bakının Səbail Rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçmiş müdafiə naziri Rəhim Qazıyevin ev dustaqlığına buraxılması barədə vəsatəti təmin etməyib.
Bu barədə Amerikanın Səsinə sabiq nazirin yaxınları məlumat verib.
Məhkəmədə Rəhim Qazıyevin vəkili vəsatəti onunla əsaslandırıb ki, müdafiə etdiyi şəxsin 78 yaşı var, hazırda pandemiya ərəfəsində sərhədlər bağlıdır və heç bir yerə qaça bilməz, yaşadığı yer məlumdur və buna görə istintaqdan yayınmaq niyyəti yoxdur. Bundan əlavə vəkil deyib ki, Qazıyevin səhhətində problemlər var.
Məhkəmədə iştirak edən Dövlət Təhlükəsizliyi Xidmətinin müstəntiqi Rəhim Qazıyevin ev dustaqlığına buraxılması üçün heç bir əsas olmadığını və o azadlıqda olacağı təqdirdə şahidlərə təsir edə biləcəyini qeyd edib.
Məhkəmə sonda Rəhim Qazıyevin ev dustaqlığına buraxılması barədə vəsatəti təmin etməyi məqsədəuyğun hesab etməyib.
Məhkəmədə Qazıyevin özü də iştirak edib. Sabiq nazir bildirib ki, ona verilən dövlət əleyhinə açıq çağırışlar və təxribat törətmə ittihamları absurddur.
Sabiq nazirin yaxınları bildirib ki, qərardan apellyasiya şikayəti veriləcək.
Rəhim Qazıyev iyulun 13-də Cinayət Məcəlləsinin 281-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 282-ci (Təxribat) maddələri ilə başlanılmış cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb.
Bununla bağlı Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun Mətbuat xidmətləri birgə məlumat yayıb.
Məlumatda deyilir ki, 2020-ci il iyulun 12 və 13-də sabiq müdafiə naziri Rəhim Qazıyevin Azərbaycan-Ermənistan sərhədində düşmənin təxrtibatları ilə bağlı döyüş əməliyyatlarının aparıldığı və bu barədə Müdafiə Nazirliyi tərəfindən ictimaiyyətə müntəzəm rəsmi məlumatlar verildiyi bir vaxtda, məqsədyönlü şəkildə sosial şəbəkələr vasitəsi ilə hadisələrin mahiyyəti barədə aşkar surətdə həqiqətə uyğun olmayan xəbərlər yayıb Azərbaycanın müdafiə qabiliyyətini zəiflətməyə yönələn hərəkətlər edərək, insanları iğtişaşlara, dövlət hakimiyyətini zorla ələ keçirməyə açıq çağırışlar etməklə təxribat törətməsinə əsaslı şübhələr müəyyən olunub.
İyulun 14-də Səbail Rayon Məhkəməsi Rəhim Qazıyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.
Rəhim Qazıyev 1992-ci ilin martından 1993-cü ilin fevralınadək Azərbaycanın müdafiə naziri olub. O, 1993-cü ildə Şuşanın işğalında və vətənə xəyanətdə ittiham edilib, barəsində ölüm hökmü çıxarılıb. Sonradan ölüm cəzası ömürlük həbslə əvəz edilib. 2005-ci ildə prezident İlham Əliyevin əfv fərmanı ilə azadlığa buraxılıb.
Rəhim Qazıyev hazırda iqtidara qarşı kəskin tənqidi mövqedən çıxışlar edir.