Belə görünür ki, Texas kilsəsində 26 adamı öldürmüş hücumçunun motivləri həyat yoldaşının qohumları ilə mübahisədən qaynaqlanıb. Hücumdan bir qədər öncə onun öz qayınanasına hədələyici tekst-mesajlar göndərdiyi məlum olub.
“Bu mənasız bir cinayətdir, amma sizə deyə bilərik ki, hadisə ailə-məişət problemləri zəminində baş verib,” deyə Texas İctimai Təhlükəsizlik rəsmisi Freeman Martin bildirib.
Bu arada təhqiqatçılar ABŞ hava qüvvələrindən tərxis olunmuş 26 yaşlı Devin Kellini cinayətə sürükləyən səbəbləri ətraflı araşdırmaqda davam edirlər.
Bunun irqi, yaxud dini motivi yoxdur. Ailə və xanım qohumları ilə problemlər olub.
Kellinin Texasın Sutherland Springs qəsəbəsindəki Birinci Baptist Kilsəsinə hücumu 26 adamıın ölümünə və 20 adamın yaralanmasına bais olub.
Martın deyib ki, Kellinin xanım tərəfdən qohumları arabir kilsə mərasimlərində iştirak ediblər. Ancaq həmin gün onlar kilsəyə gəlməyiblər.
“Bunun irqi, yaxud dini motivi yoxdur. Ailə və xanım qohumları ilə problemlər olub,” Martin deyib.
Texas rəsmiləri Kellinin silah almaq üçün müraciətini rədd ediblər. Lakin Martin Kellinin "Ruger 556" markalı avtomat silaha malik olduğunu və maşından əlavə iki silah tapıldığını bildirib.
Təhqiqatçılar Kellinin qətliam yerindən qaçdıqdan sonra özünü güllə ilə vuraraq öldürdüyünü deyirlər.
Qətliamın qurbanları sırasında 5 yaşlı uşaqdan tutmuş 72 yaşlı kişiyədək müxtəlif yaşlı insanlar var.
Qəsəbə San Antonio şəhərindən 50 kilometr məsafədə yerləşir.
Prezident Donald Tramp baş verənəri “şər əməli” adlandırıb. O, bütün federal binalarda ABŞ bayrağının matəm əlaməti olaraq yarıya endiriməsinə göstəriş verib.
Texas Qubernatoru Qreq Abbott qətliamı Texas tarixinin ən qanlı atışması kimi təsvir edib.