menyuda olmurdu"

"Xəmsə" restoranının icarədarı olan Bəxtiyar Fətullayev noyabrın 18-də məhkəmədə bildirib ki, özünü qətiyyən təqsirli bilmir. Onun sözlərinə görə, Fondun keçirdiyi tədbirlərin görünməyən tərəfləri də vardı: "Elə redaksiyalar vardı ki, tədbirdən sonra onlar üçün qutularda yemək göndərilirdi. Qonaqlar arasında hörmətli adamlar olurdu, elə içkilər istəyirdilər ki, menyuda olmurdu. "Yox" deyə də bilmirdik. Məcbur olub tapıb verirdik. Texniki işçilər, gələn qonaqların sürücüləri üçün ayrıca yer olurdu, masa açılırdı...".

Ona istintaq dövründə məlum olub ki, Fond adambaşına 60 manatdan baha menyu ilə tədbir keçirə bilməzdi. Ona görə də 2020-ci ilin mayında Fonddan aldıqları pulun bir hissəsini geri qaytarıblar.

"Məni Vüqar Səfərli, Təhminə Yaqubova ilə əlbir olmaqda ittiham edirlər. Amma mən Təhminə xanımı məhkəmədə görmüşəm. Vüqar Səfərli ilə heç vaxt tədbirdən əvvəl və ya sonra söhbətim olmayıb. Nə üzləşmə keçirilib, nə sübut var. Ehtimalla insanı təqsirli sayırlarsa, onda gərək ölkədə təqsirsiz adam qalmasın", təqsirləndirilən Fətullayev belə deyib.

"Ayaqüstə olanlar..."

"Altun" sarayının inzibatçısı işləmiş Şahin İbrahimov da özünü təqsirli bilmir: "Prezidentin köməkçisi səviyyəsində təşkil olunan tədbirlər idi. İcra başçısı, nazirlər, deputatlar, səfirlər iştirak edirdi. Tədbirin rəsmi hissəsi bitəndən sonra ayaqüstə olanlar, texniki işçilər üçün 80-100 nəfərlik masa açılırdı. Bütün bunlar nəzərə alınmayıb".

Beləliklə, KİVDF-dəki yeyintilərlə bağlı təqsirləndirilən 11 nəfərin dindirməsi yekunlaşıb.

Məhkəmə prosesi noyabrın 23-də şahid ifadələri ilə davam edəcək.

Xatırlatma

Vüqar Səfərli 2009-cu ildə KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu yaranandan 2020-ci ilə qədər bu qurumun icraçı direktoru vəzifəsində çalışıb. 2021-ci ilin yanvarında həbs olunan Səfərli və daha 10 nəfərin işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır. Ona qarşı CM-in 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və başqa maddələri ilə ittiham irəli sürülüb. Bu maddələrdə 14 ilə qədər həbs cəzası nəzərdə tutulub. Səfərli də daxil olmaqla, məhkəmə önünə çıxarılanların heç biri özünü təqsirli bilmir.

XS
SM
MD
LG