Accessibility links

Siyasi portret: ABŞ-ın yeni Dövlət Katibi Con Kerri


ABŞ-ın yeni Dövlət katibi Con Kerri Amerikanın baş diplomatı kimi rəsmən vəzifəsinin icrasına başlayıb. Dövlət Departamentinin işçiləri bazar ertəsi günü birinci dəfə işə gələn Con Kerrini alqışlarla qarşılayıb. Massaçusets ştatından senator Dövlət katibi kimi Dövlət Departamentində keçirilmiş mərasim zamanı cümə günü and içib.

Yeni Dövlət katibi kimi Con Kerri şənbə və bazar günləri dünya liderlərinə telefon zəngləri edib. Dövlət Departamentinin verdiyi məlumata görə, bazar günü Con Kerri İsrailin Baş naziri Benyamin Netanyahu və Fələstin Muxtariyyətinin lideri Mahmud Abbasa zəng edib. O hər iki liderlə telefon söhbəti zamanı Yaxın Şərqdə sülhə nail olunmasının şəxsən tərəfdarı olduğunu bildirib.

Dövlət Departamenti Con Kerrinin həmçinin Türkiyə, Kanada və Meksikanın xarici işlər nazirlərinə zəng etdiyini bildirib.

Con Kerri yeni dövlət katibi kimi Yaponiyanın Xarici İşlər naziri Fumio Kişida və Cənubi Koreyanın Xarici İşlər naziri Kim Sunq-hvanla da telefon söhbəti aparıb. Hər üç ölkənin xarici işlər naziri Şimali Koreyanın şimal-şərqi Asiyada təhrikçi davranışı davam etdirdyi halda, bunun nəticələri ilə qarşılaşacağını anlamalı olduğu məsələsində razılıq əldə edib.

Con Kerri özündən əvvəlki dövlət katiblərinə də zəng edərək, onlardan məsləhət alıb.

Dövlət Departamentinin işçiləri ilə görüşü zamanı Con Kerri dünya ölkələrində diplomatik personalın təhlükəsizliyini əsas prioritetlərdən biri etməyə söz verib. O, atası ABŞ diplomatı olarkən Berlində keçirdiyi gənclik illərini xatırlayaraq, sovet işğalı altında olan Şərqi Almaniyada həyatla tanış olduqdan sonra azadlığın nə qədər önəmli olduğunu baş düşdüyündən danışıb.

Diplomat ailəsində böyüyən Con Kerri 1966-cı ildə Yel iniversitetinin bitirib və Vyetnam müharibəsində iştirak edib. Müharibə dövrü göstərdiyi şüacətə görə o, medalla (Purple Hearts) təltif edilib. Hərbi xidmətdən qayıtdıqdan sonra Con Kerri ölkədə müharibə əleyhdarı kimi nitqləri ilə tanınıb.

O, 1976-cı ildə Boston kollecində hüquqşünaslıq dərəcəsi alıb, 1982-ci ildə isə Massaçusets ştatının vitse-qubernatoru seçilib.

ABŞ Senatına ilk dəfə 1984-cü ildə seçilən Con Kerri Xarici Əlaqələr Komitəsinin sədri olub. Senator olduğu dövrdə Con Kerri ermənilərin iddia etdiyi soyqırımın tanınmasına dəstək bildirərək, bununla bağlı qətnamələrin hazırlanmasında iştirak edib. Amerikada ən böyük erməni icmalarından biri Con Kerrinin təmsil etdiyi Massuçests ştatındadır.

Con Kerri 1992-ci ildə ABŞ-ın Azərbaycana birbaşa yardımına qadağan qoyan Azadlığı Müdafiə Aktına 907-ci düzəlişin Senatda təsdiq edilməsi istiqamətində səylərə rəhbərlik edib. 2012-ci ildə Senator Kerri Azərbaycan prezidenti İlham Əliyevin Ramil Səfəri əfv etməsini pisləyib və bunun kövrək sülhü təhlükə altına aldığını deyib.

2010-cu ildə Xarici Əlaqələr Komitəsində Metyu Brayzanın ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə nominasiyası ilə bağlı dinləmələrdə Con Kerri komitənin iki üzvü, onun partiyadaşları olan Nyu Cersi senatoru Robert Menendes və Kaliforniya senatoru Barbara Bokserin etirazlarına və daha sonra nominasiyanı blok etmələrinə baxmayaraq, Brayzanın namizədliyini dəstəkləmişdi.

Xarici Əlaqələr Komitəsində səfir Riçard Morninqstarın təsdiqi ilə bağlı dinləmələr zamanı açılış nitqinqə Con Kerri onun tez zamanda təsdiq olunmasını çağırmış, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əhəmiyyətini qeyd etmişdi.

2004-cü ildə ABŞ prezident seçkilərində Demokrat partiyasından rəsmən namizəd olmuş Con Kerri Corc Buşa məğlub olmuşdu. O, kampaniyası dövrü prezident Corc Buşun administrasiyasını İraq müharibəsi ilə bağlı kəskin tənqidlərə məruz qoymuşdu.

Con Kerri ABŞ Dövlət katibi vəzifəsində Hillari Klintonu əvəz edir.
XS
SM
MD
LG