ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri Keri Kavano Amerikanın Səsinə müsahibədə Dağlıq Qarabağdakı son vəziyyəti, Minsk Qrupunun gələcək aqibəti və Bayden administrasiyasının Cənubi Qafqaz siyasətini şərh edib.
Amerikanın Səsi: Dağlıq Qarabağda müharibənin başlamasından bir il keçir. Minsk Qrupunun keçmiş həmsədri və oradakı vəziyyətlə yaxından tanış olan biri olaraq, indi vəziyyət nə yerdədir?
Keri Kavano: Məncə oradakı vəziyyət çox vacib bir yol kəsişməsindədir. Mənim əsas narahatlığım, sizin də qeyd etdiyiniz kimi, odur ki, artıq bir il keçib və bu son 12 ay ərzində sülh prosesində heç bir irəliləyiş olmayıb. Biz bilirik ki, atəşkəs razılığına əsasən, regiona beş il müddətində Rusiya sülhməramlıları yerləşdirilib. Və bir müsbət tərəfi o oldu ki, döyüşlərə son qoyuldu, döyüşlərin artmasının qarşısı alındı.
Üçüncüsü də hərtərəfli sülh razılığı üzərində işləməyimiz üçün real fürsət oalraq görəcəyimiz beş illik bir müddət yarandı ki, münaqişə və yaxud sərhədlərin dəyişdirilməsi kimi məsələlər müzakirə olunmasın və əvəzində iki rəhbərlik arasında hər kəsin xeyrinə olacaq razılıq, kompromis, siyasi həll yolu tapmaq üçün həqiqi dialoq aparılsın.
Biz görürük ki, artıq bir il ötüb və Qafqazda vaxt uçur. Amma mən həmçinin qeyd etmək istəyirəm ki, məncə indi hər iki tərəfin lideri gələcək addımları nəzərdən keçirir. Mən Prezident Əliyevin Fransada verdiyi müsahibəni görəndə çox şad oldum, çünki o açıq şəkildə bildirdi ki, Minsk Qrupunun onunla Paşinyan arasında görüş təşkil etməsinə qarşı çıxmaz. Ötən həftə də Nyu Yorkda BMT-nin Baş Assambleyası çərçivəsində iki ölkənin xarici işlər nazirlərinin görüşü oldu. Yəni görürük ki, dialoq aparmaq istəyi var. Və ən azından Prezident Əliyevin açıqlamasından belə görünür ki, o, prosesi yenidən başlatmağa açıqdır. Və fikrimcə Minsk Qrupunun üç həmsədr ölkəsi də bu öhdəliyi bölüşür.
Amerikanın Səsi: ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin birinci müavini Derek Hoqan və Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Amanda Sloat sentyabrın 27-də ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb. Onlar vurğulayıb ki, yalnız həll edilməmiş bütün problemləri həll edən əhatəli razılıq hər iki ölkə arasında münasibətləri normallaşdıra və region xalqlarının birlikdə sülh içində yaşamasına imkan verə bilər.” Bu problemlər nədir və onları necə həll etmək olar?
Keri Kavano: Uzun zamandır müzakirə masasında olan məsələlər. Bunlardan biri Dağlıq Qarabağda yaşayan insanların statusudur. Məncə bu əngəldir. Prezident Əliyev gələcək sülh razılığı üzərində işləməyə hazır olduğunu bildirsə də, hələ ki, bu məsələni həll etməyə açıq olduğuna işarə etməyib. Əslində o dəfələrlə deyib ki, döyüşlər nəticəsində bu məsələ həll olundu. Amma bu doğru deyil. Məncə həqiqət budur ki, hər iki tərəfdəki əhalinin qəbul edəcəyi bir siyasi həll yoluna ehtiyac var və regionun gələcəyi də bundan asılı olacaq. Davamlı olaraq irredentist iddialar, əhaliyə qarşı pis rəftar iddiaları irəli sürmək olmaz. Bir də keçmişdə olan və indi yenidən aktuallıq qazanan hərbi əsirlər və məhbusların qaytarılması məsələsi var.
Bunlar həllin bir parçası olmalıdır. Bunlar Rusiyanın vasitəçilik etdiyi atəşkəsə daxil edilsə də, həll olunmayıblar. Bunlar Ermənistanla Azərbaycan arasında qıcıqlanma nöqtəsidir və bütün dünya bunu izləyir, çünki onlar həmin şəxslərə qarşı rəftardan narahatdırlar. Bu, döyüşlərdən əmələ gələn məsələdir. Bir digər məsələ, keçmişdə də Minsk Qrupu tərəfindən sülh danışıqlarının bir hissəsi olaraq müzakirə olunan yenidənqurma, kompensasiya, iddialar məsələsidir. Minsk Qrupunun daha öncə üzərində işlədiyi razılıqlarda bu məsələyə yönəlmiş müddəalar olub. Bunlar böyük suallardır və məncə hər iki rəhbərliyin danışıq masasına dönüb daha asan həyata keçirilə və qəbul edilə bilən bir paket hazırlaması mümkündür. Amma bunu təkcə iddialar və ictimai çıxışlarla, “Siz bizim abidələrimizi sökürsünüz. Siz bu kəndi yandırmısınız, döyüş zamanı mənim Qarabağda deyil, Ermənistanın şimalındakı kəndim dağıldı” deməklə etmək olmaz. Razılıqlarda bu məsələlər kənara atılır. Fikrimcə cənuba aparan yol, hərəkətin azad axınına icazə verməmək və bunun kimi razılığa daxil edilə biləcək asan məsələlər həll oluna bilər, və hər iki tərəf dialoqa konstruktiv bir şəkildə yanaşsa, həll olunar da.
Fikrimcə Amerika rəsmilərinin verdiyi mesaj da dəqiq idi. Bu proses yenilənməli və bu məsələlər həll olunmalıdır. Mən həm də bu həftə ABŞ Senatının Karen Dandfordu dövlət katibinin Avropa məsələri üzrə yardımçısı vəzifəsinə təsdiqləməsinə görə şad oldum. Məncə bu Amerika hökumətindəki oyunçulara bu məsələdə müsbət rol oynamağa imkan yaradacaq. Biz bilirik ki, Senatda Prezident Baydenin səfir təyinatlarının təsdiqlənməsi məsələsində bir blokada yaşanır.
Mən Minsk Qrupunun həmsədri ilə bağlı uzunmüddətli planın nə olduğunu bilmirəm, amma mümkündür ki, səfir vəzifəsində çalışan biri həmin vəzifəyə təyin olunsun. Biz bu yaxınlarda Rusiya həmsədrinin də dəyişdiyini gördük. Səfir Popov uzun zaman idi bu vəzifədə idi və əslində çox yardımçı olub, gözəl təcrübələr irəli sürmüşdü, amma məncə Moskvanın çatdırmaq istədiyi mesaj bu idi ki, “Bu məsələ hələ də aktual və vacibbir və bizə bu prosesi irəlilətməyə yardım edəcək biri lazımdır.”
Zənnimcə Dövlət Departamenti və Milli Təhlükəsizlik Şurasının söylədikləri də eynidir. Birləşmiş Ştatlar bunu irəliləyiş əldə etmək üçün prosesin əsas hissəsi olaraq görürür və bu proses dəyişdirilənədək tərəflər və beynəlxalq ictimaiyyətdəki digərləri prosesi dəstəkləyə bilər. Məncə bu mexanizm hələ ki, qalır.
Amerikanın Səsi: Son hadisələri nəzərə alsaq, ATƏT-in Minsk qrupunun gələcəkdə rolu necə olacaq? Qrup öz aktuallığını qoruyub saxlayacaqmı?
Keri Kavano: Məncə saxlaya bilər. Bir çox şey tərəflərin hazırda müzakirə etmək istədiklərindən asılıdır. Biz keçmişdə də, Prezident Əliyevin Fransaya müsahibəsində də dediyi kimi, onun Minsk Qrupunun Paşinyanla görüş təşkil etməsinə qarşı çıxmadığını dediyinə şahid olmuşuq. Məncə o birbaşa olaraq belə bir görüş təşkil etməyə hazır deyil. Minsk Qrupu vasitəçilərin etdiyini edə bilər. Minsk Qrupu bir vasitəçidir, onlar bunun məsuliyyətini üzərlərinə götürə bilərlər, çünki müstəqil bir şəkildə hər iki tərəfi bir araya gətirə bilərlər ki, bu konstruktivdir. Minsk Qrupu həmsədr ölkələrdirlər və bunu ya Minsk qrupunun həmsədrləri, yəni elçilər ya da həmsədr ölkələrinin liderləri təşkil edə bilər. Məsələn biz Prezident Putinin bunu etdiyini görmüşük. Bu, təkcə Rusiya belə istədiyi üçün olmadı, Rusiya Minsk Qrupunun həmsədr ölkəsi olduğu üçün oldu və Minsk Qrupu prosesinin bir hissəsi kimi baş tutdu.
Amerikanın Səsi: Bayden administrasiyasının Cənubi Qafqaz siyasəti nədir? ABŞ-ın Ermənistanla Azərbaycan arasında sülh qurma səylərində daha çox iştirak etməsini gözləmək olarmı?
Keri Kavano: Məncə gözləmək olar. Daha öncə də qeyd etdiyim kimi, zənnimcə, problem Prezident Baydenin namizədlərinin təsdiqlənməsindəki ləngimədir. Bunun nə dərəcədə mühüm olduğunu çatdırmaq çətindir.
Bir həftə öncə Prezident Baydenin nominasiya etdiyi iki səfir təsdiq olunub və vəzifəsinin icrasına başlayıb. Amma bu rəqəm 80,90 olmalıdır və Vaşinqtonda siyasəti formalaşdırmaq üçün bütün oyunçular işlərinin başında olmalıdırlar. Bu səbəbdən də, dediyim kimi, Dövlət Departamentində Avropa məsələləri üzrə katib yardımçısının təsdiqlənməsi çox vacib idi. Eyni zamanda da siyasəti həyata keçirmək də bir o qədər vacibdir. Biz şanslıyıq ki, qısa müddət öncə Qafqaza səfirlər göndərilib və Bakı, Yerevan və Gürcüstanda tam səlahiyyətli səfirlər xidmət edir.